Dindirmənin mahiyyəti və istintaq hərəkətləri sistemində yeri

Hacıyev İntiqam, Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının magistrantı



Açar sözlər : dindirmə, məlumat, informasiya, mimik məlumatlar, qeyri-verbal məlumat, üzləşdirmə. Cinayətkarlıqla mübarizə sahəsində daim təkmilləşmə olmalıdır. Çünki cinayətkarlıq qeyri-sabitdir və yeni növ və üsulları yaranır. Bu isə istintaqın təşkilinin yeni aspektlərinin işlənib hazırlanmasını, o cümlədən də ayrı-ayrı istintaq hərəkətlərinin icraatının təkmilləşdirilməsini, elm və texnologiyanın yeniliklərindən istifadə edilməsini tələb edir. Cinayət işinin açılmasında və sübut əhəmiyyətli kriminalistik məlumatların alınmasında mühüm rola malik istintaq hərəkətlərindən biri də dindirmədir. Qeyd edilməlidir ki, distant dindirmənin prosessual və taktiki problemlərindən söz açmamışdan öncə dindirmənin prosessual və taktiki problemlərinə toxunmaq zəruridir. Çünki dinstant dindirmə məhz dindirmə istintaq hərəkətinin inkişaf etmiş modelidir. Buna görə də dindirmə istintaq hərəkətinin prosessual və taktiki problemləri araşdırılmamış distant dindirməmənin prosessual və taktiki problemlərindən danışmaq məqsədə müvafiq olmaz. V.E.Konovalovanın tədqiqatlarına əsasən cinayət işi materiallarının 80%-dən çoxunu şahidlərin, zərər çəkmiş və təqsirləndirilən şəxslərin ifadələri təşkil edir. Bu da məlum səviyyədə dindirmə istintaq hərəkətinin rolunu şərtləndirir. Onun köməyi ilə cinayətlərin açılması və istintaqı üçün imkan yaradan kriminalistik məlumatlar toplanır (6, s. 127). Dindirmə istintaq hərəkətinin cinayət prosesində olan rolunu aydınlaşdırmamışdan öncə dindirmə istintaq hərəkəti zamanı toplanılan məlumat daşıyıcılarının, məlumatın, informasiyanın və onların axtarışının nədən ibarət olmasını aydınlaşdırmaq zəruridir. Belə ki, obyektiv olaraq, təbiətdə mövcud olan hər bir predmet, fakt, hadisə və s. müəyyən məlumat daşıyıcılarıdır. Məlumat - özündə hansısa faktın və ya hadisənin izini daşıyaraq, bizə bu fakt və ya artıq baş vermiş, yaxud da baş verəcək hadisə haqqında olan bütün məlumat və xəbərləri çatdırır (8, s. 123). Məlumat - materiyanın xassələrindən biri olub, maddi aləmdə mövcud olan çoxsaylı əlaqələrin formalarından biri kimi əşyanı şüurla, bir insan şüurunu isə digər insan şüuru ilə əlaqələndirir. Məlumat canlı aləmin subyekti olduğu kimi, cansız təbiətin obyekti kimi də qəbul edilir. Siqnallar şəklində olan məlumatlar informasiya sistemini təşkil edərək: 1. hadisə və ya faktı məlumatın mənbəyi kimi; 2. məlumatın daşıyıcısı kimi siqnalı və bu məlumatı qavrayan subyekti nəzərdə tutur (7, s. 7). İnformasiya dedikdə, real həqiqətin faktlarına dair məlumatların daxil olduğu bu və ya digər xəbərlər başa düşülür (8, s. 23). İnformasiya predmet, hadisə və hal haqda bizim biliklərimizin artmasına kömək edir. İnformasiya keçmişin, indinin və gələcəyin faktlarına aid edilə bilər. Kriminalistik məlumat daşıyıcılarının axtarışı taktiki və texniki üsul, əməliyyat və metodlar sisteminin tətbiq edilməsi yolu ilə həyata keçirilir. Onların xarakteri hər şeydən əvvəl axtarışın obyekti və cinayət tərkibinin xüsusiyyətlərindən, əməlin törədilmə məkanı, zamanı, üsul və şəraitindən, cinayətin nəticələrinin gizlədilməsindən, habelə hadisə haqda ilkin məlumatın xarakterindən asılıdır. Təbii ki, hər bir məlumat sübut hesab oluna bilməz. Məlumatın sübut əhəmiyyəti bir tərəfdən onun obyektiv gerçəkliyə müvafiq olub-olmaması və araşdırılan cinayət işinə aidiyyəti baxımından, digər tərəfdən məlumatın qanunda sadalanan sübut etmə vasitələrindən birinin köməyi ilə, yəni qanunda nəzərdə tutulmuş prosessual formada əldə edilməsi ilə müəyyən edilir. Cinayət işi üzrə sübutlar qismində, cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. mövcud

