İran BƏƏ-ni ittiham etməkdənsə Trampın Çinə səfərini analiz etməlidir - ŞƏRH

ABŞ müharibədə qalib statusuna layiq görülənədək, hücum planlarını aktiv saxlayacaq

ABŞ-İran-İsrail arasında aprelin 8-də atəşkəs elan olunsa da, müharibənin arxa planında gizli qalan məsələlər ortaya saçılmağa başlayıb. Bu gün Yeni Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin toplantısında İran və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri arasında gərginlik yaranıb.

Xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni İrana qarşı həyata keçirilən əməliyyatlarda birbaşa iştirakda ittiham edib. Onun sözlərinə görə, ABŞ hərbi bazaları və İsraillə ittifaq BƏƏ-nin təhlükəsizliyini təmin edə bilməyəcək. “The Wall Street Journal” qəzetinin yayımladığı məlumatlar da İran rəsmilərinə BƏƏ-ni ittiham etmək üçün əsas yaradıb. Qəzet yazıb ki, BƏƏ İran ərazisinə bir neçə zərbə endirmiş ola bilər. Əbu-Dabinin hücumları sırasında İranın Lavan adasında yerləşən neft emalı zavoduna endirilən zərbənin də olduğu qeyd edilib. BƏƏ və İran arasında çalxalanmaya səbəb olan amillərdən biri də İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlaması oldu. Nazir müharibə dövründə gizli şəkildə BƏƏ-yə səfər etdiyini açıqlayıb. Rəsmi Əbu-Dabi yayılan məlumatı təkzib etsə də, qarşılıqlı etimadsızlıq davam edir.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, ABŞ-nin hərbi bazalarının BƏƏ ərazisində yerləşməsi, onun ABŞ və İsrailə yardım etdiyi anlamına gəlməməlidir: 

“Lakin həmin bazalardan İrana qarşı əməliyyatların aparılması, Körfəz ölkələrini məsuliyyətə cəlb edir. İran bütün istiqamətlərdə Yaxın Şərq ölkələrini bombardman elədi. Hücumlar yalnız hərbi bazalarla məhdudlaşmadı, bəzi mülki ərazilər də zərər gördü. Onlarla dinc əhali, İranın hücumlarının qurbanı oldu. Körfəz ölkələri və beynəlxalq ictimaiyyət Tehrana hücumları sonlandırmaqla bağlı xəbərdarlıq etsə də, dayanmadılar. Yaxın Şərq ölkələri, İrana qarşı koasliya şəklində birləşib, müharibəyə qoşula da bilərdilər. Ancaq bunu etmədilər. Bütün bunlar İran rəsmilərinin diqqətindən qaçmamalıdır”. 

Politoloqun sözlərinə görə, Netanyahunun dediyi fikirlərə istinadən, BƏƏ-ni ittiham etmək olmaz:

“İsrailin məqsədi İrana qarşı strateji üstünlük əldə etmək və qonşu ölkələr arasında parçalanma yaratmaq da ola bilər. İsrail dəfələrlə, Yaxın Şərq ölkələri ilə əlaqələr qurmağa çalışıb. Ancaq müharibə dövründə Netanyahunun BƏƏ-yə səfəri asan məsələ deyil. İsrail rəhbərliyi, raket və dron hücumlarının aktiv olduğu dövrdə, Baş nazirin İrana yaxın ölkələrin ərazisinə, səfər etməsinə icazə verməz”. 

Q.Hüseynli qeyd edib ki, hazırda İran BƏƏ-ni ittiham etməkdən çox, Trampın Çinə səfərindən sonrakı arqumentlərlə maraqlanmalıdır:

“ABŞ prezidenti Çinə səfər edib, qayıtdıqdan sonra İrana qarşı hücumlarını davam etdirəcəyini açıqladı. O, Çindən ABŞ şirkətləri üçün bazarın açılmasını xahiş edib. Görünən odur ki, ABŞ müharibədə qalib statusuna layiq görülənədək, hücum planlarını aktiv saxlayacaq. ABŞ konqresinin səlahəyyətlərinə görə prezidentin təkbaşına “müharibə elan etmə” səlahiyyəti yoxdur. Prezident hərbi əməliyyatı yalnız 60 gün ərzində həyata keçirə bilər. Trampın əmri ilə hərəkət edən qüvvələr maliyyə və resurs baxımından Konqresin qərarına bağlıdır. Əgər Tramp konqreslə həmfikir olub, yenidən hücuma başlamaq qərarı alsa, bu dəfə İran yerləbir olacaq. Konqres Trampa İran üzərində qələbə çalmaq üçün son şans da verə bilər”.