Dini cameənin sevinməsi əbəsmiş

Söhbət heç də din xadimlərinin dövlətdən əməkhaqqı alacağından getmir
“Fond din xadimlərinə sadəcə, maddi dəstək verə bilər. Fond heç bir halda din xadimlərinə rəsmən əməkhaqqı ödəyə bilməz, çünki bu, hüquqa zidd addım olar”



Məscidlərdə çalışan din xadimlərinə rəsmən əməkhaqqı ödəniləcəyi xəbəri dini cameəni sevindirmişdi. Lakin sevincin ömrü çox qısa oldu. Aydınlaşdı ki, söhbət heç də din xadimlərinin dövlətdən əməkhaqqı alacağından getmir. Məsələnin məğzi başqadır; söhbət dövlətin din xadimlərinə maddi dəstəyindən gedir. Bunu isə "Şərq”ə millət vəkili Fazil Mustafa dedi.

Daha da aydın olsun deyə, bir az əvvələ qayıdaq. KİV-də yer almış məlumatda qeyd olunurdu ki, məscidlərdə çalışan din xadimləri növbəti ilin fevral ayından etibarən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə rəsmən əmək haqqı alacaq. İstinad isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya edilmişdi. 

Bildirilirdi ki, hazırda əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: 

"Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əməkhaqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var. Bu, lazımdır”.

M.Qurbanlı qeyd etmişdi ki, Fondun fəaliyyəti üçün gərəkən hüquqi prosedurlar 2018-ci ilin yanvar ayının sonuna kimi tamamlanmalıdır. Bundan sonra Fonda maliyyə vəsaiti ayrılacaq. Nəticə etibarilə ən geci fevral ayından din xadimlərinə əməkhaqqının verilməsinə başlana bilər.

Məlumat ilk baxışda belə təəssürat yaradırdı ki, dövlət din sektoruna rəsmən "əl qoyur”. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri bir az da daralır. İdarə, sadəcə, əməkhaqqı almalarından ötrü Dini Komitəyə təqdimat yazacaq, bununla da mollalar, axundlar, imamlar dövlətdən əməkhaqqı almağa başlayacaq.

Amma heç də belə deyilmiş. Millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında məsələdə bir qədər yanlış anlaşılma olduğunu bildirdi:

- Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır. Lakin dövlətimiz məhz milli-mənəvi dəyərlərin qorunması prinsipini əsas tutaraq dini sahəyə daim dəstək verir. Eləcə də milli-mənəvi dəyərlərin təbliğinin həyata keçirilməsi üçün dövlətin dəstəyinə ciddi ehtiyac var. Bunu nəzərə alaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Dövlət büdcəsindən Fonda vəsait ayrılacaq. 

Həmçinin Fond kreditlər, qrantlar, texniki yardımlar, ianələr hesabına da fəaliyyətini təmin edə bilər. Bunlar hamısı Fondun Nizamnaməsində əksini tapıb. Fond din xadimlərinə sadəcə, maddi dəstək verə bilər. Fond heç bir halda din xadimlərinə rəsmən əməkhaqqı ödəyə bilməz, çünki bu, hüquqa zidd addım olar. 

Din xadimlərinə Fond tərəfindən əməkhaqqı ödənməsi üçün gərək din xadimləri də, məsələn, müəllimlər kimi, əmək müqaviləsi bağlasın, məmur statusu alsın. Yalnız bu halda din xadimlərinə dövlət tərəfindən əməkhaqqı verilə bilər. Bu da Azərbaycan qanunlarına ziddir. Qafqaz Müsəlmanları İdarəsi mənəvi dəyərlərin qorunması və təbliğində əsas aparıcı fiqurdur. QMİ ictimai təsisatdır. Qeyri-hökumət təşkilatları kimi, QMİ də donorlar vasitəsilə yardım ala bilər.

 Necə ki, QHT-lərə yardım məsələsində əsas donor kimi dövlət özü çıxış edir, dini dəyərlərin təbliği, qorunması, həmçinin zərərli dini təmayüllər, radikalizmə qarşı mübarizədə də QMİ-nin əsas donoru Azərbaycan dövlətidir. Hesab edirəm ki, din xadimlərinə əməkhaqqı veriləcəyinə dair açıqlamada bir qədər yanlışlığa yol verilib. Məsələnin məğzi düzgün anlaşılmayıb. 

Məncə, açıqlamanın daha da cilalanmasına ehtiyac var. Burada söhbət, din xadimlərinə əməkhaqqı verilməsindən yox, maddi dəstəkdən gedir. Deyək ki, sabah hansısa sosial layihələr təqdim olunar və onların reallaşması üçün Fond - dövlətin timsalında din xadimlərinə maddi dəstək saxlayacaq, təqdim olunan sosial layihələri maliyyələşdirəcək. 

Azərbaycan dövlətinin din siyasəti bəllidir, dini sektora dəstəyi də məlumdur. Fond fəaliyyətə başladıqdan sonra isə dövlətin dəstəyi artıq rəsmi xarakter alacaq. Milli-mənəvi dəyərlərin təbliği və zərərli dini təmayüllərə qarşı mübarizədə dövlət Qafqaz Müsəlmanları İdarəsinə dəstəyini davam etdirəcək.

Məlahət Rzayeva