Sabir Rüstəmxanlı: "Yerində verilmiş fərmandır və bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir"
Dilimizin qorunması vacibdir
Prezidentin fərmanı problemlərin aradan qaldırılacağına böyük ümid yaratdı
Sabir Rüstəmxanlı: "Yerində verilmiş fərmandır və bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir"
Sabir Rüstəmxanlı: "Yerində verilmiş fərmandır və bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir"
Nəsir Əhmədli: "Yenidən bu məsələyə qayıdılması problemin tam həll olunmadığını və bu işin daim nəzarətdə saxlanıldığını göstərir"
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanıb bir ay müddətində təsdiq edilməsi, Monitorinq Mərkəzinin nizamnaməsinin, strukturunun, işçilərinin say həddini və əməkhaqqı fondunun Prezidentlə razılaşdırmaqla iki ay müddətində təsdiq edilməsi tapşırılıb.
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını yüksək qiymətləndirən ictimaiyyət üzvlərinin fikrincə, bu qərar mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması məqsədi daşıyır.
Ekspertlərə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.
Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir.
Təcrübə göstərir ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb.
Dövlət Dil Komissiyasının üzvü, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, bu vaxta qədər dil normalarının pozulması ilə bağlı ayrı-ayrı qeyri-hökumət təşkilatları monitorinqlər aparsa da, bunun nəticəsi olmayıb:
"Bu baxımdan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilimizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bu qurumlar dövlət təşkilatı olmadığına görə həmin monitorinqlərin nəticələrinə əhəmiyyət verilmir. Bakı şəhərindəki bir çox böyük müəssisədə Konstitusiyada və Dil Qanununda nəzərdə tutulan normalar pozulur, ana dilinə tam etinasız yanaşılır. Biz müəyyən şirkətlərin, müəssisələrin ana dilinə pis münasibəti ilə bağlı məhkəməyə müraciət etmişik, amma nəticə yoxdur. Dil Qanununa görə, bütün müəssisələrin adları ana dilində yazılmalı, xarici dildə yazılan versiya kiçik ölçüdə olmalıdır. Amma elə müəssisələr var ki, heç ana dilində adı yoxdur. Bütün bunlar narahatlıq doğurur. Ümid edirəm ki, buna qarşı atılan addımlar nəticəsiz qalmayacaq. Prezidentin sözügedən fərmanı bu və digər problemlərin aradan qalxmasına zəmin yaradacaq”.
Mətbuatımızda da dillə bağlı kifayət qədər çatışmazlıqlar olduğunu vurğulayan S.Rüstəmxanlı deyib ki, dilin işlənməsi, dövlət dili səviyyəsində qorunması, terminologiya məsələlərinin həlli, kənar dillərin turist axınından doğan söz axınının qarşısında dilimizin davamlılığı, duruş gətirməsi və beynəlxalq səviyyədə işlənməsi və bu kimi halların tənzimlənməsi üçün Dil Komissiyasının vəzifələri var. Daha əvvəl də buna bənzər sərəncam verilib:
"Bundan öncə akademiyada mənim də iştirakımla dilimizin qorunması və inkişafı ilə bağlı proqram hazırlanıb. O proqramın yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb. Onun nəticəsində komissiya böyüdüldü və prezidentin özü onun sədri oldu. Bunların hamısı bir-birinə bağlı məsələlərdir. Bu onu göstərir ki, ölkədə dövlət dili siyasəti, dövlət dilinin qorunması ilə bağlı işlər gedir və bu istiqamətdə işlər getdikcə genişlənir. Əslində burada başqa bir yol da yoxdur. Başqa cür olsa, biz dilimizi itirərik. Dilimizi itirmək isə milləti itirmək deməkdir. Fərmana baxdım, orada qoyulan məsələlər, monitorinq qrupunun yaradılması çox vacib idi. Yerində verilmiş fərmandır və bunu alqışlayıram. Orada göstərilən tapşırıqlar hökmən yerinə yetirilməlidir. Onu da qeyd edim ki, Monitorinq Qrupunun başında peşəkar, bu işi bilən, onun məsuliyyətini dərk edən, bu iş üçün yanan, təcrübəsi olan şəxs olmalıdır ki, bu istiqamətdəki işləri qanunauyğun şəkildə yerinə yetirsin. O zaman təsir və xeyirləri çox olacaq”.
Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli də ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ali rəhbərliyin hər bir qərarı əhəmiyyətlidir:
"Son 25 ildə dövlət dilimizin müxtəlif aspektlərini əhatə edən 20-yə yaxın rəsmi sənəd qəbul olunub. İndi yenidən bu məsələyə qayıdılması problemin tam həll olunmadığını və bu işin daim nəzarətdə saxlanıldığını göstərir. Fərmanda da deyildiyi kimi, "dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”.
N. Əhmədlinin fikrincə, bəzi məmurların dövlət dilimizi yetərincə bilməməsi barədə son vaxtlar sosial şəbəkələrdə yayılan materialların da bu fərmanın verilməsinə təsiri olub.
Professor hesab edir ki, Azərbaycan Televiziyasını (AzTV) və radiosunu, eləcə də İctimai Televiziyanı və radionu çıxmaq şərtilə, demək olar, bütün kanallarda, xüsusilə şou proqramlarında ədəbi dil normaları kobudcasına pozulur.
Aparıcıların çoxu ədəbi dilimizin leksik, qrammatik prinsiplərinə və orfoepiya qaydalarına əməl etmir.
- Mövcud problemlərin həlli istiqamətində KİV-lərin hansı öhdəlikləri var və media mövcud neqativ halların aradan qaldırılması üçün hansı tədbirləri həyata keçirməlidir?
- Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilməli, yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunmalıdır. Həmçinin redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilməli, hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılmalıdır.
Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlayıb redaksiyalara və saytlara paylamaq, BDU-nun Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açmaq da mütləqdir.
Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "dəyirmi masa”lar, treninqlər keçirib, televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ayrıca, ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunmalıdır. Redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə, universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələrini də genişləndirmək lazımdır.
Şəymən