Ermənistan prezidenti suallardan yayındı
Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.
Diplomat çıxış edən Sarkisyana deyib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb. Panelin moderatoru sualların Ermənistan prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, gənc diplomatın sözünü kəsməyə çalışıb.
Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Diplomat vurğulayıb ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdır.
Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər. Hər zamankı kimi Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın "iqtisadi inkişafı”ndan danışmağa başlayıb. Erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və Azərbaycan dilində soruşub: "Haralısan?”. Gənc diplomat "Qarabağ sakini” olduğunu deyib. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.
Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən siyasi şərhçi Zaur İbrahimli deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Münhendə, "Girmək və yaxud çıxmaq: ölkələr Rusiya və Avropa arasında” mövzusunda panelə qatılması əsl erməni riyakarlığının nümunəsidir.
Ekspertin sözlərinə görə, Sarkisyan izah etməyə çalışdı ki, Ermənistan Avrasiya İttifaqına üzvlüyünə baxmayaraq, Avropa İttifaqı ilə də əməkdaşlığa hazırdır:
"Sarkisyan İrəvanın eyni anda iki stulda "oturmaq” cəhdlərini izah etmək üçün çox çalışsa da, sonrakı müzakirələr və verilən suallar Sarkisyanın qeyri-səmimi olduğunu ortaya qoydu. Hətta müzakirələrin aparıcısı Yan Bremer birbaşa soruşdu ki, "Ermənistan 2013-cü ildə Aİ ilə sazişdən imtina etməsindən peşman olmayıb ki?”.
Analitik gənc diplomatın cəsarəti barəsində bunları deyib:
"Diplomat Sədi Cəfərovun sualları və replikaları şübhəsiz ki, tədbir iştirakçılarına bir daha Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bilməkdə, Sarkisyanın yalanlarını ifşa etməkdə yardımçı olub. Bremer isə moderator statusundan sui-istifadə edib. Bu cür müzakirələr o zaman faydalı olur ki, bütün maraqlı tərəflərə öz fikrini çatdırmaq və suallarını vermək imkanı yaradılır. Moderator kimi Bremer əslində buna çalışmalı və azərbaycanlı diplomatın müzakirə açmaq səylərini dəstəkləməli idi.
Təəssüf ki, Bremer kimi təcrübəli analitik obyektivliyini qoruyub saxlaya bilmədi. Əslində Sarkisyanın Azərbaycan dilini bilməsi və sərbəst danışması bizim üçün sirr deyil. Sarkisyan Xankəndində doğulub və daha sonra 9 il bu Azərbaycan şəhərində işləyib. Ola bilsin, Sarkisyan diplomata Azərbaycan dilində sual verməklə ətrafdakıların başa düşməməsinə çalışıb. Yəni diplomatımızın cəsarətli çıxışından pərt olduğunu gizlətmək üçün belə edib”.
İsmayıl