olub-olmamasını müəyyən edən faktiki hallar çıxış edir. Qeyd edilən faktiki hallar şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərlə müəyyən edilir (CPM-nin 124.2-ci maddəsi). Cinayət-prosessual qanuna əsasən göstərilənlər sübut kimi qəbul edilir.

Faktiki hal özü-özlüyündə sübut kimi nəzərdən keçirilə bilməz. Cinayət hadisəsi və onu törədən təqsirkarla əlaqədar olan bütün faktiki halları əks etdirən məlumat və məlumat daşıyıcıları cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq əldə edildikdən və rəsmiləşdirildikdən sonra sübut kimi qəbul oluna bilər. CPM-nin 125-ci maddəsində göstərilir ki, «məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər». Cinayətlərin istintaqı zamanı məlumatların alınması, tədqiqi, qeydiyyatı və yoxlanılması - təşkilati-hazırlıq və istintaq hərəkətləri, ekspert tədqiqatları və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə həyata keçirilir. Məlumatların xeyli hissəsini müstəntiq dindirmə zamanı əldə edir. Bu da müstəntiqlə dindirilən şəxs arasında ünsiyyətin spesifik forması kimi çıxış edir. Alınmış məlumatların sübut əhəmiyyəti, bir tərəfdən obyektiv gerçəkliyin və istintaq işinə olan aidiyyətin uyğunluğu ilə, digər tərəfdən isə qanunda sadalanan sübutetmə növlərindən hər hansı birinin vasitəsi, yəni qanunla nəzər də tutulmuş prosessual qaydada ifadələrin alınması ilə müəyyən edilir. Dindirilən şəxsdən müstəntiqə ötürülən məlumatlar, danışıq (şifahi) formasında olduğu kimi, qrafik (yazılı) formada da ola bilər. Şifahi nitq insanlar arasında daha mühüm ünsiyyət, məlumatların ötürülməsi və psixoloji təsir vasitəsi kimi hesab edilir. Bununla belə, nəzərə almaq lazımdır ki, məlumat yalnız dindirilən şəxs tərəfindən deyilən söz deyil, o, həm də, səs, mimika, tələffüz, tembr, rəftar, xarici görkəm və davranış tərzidir. Bu şərait, dindirməni - sübutetmənin bütün digər vasitələrindən daha böyük məlumat qabiliyyətinə malik olan hərəkət kimi fərqləndirir (10, s. 5). İstintaq zamanı müstəntiq, nəinki, cinayət hadisəsi və onunla bağlı şərait haqqında olan məlumatları əldə edir, həm də, qabaqcadan ona məlum olmayan faktların müəyyən edilməsi üçün dindirmənin nəticələrindən istifadə edərək onları yoxlayır, qiymətləndirir və yeni ehtimallar irəli sürür. Alınan məlumat (dindirilən şəxsdən) öz strukturuna görə həddindən artıq mürəkkəbdir və çoxsaylı elementləri əhatə edir. Bütün bu məlumatların məcmusu isə müstəntiqə - onu qiymətləndirməyə və cinayətin istintaqı prosesində sübutetmə, istintaq hərəkətlərinin aparılmasının istiqamətləndirilməsi və sübut kimi istifadəsini istisna edən məlumatları özündə əks etdirən materiallar qismində istifadə etməyə imkan verir. Bundan başqa, dindirilən şəxsdən alınan məlumat böyük dinamikliyə malikdir. O, psixoloji ünsiyyətin qurulması, dindirilən şəxsi yalanda ifşa edəcək sübutların təqdim edilməsi, onun bilə-bilə verdiyi yalan ifadələrin müəyyən edilməsi ilə və digər əsaslarla əlaqədar olan müxtəlif məqamlardan asılı olaraq dəyişir, əlavə olunur və inkar edilir. Dindirmə - məlumatın əldə edilmə prosesi kimi məlumatların məzmunlu, mimik və qeyri-verbal növlərinin mənbəyidir (6, s. 8). Mimik məlumatlar çox dəyişkən olduqları kimi eyni zamanda, aralarındakı böyük fərqə baxmayaraq ifadənin sabit formasına da malikdirlər. Belə ki, sevinc, ağrı, nifrət, vasvasılıq, şübhəlilik, sayıqlıq və insan psixikasının digər halları uyğun olaraq gülüşdə, göz yaşlarında, dodaqların qaçmasında, gözlərin qıyılmasında və sairədə ifadə olunur. Hər halda, yadda saxlamaq lazımdır ki, mimik hərəkət heç də həmişə insan psixikasının vəziyyətinə uyğun gəlmir, bunun üçün də onlara sübut əhəmiyyətinin verilməsi düzgün olmazdı. Qeyri-verbal məlumat termini (3, s. 123) cinayət hüququnun anlayışlarından olub, səssiz razılığı və ya nəyinsə imkanlarını göstərən hərəkətlərin məcmusunu ifadə edir. Konklyudent hərəkətlərə əl-qol hərəkətlərini, göz vurmanı, baş yelləməni və ya yırğalamanı aid etmək olar. Onlar dindirilən şəxsin müəyyən vəziyyətlərə aid münasibəti haqqında olan məlumatı özündə əks etdirir. Belə hərəkətlərin məlumat xarakterinə baxmayaraq onlar da sübut əhəmiyyətli hesab edilməməlidir. (6, s. 9-10).

