"Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı ortaya qoyduğu qəti mövqeyi ilk dəfə deyil. Bundan öncə də bir çox sərəncamlar olub, həmçinin dünya ədəbiyyatı incilərinin latın qrafikası ilə büdcə hesabına dərcindən tutmuş 2013-ci ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbuluna qədər, ciddi qərarlar, sərəncamlar olub”.
Bu sözləri Azərbaycan Dil Qurumu İctimai Birliyinin üzvü, "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev "Sherg.az” a açıqlamasında deyib.
Dövlət Proqramı çərçivəsində müvafiq qurumlara (səhv etmirəmsə, 2 milyon manat) araşdırma aparmaq və müfaviq təkliflər hazırlamaq üçün külli miqdarda vəsait ayrıldığını xatırladan A. Niftəliyevin sözlərinə görə, 2013-2014-cü illərdə bununla bağlı geniş maarifləndirmə işlərinə start verilib, nüfuzlu dilçi alimlər prosesə cəlb olunub:
"AMEA-nın Dilçilik İnstitutunda yaranan Monitoqinq şöbəsi, dillə bağlı qaynar xətt, həmçinin yeni orfoqrafiya lüğətinin hazırlanması, qaydaların ictimai müzakirəsi və s. Prezidentin birbaşa bu sərəncam və qərarlarına bağlıdır. İndiki fərman isə bu monitorinqlərə daha yüksək status verəcək və güman edirəm ki, təsir imkanları da çox olacaq.
Bilirsiniz, mən həm də Azərbaycan Dil Qurumunun icraçı direktoruyam və bu prosesləri uzun müddət izləmişəm. İllər öncə bu problemləri biz qaldıranda bilmirdik və səmimi desək, inanmazdıq ki, 2012-ci ildə Prezident məhz bu cür, bu qədər böyük qayğı ilə Dövlər Proqramının hazırlanması barədə sərəncam verə və 2013-cü ildə bu proqram təsdiq oluna. Proqramla tanış olanlar bilir: çox mükəmməl bir proqramdır və dilin təmizliyinin qorunması və inkişafı üçün dövlətin iradəsi ortadadır”.
Dil Qurumunun icraçı direktorunun fikrincə, bu məsələ inzibati metodlarla tənzimlənməz:
" Ziyalıların, dilçilərin, media nümayəndələrinin birgə işi, dilə qayğısı, səmimi yanaşması lazımdır və bu məqamda qəribə bir paradoks yaşayırıq. Vaxtilə, sovet dönəmində ziyalılar dilin saflığı üçün mübarizə aparırdı, dövlət "millətçilikdən" ehtiyat edib, ciddi dəstək verə bilmirdi. Ancaq indi dövlətin iradəsi var, ziyalıların müqaviməti yoxdur. Bunun da nəticəsidir ki, hazırda dil çox ciddi təzyiq altındadır”.
Şəymən