DİQQƏT ! "Mədə kiçiltmə əməliyyatının riskli tərəfləri də var" - PROFESSOR





"Həddindən artıq kök insanlarda mədə böyüdükcə, doyma hissi itir. Ona artıq çəkidən əziyyət çəkənlər mədə kiçiltmə əməliyyatına zərurət duyur”.

Bu barədə "Sherg.az”a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. 

O bildirib ki, mədəni kiçiltmək, həcm funksiyasını aşağı salmaqla doyma hissini bərpa etməyə çalışırlar:

"Doyma hissi bərpa olunduqda insan nisbətən yeməkdən imtina edir, arıqlamağa başlayır. Bu əməliyyatların kifayət qədər müsbət nəticələri var. Artıq çəkidən azad olmaq üçün bu həll yolu kimi özünü doğruldur. Ola bilsin, bu kimi əməliyyatlar, proseduralar adi həblərlə, dərmanlarla əvəz olunacaq. Hələlik bu kimi metodlar şəkər xəstələrinin müalicəsində, uğurlu sayılır.

Yeni sahə olduğuna görə, uzaq nəticələri haqqında danışmaq tezdir. Amma ağırlaşmaları da təbii ki, olur. Üstəlik, bu ağırlaşmalar kifayət qədər ciddidir. İstənilən halda, artıq çəki ilə müşayiət olunan ciddi xəstəliklərin birdəfəlik müalicəsində bu, yeganə çıxış yoludur.

Əməliyyatın riskli tərəfləri də var. Amma bəzən 180-200 kiloqrama qədər çəkisi olan insanlarla rastlaşırıq. Həmin şəxslərin riskə gedərək, bu əməliyyatı olunması həyatına normal davam etməsinə şərait yaradır”.

Qeyd edək ki, son vaxtlar mədə kiçiltmə əməliyyatından istifadə edən insanların sayı artıb. Xüsusilə, məşhurların artıq çəkilərdən qurtulmaq üçün belə əməliyyatlara müraciət etməsi, cəmiyyətdə buna marağı artırıb.

Aysel Aslan