Müəllimlər dərsləri iyunun 14-dək dartıb uzatmalı olduqlarından çıxış yolunu şagirdlərə ev tapşırıqları verməkdə görür. Amma özlərini əziyyətə salıb tapşırıqları yoxlamırlar
Dərs keçən yoxdur
Uşaqlar məktəbə boşu-boşuna gedir
Müəllimlər dərsləri iyunun 14-dək dartıb uzatmalı olduqlarından çıxış yolunu şagirdlərə ev tapşırıqları verməkdə görür. Amma özlərini əziyyətə salıb tapşırıqları yoxlamırlar
Müəllimlər dərsləri iyunun 14-dək dartıb uzatmalı olduqlarından çıxış yolunu şagirdlərə ev tapşırıqları verməkdə görür. Amma özlərini əziyyətə salıb tapşırıqları yoxlamırlar
Tədris ili hələ başa çatmayıb, amma məktəblərdə davamiyyət xeyli zəifləyib. Bu, təkcə, tədris ilinin uzun-uzun illər mayın 25-də bitməsi psixologiyasına söykənmir. Müasir uşaqların mayın 25-i söhbətindən heç xəbərləri yoxdu. Məsələ burasındadır ki, tədris ilinin başa çatması tarixi rəsmən iyunun 14-ü təsdiqlənsə də, tədris proqramı bu tarixə uyğunlaşdırılmayıb. Belə görünür. Çünki məktəblərdə dərs keçilməsi adında bir şey qalmayıb. Uşaqlar çantalarını yelləyə-yelləyə məktəbə gedir, 1-2 dərsdən sonra çıxıb evə gəlirlər və deyirlər ki, dərsimiz olmadı. Bir-iki gün əvvəl 6-cı sinfi bitirmək üzrə şagirdin axşam saatlarında yorğun-yorğun tapşırıq yazdığına şahid oldum. «Niyə belə gec saatda tapşırıq yazırsan» sualıma uşaq yazıq-yazıq «o qədər tapşırıq verirlər ki, çatdıra bilmirəm.
Tapşırıq verirlər, amma yoxlamırlar». Bu qənaətə gəldim ki, müəllimlər dərsləri iyunun 14-dək dartıb uzatmalı olduqlarından çıxış yolunu şagirdlərə ev tapşırıqları verməkdə görür. Amma özlərini əziyyətə salıb tapşırıqları yoxlamırlar; onsuz da tədris ili başa çatır, qalsın sentyabra. Bəs şagirdlər yazıq deyil, onları niyə incidirlər? Tapşırıqları bəri başdan 3-4 aylıq müəyyən etsinlər, uşaq da evdə oturub tapşırıq eləməklə məşğul olsun. Daha boş-boşuna niyə məktəbə çağırıb, geri qaytarırlar?
Təhsil eksperti Kamran Əsədov mövcud durumu yaradan səbəbləri belə izah etdi:
- 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri də buraxılış imtahanlarının tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu. Xatırladım ki, əvvəlki illərdə qəbul imtahanları tədris ili başa çatmamış, may ayında keçirilsə də, buraxılış imtahanları tədris ili başa çatandan sonra, iyun ayında keçirilirdi. Bu ildən etibarən isə həm buraxılış imtahanı, həm də qəbul imtahanı tədris ili başa çatmamış keçiriləcək. Dövlət İmtahan Mərkəzi analoqu olmayan "yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu.
Yəni tədris proqramı tədris ili başa çatmamış ancaq repetitor və hazırlıq kurslarında mümkündür. Vacib bir məqamı qeyd edim ki, buraxılış imtahanındakı test tapşırıqları arasında şagirdlərin orta məktəbdə hələ keçmədikləri, standartların reallaşmadığı dərslərdən də suallar ola bilər. Əvvəlki illərdə biz bunun şahidi olmuşuq. Buraxılış imtahanları tədris ili başa çatmadan aprel ayında, qəbul imtahanları may ayının əvvəlində baş tutdu. Bir də qeyd edim ki, keçənilki imtahanlar göstərdi ki, Dövlət İmtahan Mərkəzi bu ehtimalları hələ də keçirilməyən mövzulardan, reallaşmayan standartlardan imtahan iştirakçılarının bilik və bacarıqlarını yoxlayıb. Belə ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında bütün ixtisas qruplarına daxil olan fənlərdə istifadə olunmuş test tapşırıqlarının azı ikisi imtahana qədər keçirilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır.
Belə olan halda çox maraqlı bir vəziyyət yaranır. Bildiyiniz kimi, bu il 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. 2018-2019-cu tədris ilində isə 19 abituriyent tədris ili başa çatmamış tədris proqramını mənimsəyib 700 bal toplamışdı. Əlbəttə, abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil. Qəbul imtahanlarını tədris ili başa çatmamış təyin edən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir. Burda bir ziddiyyətli məqam da ortaya çıxır. Əgər şagird aprel ayında keçirilən buraxılış imtahanından və may ayında keçirilən qəbul imtahanında yüksək nəticə göstərsə və müsabiqə şərtlərini ödəsə, o, orta məktəbə dərsə getməyə bilər. Çünki o, potensial tələbədir. Ancaq Azərbaycanda bir adam eyni zamanda həm şagird, həm də tələbə ola bilər.
K.Əsədov bildirdi ki, qəbul və buraxılış imtahanlarının tədris ili başa çatmamış keçirilməsi orta məktəblərin 11-ci siniflərində davamiyyətə mənfi təsir göstərə bilər:
- Digər tərəfdən isə son zamanlar şagirdləri məktəbdən və təhsildən uzaqlaşdıran səbəblərdən biri "bunker müəllimləri” və "repetitor” hazırlıqlarıdır. Belə ki, ali məktəblərə hazırlaşan şagirdlərin bir hissəsi məktəb dərslərinin əvəzinə əlavə hazırlıqlara gedir. Düzdür, əlavə hazırlıqların köməyini inkar etmək olmaz, lakin bunun nəticəsi həmişə ürəkaçan olmur. Məktəb direktorlarının müəyyən məbləğ qarşılığı ilə şagirdin dərsə laqeyd yanaşmasına razılıq verməsi onun məktəb dərslərinə vaxt ayırmamasına və məktəbə ancaq dostlarını görməsi üçün getdiyi bir məkan kimi yanaşmasına səbəb olur.
Məlahət Rzayeva