Dindirmə cinayət prosessual qanunu ilə müəyyən edilmiş formada cinayət prosesinin müvafiq iştirakçılarından - şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərdən araşdırılan iş üzrə sübutetmə predmetinə aid olan hallar barədə ifadələrin alınması və rəsmiləşdirilməsi yolu ilə sübutların toplanılma və yoxlanılmasının prosessual vasitəsidir. Dindirmə müstəntiqin də fəal idraki fəaliyyəti ilə bağlıdır. Dindirmə universal istintaq hərəkəti olaraq, onun köməyi ilə müstəntiq praktiki olaraq sübutetmə predmetinin bütün halları üzrə sübut əhəmiyyətli məlumatı əldə edə bilər (4, s. 9). Bundan başqa ifadələr tanınma, ifadələrin yerində yoxlanılması kimi istintaq hərəkətlərinin də zəruri və vacib tərkib elementi olaraq çıxış edir. Üzləşdirmə hərəkəti öz xarakterinə görə bu istintaq hərəkəti bir çox mütəxəssislər tərəfindən dindirmənin növü qismində tədqiq edilmişdir. Bəzi müəlliflər üzləşdirməni ifadələrində mühüm ziddiyyət olan, əvvəllər dindirilmiş şəxslərin eyni zamanda növbə, həmin ziddiyyətin aradan qaldırılması məqsədilə dindirilməsi hesab edirlər (4, s. 10). AR CPM-nin 235-ci maddəsində üzləşdirmə hərəkəlinin mahiyyəti açıqlanaraq, göstərilmişdir ki, «ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir». Üzləşdirmə dindirmə hərəkətinin növü qismində nəzərdən keçirilsə də, öz təyinatına görə fərqli xarakterə malikdir. Üzləşdirmənin xüsusiyyəti və rolu ondan ibarətdir ki, bu istintaq hərəkətinin əsas məqsədi sübutların yoxlanılmasına istiqamətlənmişdir. CPM-nin 86.4.2-ci maddəsinin tələblərinə görə şübhəli, zərər çəkmiş şəxsin, şahidlərin dindirilməsi təxirəsalınmaz istintaq hərəkətləri sırasına daxil edilmişdir. Göstərilən şəxslərin təxirəsalınmaz hallarda dindirilməsinin nəticələri sonradan bütün istintaq hərəkətlərinin icra edilməsinin zəruriliyini şərtləndirməklə ibtidai araşdırmanın sonrakı gedişinə əhəmiyyətli təsir göstərə bilər. Dindirmənin mahiyyətinə gəlincə isə istintaq və məhkəmə təcrübəsi əsasında kriminalistikada işlənilmiş taktiki üsulların köməyi ilə dindiriləndən lazımi məlumatın əldə edilməsindən ibarətdir. N.İ.Porubov qeyd edir ki, dindirmə - istintaq orqanının cinayət-prosessual qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, dindirilən şəxsdən iş üzrə sübutetmə predmetinə daxil olan faktlar haqda ifadələrin alınmasıdır (7, s. 19). S.K.Pitersev və A.A. Stepanov dindirməyə anlayış verərək, onu verbal, yəni şifahi, sözlə, söhbət (ünsiyyət) formasında həyata keçirilən, aparılma qaydası, şərtləri və rəsmiləşdirilməsi prosessual qanunla müəyyən edilən hərəkət kimi nəzərdən keçirmişlər. Onların mövqeyinə görə dindirmə - qanunla müfəssəl tənzim olunan prosedur olub, onun köməyi ilə səlahiyyətli şəxslər vətəndaşlardan ifadələr - istintaq edilən cinayət və onunla bağlı olan hallar barədə məlumatlar alınır (5, s. 8). Lakin müəlliflər dindirməni həyata keçirənləri səlahiyyətli şəxslər, dindirilənləri isə vətəndaş kimi adlandırmışlar. Bu müddəada işlədilən səlahiyyətli şəxslər ifadəsi mücərrəd xarakter daşıyır. Dindirilənlərin isə yalnız vətəndaşlarla məhdudlaşdırılması ümumiyyətlə düzgün hesab edilə bilməz. Cinayət prosesi və kriminalistikada dindirmə - sübutetmə vasitəsi və ifadələrin alınması prosesi kimi tədqiq edilmişdir. Psixologiyada isə dindirmə - dindirilən və dindirən arasında spesifik ünsiyyət prosesi qismində nəzərdən keçirilmişdir. Kriminalistikada dindirməyə müxtəlif təsnifatları verilmişdir. Bu sahədə N.İ.Porubovun tədqiqatları olduqca maraqlıdır. Dindirilənin prosessual vəziyyətindən asılı olaraq dindirmənin aşağıdakı növlərini ayırmaq olar: şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirilməsi, şahidin dindirilməsi, zərər çəkmişin dindirilməsi və ekspertin dindirilməsi. Dindirmənin göstərdiyimiz hər bir növünün öz xüsusiyyətləri və yalnız ona xas olan taktiki üsulları vardır. Dindirmənin belə növlərə bölgüsü dindirilənlərin prosessual vəziyyətinin, dindirmənin predmeti və onun taktikasının müxtəlifliyi ilə şərtlənmişdir. Dindirmənin ayrı-ayrı növlərinin hüquqi xüsusiyyətləri cinayət prosesinin tədqiqat obyektinə aiddir, dindirmənin taktiki aspektləri isə istintaq təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi əsasında kriminalistikanın predmetinə aiddir (7, s. 20).

