Ekspertlər Azərbaycan-Rusiya-Türkiyə və İran əməkdaşlığının perspektivinə inanırlar
Dördlük formatı Qarabağın həllinə açar ola bilər
Cənubi Qafqaz regionu taleyüklü bir mərhələnin astanasındadır
Ekspertlər Azərbaycan-Rusiya-Türkiyə və İran əməkdaşlığının perspektivinə inanırlar
Ekspertlər Azərbaycan-Rusiya-Türkiyə və İran əməkdaşlığının perspektivinə inanırlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İrana gedəcək. Səfərin məqsədi Suriyadakı terrorçu qruplaşmalara qarşı Rusiya-Türkiyə-İran əməkdaşlıq formatının yaradılmasını müzakirə etməkdir. Xatırladaq ki, ötən həftə İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə səfər edib. Səfər zamanı nazir bəyan edib ki, İran, Rusiya və Türkiyə əməkdaşlıq etmək məcburiyyətində olan regional oyunçulardır.
İran XİN başçısının müavini Hüseyn Ənsari isə bildirib ki, Tehran və Ankara regional problemlərlə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Ənsari bu məsələlərin müzakirəsi üçün tezliklə Türkiyəyə gedəcəyini deyib. Öz növbəsində Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov da söyləyib ki, Rusiya, İran və Türkiyə üçtərəfli formatda Suriyadakı situasiya ilə bağlı danışıqlar apara bilər. İran, Rusiya və Azərbaycan prezidentlərinin Bakı sammitində də Suriya mövzusu diqqət mərkəzində olub. Prezident Ərdoğanın Peterburq səfərindən sonra isə Türkiyə Baş naziri Binəli Yıldırım Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirib. Ekspertlərə görə, Suriya böhranının üç regional surpergücün ortaq səyləri ilə aradan qaldırılması həmçinin, regiondakı digər konflikt ocaqlarının söndürülməsinə də ciddi töhfə verə bilər. Söhbət Yaxın Şərq böhranı səbəbindən arxa planda qalmış Dağlıq Qarabağ məsələsindən gedir. Bəllidir ki, hər üç ölkə, xüsusən də Rusiya Cənubi Qafqaza mühüm təsir rıçaqlarına malikdir. Moskva İrəvanla, Ankara isə Bakı ilə müttəfiq münasibətlərindədir. İranın isə işğalçı ölkəylə sıx əlaqələri mövcuddur. Heç şübhəsiz, Moskva Suriya məsələsində göstərdiyi qətiyyəti Qarabağ problemində də nümayiş etdirsə, münaqişə həllini tapa bilər. Bu ehtimalı gücləndirən amillərdən biri də son vaxtlar gündəmə gələn İran-Rusiya-Azərbaycan formatının fonunda yeni İran-Rusiya-Azərbaycan-Türkiyə formatının təşəkkül tapmasıdır. Politoloqların fikrincə, Cənubi Qafqaz regionu taleyüklü bir mərhələnin astanasındadır. Məsələni şərh edən politoloq Rasim Ağayev deyib ki, hazırkı geosiyasi vəziyyət bu ölkələri çətin duruma salıb: "Hələ ki, üçlü və ya dördlü format məsələsi real olaraq iqtisadi, siyasi və hərbi birlikdən uzaqda dayanır. Bu məsələ hansısa siyasi qüvvələrin istəyini əks etdirir. Ümumiyyətlə, dövlət siyasətində də bu mövzu gələcək perspektivin mövzusudur. Tarixə nəzər salsaq görərik ki, İran, Türkiyə və Rusiya daim bir-biri ilə savaşıblar. Bu müharibələrdə Rusiya həm Osmanlı, həm də Fars imperiyasına ciddi zərbələr vurub. Amma cari geosiyasi durum bu ölkələri çətin duruma salıb. Türkiyə anladı ki, ABŞ və Avropa hər cəhətdən Türkiyənin siyasi inkişafına müdaxilə etməyə, mane olmağa çalışır. Artıq sirr deyil ki, Türkiyədə baş verən qiyamın arxasında ABŞ dayanıb. Eyni zamanda İranın da durumunda nə qədər Qərbə, ABŞ-a qarşı yumşalma hiss olunsa da, alt qatda nifrətin durduğu bəllidir. Rusiya və ABŞ arasında olan proseslər də məlumdur. ABŞ bütün diqqətini Rusiya ilə bağlı olan sanksiyalara verib. Bu baxımdan dünyada müşahidə edilən reallıq bu 3 ölkə arasında müəyyən qədər yaxınlaşmağa əsas verir. Amma bu 3 ölkə arasında ciddi birlikdən, sazişdən danışmaq hələ tezdir. Çünki Türkiyə NATO-nun üzvüdür. ABŞ isə Türkiyənin NATO-dan çıxmasına razı deyil. İndiki reallıq bu ölkələr arasında müəyyən yaxınlaşmalara gətirib çıxarda bilər, amma ondan o tərəfə keçməz”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyib ki, əgər Azərbaycan-Türkiyə-Rusiya və İran formatı baş tutarsa, çox maraqlı olar: "Bu məsələ Rusiya və İran prezidentlərinin Azərbaycana səfəri zamanı, eləcə də Türkiyə və Rusiya dövlət başçılarının görüşündən sonra ortaya çıxıb. Deyərdim ki, kifayət qədər maraqlı və perspektivli bir formatdır. Əgər bu dördlük doğrudan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs göstərsələr, səmimi müzakirələr aparsalar və ciddi şəkildə mövqe ortaya qoysalar, münaqişənin həllinə nail olmaq olar. Təbii ki, burada əsas ünsür Rusiyadır. Çünki bu dövlət Dağlıq Qarabağla bağlı həmişə dominant rola sahib olub. Hətta son günlər ABŞ, Almaniya, Avropa da etiraf edir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Görünür, rəsmi Moskva münaqişənin obyektiv həllinə maraqlıdır. Əgər Türkiyə və İran ciddi şəkildə məsələni Rusiyanın qarşısında qoysalar, dördlük formatı öz həllini tapar və müsbət nəticə verər”.
İsmayıl