Dilçi-alimdən Xarici Xidmət İnstitutuna tutarlı cavab: "Azərbaycan dili çətin deyil... "






"Dillərin asanlığı və çətinliyi onların qrammatik, leksik sistemindən asılıdır”.

Bunu "Sherg.az”a Xarici Xidmət İnstitutunun (FSİ) "Azərbaycan dili ingilisdillilər üçün öyrənilməsi çətin dildir" dəyərləndirməsindən danışarkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib. 

Dilçi-alim vurğulayıb ki, dilin çətinliyini qiymətləndirərkən fonetik sistem ciddi nəzərə alınmır:

"Bütün bunları nəzərə aldıqda Azərbaycan dili çətin deyil. Bu dildə qrammatik kateqoriyaların ifadəsi üçün lazım olan morfemlər çox aydındır. Elə dillər var ki, bir morfem iki qrammatik məna ifadə edir. Morfoloji məqam sintaksisə də öz təsirini göstərir. 

Əgər sözlər arasındakı əlaqə tutaq ki, bəzi şəkilçilərlə yaranırsa, bu morfemləri bilmək lazım gəlir. Azərbaycan dilində bu quruluş asan olduğundan iltisaqi dillər sırasına daxildir".

Leksik sisteminə gəlincə, professor qeyd edib ki, Azərbaycan dilində türk və ərəb, fars mənşəli sözlər var:

"Son illərdə isə dilimizə Avropa dillərindən xeyli sözlər daxil olub. Ümumiyyətlə, hansısa dili öyrənmək üçün işlək sözləri bilmək vacibdir. Azərbaycanda belə lüğətin olması mənə məlum deyil. Başqa dillərdə isə belə lüğətlər olduğundan öyrənilməsi daha rahat gəlir. Mən özüm də fransız dilində olan ümumişlək sözləri tələbələr üçün tərcümələri ilə dərc etmişəm”.

Azərbaycan dilinin asanlaşdırılmasına toxunan alim diqqətə çatdırıb ki, ümumişlək sözlər lüğətinin hazırlanması və geniş dərc edilməsi dilimizin öyrənilməsini asanlaşdıra bilər:

"Azərbaycan dilinin öyrənilməsini asanlaşdıran başqa şərt isə dilimizə yaxın olan dillərin mənimsənilməsidir. Məsələn, türk dilini öyrənən şəxs Azərbaycan dilini öyrənməkdə çətinlik çəkmir. Çünki bu dillər eyni kökdən yaranıb və demək olar, eyni dildir.

Azərbaycan dilində səslərin sayı daha çoxdur. Bu fonetik cəhətdən çətinlik yarada bilər. Amma Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaş ölkəmizdə təxmini 1 ay təcrübə keçsə, fonetik çətinliyi aradan qalxar”.

B.İsmayılov xarici dilləri öyrənmək istəyən şəxslərə də məsləhətlərini çatdırıb:

"Xarici dillərdən daha asan öyrənilən ingilis dilidir. Çünki bu dil analitik olduğundan xüsusi sözlərin köməyi ilə cümlə qurmağı asanlaşdırırlar. Bu dildə əsas çətinlik fonetik sistemlə bağlı yaranır.

Alman dilinin isə qrammatikası çox ağırdır. Burada həm flektiv, həm də analitik qaydalar hökm sürür. Həmin hissəni dəqiq öyrənməklə, alman dilini mənimsəmək mümkündür.

Nəhayət, fransız dilinin kökü latın dili olduğuna görə , bu dildən başqa dillərə xeyli sözlər keçib. Bu mənada Avropa dillərinin hansısa birini bilən şəxs fransız dilini öyrənməkdə çətinlik çəkmir. Qrammatik quruluşuna görə də, bu dil daha asandır”.

Qeyd edək ki, Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib. Bu kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.

Aysel Aslan