Dindirmə subyektinin yaş xüsusiyyətləri üzrə dindirmənin yetkinlik yaşına çatmayan (azyaşlı) və böyüklərin dindirilməsi, ardıcıllığına görə ilkin və təkrar dindirmə, məzmununa görə əsas və əlavə dindirmə, iştirakçılarının tərkibinə görə müdafiəçinin, müəllimin, qanuni nümayəndənin, prokurorun, tərcüməçinin iştirakı ilə aparılan dindirmələrə, formasına görə hadisə yerində dindirmə, üzləşdirməyə ayırmaq olar. Dindirilənin tutduğu mövqedən asılı olaraq dindirmə düzgün ifadələr verən, bilə-bilə yalan ifadələr verən və vicdanlı yanılma nəticəsində həqiqətə uyğun olmayan ifadələr verən şəxsin dindirilməsinə bölünür. Dindirmə müstəqil prosessual hərəkət kimi çıxış edərək, əvvəllər verilmiş ifadələrin yoxlanılması (üzləşdirmə) vasitəsi kimi, digər istintaq hərəkətlərinin keçirilməsini şərtləndirən hərəkət kimi (tanınma üçün təqdim etmədən, istintaq eksperimentindən əvvəl aparılan dindirmə), digər istintaq hərəkətinə daxil olan element kimi (ifadələrin yerində yoxlanılması zamanı dindirmə, axtarışdan və hadisə yerinə baxışdan əvvəl dindirmə) çıxış edə bilər. Dindirmənin predmeti iş üzrə sübutetmə predmetinə daxil olan hallardır (CPM-nin 139-cu maddəsi). Bunlara: cinayət təqibi qarşısında dayanan məqsədlərə nail olmaq üçün zəruri olan hallar, sübutların aşkar olunmasına kömək edən hallar, sübutların yoxlanılması və qiymətləndirilməsi üçün zəruri olan ballar, taktiki rol oynayan hallar aiddir. Dindirməni şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: ilkin mərhələ, sərbəst ifadələr mərhələsi, sual-cavab mərhələsi və nəticə mərhələsi. Dindirmənin məlumat mahiyyəti nəinki dindirilən şəxsdən alınan məlumatlar, həm də məlumatı elan etmək xarakteri nöqteyi-nəzərindən baxıla bilər. Belə ki, məlumat elan etmə xarakterinə görə sərbəst bildirmə (aşkar elan etmə) və informasiyanı verməyə meyllilik nəticəsində alınmış məlumat növlərinə bölünür (6, s. 45). Belə meyllilik öz növbəsində həvəsləndirmə və məcbur etmə növlərinə də bölünə bilər. Həvəsləndirmə növünə - dindirilən şəxsin yaddaşının bərpa olunması, mənəvi vəzifəsinin yerinə yetirilməsi və onun təqdim edəcəyi məlumatların əhəmiyyəti və rolunu qavramasına kömək edən üsulları aid etmək olar. Məcbur etmə növünə isə xarakterinə görə dindirilən şəxsi zəruri məlumatlan verməyə məcbur edən üsullar aiddir. Ancaq nəzərə almaq lazımdır ki, məcbur etməyə meyllilik özündə psixoloji zorakılıq elementlərini əks etdirməməlidir. Xüsusilə də, bu məsələyə yetkinlik yaşına çatmayanlarla münasibətdə daha həssas yanaşılmalıdır. Belə ki, məcbur etmə növü yetkinlik yaşına çatmayan şəxslərlə dindirmə zamanı, bir sıra neqativ hallara - yəni, psixi sarsıntı, aqressiya və sairə kimi hallara gətirib çıxara bilər. Bu cür neqativ halların baş verməməsi və qabaqcadan qarşısının alınması məqsədi ilə belə şəxslərlə dindirmənin aparılması hər bir halda, bu işdə - səriştəli, təcrübəli və digər spesifik bacarıqları olan kadrlara tapşırılmalıdır (2, s. 77).

