Dilqəm Əsgərovun oğlu Ərdoğandan kömək istəyəcək

Kürdoğlu Əsgərov:“Çünki 3 aydır, atamdan xəbər almamışıq. BQXK əməkdaşları heç bir məlumat vermirlər. Halbuki ayda bir dəfə girovlara baş çəkməli, bizə məlumat verməlidirlər"



"Fevral ayında, Xocalı soyqırımının ildönümü ərəfəsində Türkiyəyə gedəcəyik”.

Bunu "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. 

O diqqətə çatdırıb ki, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov da onunla birlikdə Türkiyədə girovlarla bağlı məsələni gündəmə gətirəcik:

"Çünki atamla əlaqə saxlaya bilmirəm. Sonuncu dəfə noyabr ayının 1-də atamın yazdığı məktub bizə çatdırılıb. Artıq 3 aydır, atamdan xəbər almamışıq. Türkiyəyə getmək və bu məsələni qardaş ölkədə də qaldırmaq təklifi də Əhməd müəllim tərəfindən səsləndirildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan atamın azadlığa çıxması ilə əlaqədar kömək istəyəcəm”.

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edən K.Əsgərov qurumdan heç bir xəbər olmadığını deyib:

"BQXK əməkdaşları heç bir məlumat vermirlər. Halbuki, ayda bir dəfə girovlara baş çəkməli, bizə məlumat verməlidirlər. İşçilərlə dəfələrlə əlaqə saxlamışam, ancaq heç nə demirlər. Bildirdilər ki, məlumat olduqda əlaqə saxlayacaqlar”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Aysel Aslan