Direktor müavinlərinin imtahanla müəyyənləşməsi düzgün deyil

Nadir İsrafilov: “Nədənsə, mərkəzləşdirmə meyilləri güclənir və hər şey Təhsil Nazirliyində cəmləşir”




Təhsil üzrə ekspert Nadir İsrafilov direktor və direktor müavinlərinin mərkəzləşmiş şəkildə imtahan verərək işə qəbul olunmasının əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu usulla təyinatlar ancaq təhsil sahəsində fəaliyyət göstərən yuxarı dövlət strukturlarının işinə yarayır: "Mən direktor və onların tədris işləri üzrə müavinlərinin imtahan verərək təyin olunmasını müsbət qiymətləndirmirəm.

Çünki belə bir maddə təhsil sahəsində qəbul edilən normativ sənədlərdə, islahat planlarında və "Təhsil haqqında” qanunda öz əksini tampayıb. Əksinə, təhsil üzrə dövlət strategiyasının fəaliyyət planında təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, səlahiyyətlərin yuxarıdan aşağı paylanması, idarəetmədə funksiyaların yerlərə verilməsi məsələləri qoyulub. Lakin nədənsə, mərkəzləşdirmə meyilləri güclənir və hər şey Təhsil Nazirliyində cəmləşir”.

N.İsrafilov sovet təhsil sistemində belə bir imtahanın olmadığını söyləyib: "Sadəcə, SSRİ təhsil sistemində yerlər üzrə təhsil şöbələri Azərbaycan SSRİ-nin Təhsil Nazirliyi ilə razılaşdıraraq məktəb direktorlarını və müavinlərini məsləhətləşərək təyin edirdilər. Məsələn, savadı, iş təcrübəsi, idarəçilik qabiliyyəti əsas meyar olaraq götürülürdü”.

Ekspertin fikrincə, şəhər və rayon təhsil şöbələri formal olaraq fəaliyyət göstərir: "Ona görə ki, 1990-cı ildən 2000-ci ilə qədər müəllimlər, direktorlar və direktor müvainlərinin təyinatı yerlərdəki təhsil şöbələri tərəfindən həyata keçirilirdi. Lakin 2002-ci ildə sabiq təhsil naziri Misir Mərdanovun əmrinə əsasən müəllimlər imtahan nəticəsində seçim əsasında işə götürülməyə başladı. Ancaq sonradan bu iş yenidən təhsil şöbələrinə həvalə olundu. İndi isə təkrar mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul edilməyə başlanıldı. O zaman ortalığa sual çıxır ki, bölgələr üzrə təhsil şöbələrinin funksiyaları nədən ibarətdir və onlardan təhsilin kefiyyəti ilə bağlı nə tələb etmək olar? Digər tərəfdən təhsilə dair dövlət strategiyasının fəaliyyət planında ali məktəblərə muxtariyyət verilməsi məsələsi salınıb. Əgər beynəlxalq təhsilin sisteminə inteqrasiya ediriksə, müəllim seçimində Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına muxtariyyət verilibsə, digər ali məktəblərə də təhsil strategiyasına uyğun olaraq veriləcəksə, nəyə görə orta məktəb direktoruna belə səlahiyyətlər verilməsin? Ona görə də hesab edirəm ki, belə problemlər geci-tezi öz həllini tapmalıdır”.

Məlumat üçün bildirək ki, bir müddət öncə, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini vəzifələrinə işə qəbul olmaq üçün imtahan verilməsi qərara alınıb.

Vüqar Şahinoğlu