Dindirmənin məlumat mahiyyəti onun taktikası ilə sıx surətdə bağlıdır, bu da öz növbəsində onun daha effektiv tətbiq olunmasına yönəlmiş üsullar sistemindən qurulur. Dindirmənin cinayət- prosessual qanunvericiliyində müəyyən olunmuş qaydalarından fərqli olaraq taktiki üsullar fakültativ xarakter daşıyır. Buna baxmayaraq dindirmənin taktiki aspektləri ciddi şəkildə cinayət prosessual qanunvericiliyinin bütün tələblərinə uyğun olmalı və onun demokratik prinsiplərinə cavab verməlidir. Prosessual normalar və taktiki üsullar arasında sıx qarşılıqlı əlaqənin mövcudluğunu xüsusilə qeyd etmək lazımdır. Bu əlaqə ilk növbədə taktiki üsulların hüquq normalarının həyata keçirilməsinə, onların tələblərinə əməl edilməsinə istiqamətlənmişdir. Prosessual normalar və taktiki üsullar bir-birinə zidd ola bilməzlər, onlardan birinin pozulması labüd olaraq digərinin də pozulmasına səbəb olacaqdır. Cinayətlərin açılması üzrə həyata keçirilən istintaq hərəkətlərinin aparılma qaydaları və şərtlərini müəyyən edən bütün prosessual normalara dəqiq əməl olunmalıdır. İbtidai araşdırma aparıldığı zaman müstəntiq CPM-nin 85-ci maddəsində nəzərdə tutulan hüquqları həddində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə istiqamətlənmiş istintaq hərəkətlərini icra etmək səlahiyyətinə malikdir. Ancaq nəzərə almaq lazımdır ki, məcbur etməyə meyllilik özündə psixoloji zorakılıq elementlərini əks etdirməməlidir. Xüsusilə də, bu məsələyə yetkinlik yaşına çatmayanlarla münasibətdə daha həssas yanaşılmalıdır. Belə ki, məcbur etmə növü yetkinlik yaşına çatmayan şəxslərə dindirmə zamanı, bir sıra neqativ hallara - yəni, psixi sarsıntı, aqressiya və sairə kimi hallara gətirib çıxara bilər. Bu cür neqativ halların baş verməməsi və qabaqcadan qarşısının alınması məqsədi ilə belə şəxslərə dindirmənin aparılması hər bir halda, bu işdə - səriştəli, təcrübəli və digər spesifik bacarıqları olan kadrlara tapşırılmalıdır (2, s. 77). Dindirmənin məlumat mahiyyəti onun taktikası ilə sıx surətdə bağlıdır, bu da öz növbəsində onun daha effektiv tətbiq olunmasına yönəlmiş üsullar sistemindən qurulur. Dindirmənin cinayət- prosessual qanunvericiliyində müəyyən olunmuş qaydalarından fərqli olaraq taktiki üsullar fakültativ xarakter daşıyır. Buna baxmayaraq dindirmənin taktiki aspektləri ciddi şəkildə cinayət prosessual qanunvericiliyinin bütün tələblərinə uyğun olmalı və onun demokratik prinsiplərinə cavab verməlidir.

Prosessual normalar və taktiki üsullar arasında sıx qarşılıqlı əlaqənin mövcudluğunu xüsusilə qeyd etmək lazımdır. Bu əlaqə ilk növbədə taktiki üsulların hüquq normalarının həyata keçirilməsinə, onların tələblərinə əməl edilməsinə istiqamətlənmişdir. Prosessual normalar və taktiki üsullar bir-birinə zidd ola bilməzlər, onlardan birinin pozulması labüd olaraq digərinin də pozulmasına səbəb olacaqdır. İbtidai istintaq və məhkəmə baxışının gedişində cinayətlərin açılması üzrə həyata keçirilən istintaq hərəkətlərinin aparılma qaydaları və şərtlərini müəyyən edən bütün prosessual normalara dəqiq əməl olunmalıdır. İbtidai araşdırma aparıldığı zaman müstəntiq CPM-nin 85-ci maddəsində nəzərdə tutulan hüquqları həddində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə istiqamətlənmiş istintaq hərəkətlərini icra etmək səlahiyyətinə malikdir. Cinayət-prosessual qanunvericiliyi, istintaq hərəkətlərinin, o cümlədən dindirmənin icra edilmə qaydalarım nəzərdə tutaraq sübutların müəyyən edilməsinin formalarının sabitliyini təmin edir. Bu cinayət prosesinin istənilən mərhələsində onların hüquqa uyğunluğunun, cinayət prosesinin iştirakçılarının qanunla təmin edilmiş hüquq və vəzifələrinə riayət edilməsinin yoxlanılmasına, habelə elə sübutların əldə edilməsinə istiqamətlənmişdir ki, onlar həqiqətin müəyyən olunmasına yönəlsin, hüquqi və mənəvi tələblərə cavab versin. Məlumatın subyektiv seçimi yolverilməzdir. Bu tələbə riayət edilməsi onunla şərtlənir ki, tez-tez düzgün ifadələr vermək istəməyən şəxsləri ifşa etməklə müstəntiq obyektivlik prinsipinə zidd olaraq qeyri-ixtiyari bütün dindirilənlərin ifşa olunmasını özü üçün əsas məqsəd kimi müəyyən edə bilər. Bu da, nəticədə dindirilənlərə birmənalı münasibətə gətirib çıxarmaqla, ümumilikdə dindirmənin effektivliyinə mənfi təsir göstərə bilər. Dindirmənin prosessual qanunun tələblərinə uyğun olaraq icra olunması, ancaq dindirilən şəxsdən zəruri məlumatların əldə olunması baxımından yox, həm də dindirilənlərin dindirmə zamanı iştirak edən şəxslərin, habelə məhkəmə iclasında iştirak edənlərin hüquq düşüncəsində müsbət dəyişikliklərə səbəb olur, hüquq pozuntusuna yol vermiş şəxslərə tərbiyəvi təsir göstərməklə onların islah olunması sahəsində böyük rol oynayır. Dindirmənin tərbiyəvi təsiri müstəntiqin davranışından da asılıdır. Müstəntiq dindirilənlə ünsiyyətdə olarkən xüsusi diqqət və bacarıqla hərəkət etməli, yüksək mədəniyyətə malik olmalı və əxlaq normalarına ciddi riayət etməlidir. Dindirmə prosesində ən kiçik qanun pozuntusu, onun tərbiyəvi əhəmiyyətini azaltmaqla, dindirmənin effektivliyinə xələl yetirə bilər. ibtidai araşdırma zamanı bütün prosessual hərəkətləri, o cümlədən dindirmə hərəkətini icra edən müstəntiqin qanunun tələblərinə düzgün və dəqiq əməl etməsi vətəndaşlarda cinayət təqibi orqanlarına qarşı pozitiv münasibətin formalaşmasına kömək edəcəkdir. Dindirmə hərəkəti taktiki cəhətdən daha çox mənəvi normalarla əlaqədardır. Taktiki nöqteyi-nəzərdən dindirmə aparılarkən mənəvi normalara ciddi riayət etmək dindirmənin səmərəliliyinin əsas şərtlərindən biridir.

N.I.Porubov aşağıdakı hallarda mənəvi normaların xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir: 1) Təqsirləndirilən şəxslə qohumluq əlaqələri olan şəxslərin dindirilməsi; 2)Ifadə verməkdən imtina etməyə, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq etmə prosesi; 3) Şübhəli və təqsirləndirilən şəxsə məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşimanlığın əhəmiyyətinin izah edilməsinin xarakteri; 4) Təqsirləndirilən şəxsə sübutların (xüsusilə ekspert tədqiqatına məruz qalan) əhəmiyyətini izah edilməsinin obyektivliyi; 5) Şahidə cinayətin törədilməsində iştirakı ilə bağlı onu ifşa edə bilən sualların verilməsi imkanı; 6) iş üzrə insanların şəxsi həyatının sirli tərəflərini açıqlayan hallar barədə dindirilməsi; 7) Dindirmənin davam etmə müddətı; 8) İbtidai istintaq məlumatlarının yayılmaması; 9) Qaldırılmış vəsatətlərin təmin olunması haqda məsələlərin həlli zamanı müstəntiqin öz səlahiyyətlərindən düzgün istifadə etməsi; 10) Dindirmə prosesində şəxsiyyətə psixoloji təsiri imkanları və həddləri; 11) Emosional və məntiqi təsir üsullarının tətbiqi, dindirilənin düzgün dəyərləndirə bilməməsinə imkan verən taktiki əməliyyatlardan istifadə; 12) Müstəntiqin xarici görünüşü və davranış tərzi (140, s. 24).

Dindirmə zamanı etik prinsiplərin həyata keçirilməsi və müstəntiqin düz ifadələr əldə etmək məqsədilə fəal davranışı, dindirilənin şəxsiyyətinə hörmətlə vəhdətdə çıxış etməlidir.

İstifadə edilmiş ədəbiyyat :

1. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Bakı, Digesta, 2016.

2. Cavadov A.İ. Dindirmə kriminalistik informasiyanın mənbəyi kimi // Elm və Təhsil, 2005, №16, s. 74-82.

3. Комиссаров В.И., Семенов В.В. Особенности невербальной коммуникации в ходе расследования преступлении. М., 2004, 223 с.

4. Соловьев А.Б. Процессуальные психологические и тактические основы допроса на предварительном следствии. М.: Юрлитинформ, 2002, 192 с.

5. Питерцев С.К., Степанов А.А. Тактика допроса на предварительном следствие и в суде. Санкт-Петербург, 2001, 280 с.

6. Коновалова В.Е. допрос: тактика и писхология. ларьков: Консум, 1999, 157 с.

7. Порубов Н.И. Тактика допроса на предварительном следствии. Минск: Вышэйшая школа, 1998, 196 с.

8. Полетаев И.А. Сигнал. М., 1958, 123 с.

9. Порубов Н.И. Допрос. Минск: Вышэйшая школа, 1968, 368 с.

10. Абдуллаев М.И., Порубов Н.И., Рагимов И.И., Сулейманов Д.И. Тактика допроса обвиняемого в конфликтной ситуации: Учебное пособие. Баку: НМЦГУП, 1993, 108 с.

Суть допроса и его роль в системе следственных действиях

В статье говорится о роли характера следственного действия допроса и о его роли в системе следственных действий. Большое количество материалов уголовных дел скапливаются с проведением следственного действия допроса. Это показывает большую роль допроса в раскрытие преступлений. Поэтому проведение допроса правильными тактическими методами и серьезно соблюдая процессуальных норм очень важно для уголовного следование.

Ключевые слова: допрос, сведения, информация, мимические сведении, невербальная информация, очная ставка.

The concept of the nature of interrogation and its role in investigative system The article describes the nature of interrogation and its role in investigative system. A large part of the criminal cases are collected by the interrogation, that shows it has a big role in the opening of the criminal case. Therefore, the right tactical interrogation methods and the implementation of strict adherence to procedural rules is vital for the prosecution.

Keywords: interrogation, data, information, data regarding mimics, non-verbal information, confrontation.