Müvəqqəti hökumət AKP və HDP-dən ibarət olacaq...
Türkiyədə keçici hökumətin qurulması üçün başladılan proses ölkə siyasətində bomba effekti verib. Ölkə Prezidentinin hökumət qurmaq səlahiyyəti verdiyi Baş nazir Əhməd Davudoğlunun parlamentdəki müxalifət partiyalarına hökumətdə iştirak təklifi göndərməsi əsl qalmaqala səbəb olub. CHP və MHP rəhbərləri Davudoğlunun təklifini xoş qarşılamayıb.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu isə hər təklifə rədd cavabı verən MHP sədri Dövlət Baxçalını sərt şəkildə tənqid edib. Davudoğlu MHP sədrini məqsədsiz inadçılıq etməkdə suçlayıb: "Əsgərlərimiz dağda terrora qarşı mübarizə apararkən sən Ankarada "xeyir, xeyir, xeyir” deyərək bizi HDP ilə hökumət qurmağa məcbur edirsən. Sonra da bunun üzərindən siyasi dividend əldə etməyə çalışırsan”.
Keçici hökumət ən çoxu 3 ay hakimiyyətdə olacaq və seçkilərdən sonra istefaya gedəcək
Baş nazir Davudoğlu Baxçalının koalisiya müzakirələri zamanı sərgilədiyi biganə mövqedən də şikayət edib: "Söhbətin başlanğıcında Baxçalı dedi ki, "biz sizinlə koalisiya qurmaq, seçki və ya azlıq hökuməti formalaşdırmaq fikrində deyilik. Həmçinin, dedi ki, AKP-ni erkən seçki ilə bağlı Məclisdə də dəstəkləməyəcək. Yaxşı, bəs onda nə istəyirsən, hörmətli Dövlət bəy?”.
Davudoğlu Toğrul Türkeşə hökumətdə iştirak təklifinə müsbət cavab verdiyi üçün təşəkkür edib. Baş nazir bildirib ki, müvəqqəti hökuməti AKP və HDP, o cümlədən müstəqil namizədlərdən formalaşdıracaq. Keçici hökumət ən çoxu 3 ay hakimiyyətdə olacaq və seçkilərdən sonra istefaya gedəcək.
"MHP atamın partiyasıdır”
Xəbər verildiyi kimi, Toğrul Türkeş Baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumətində nazirlik təklifini qəbul edərək MHP ilə yolları ayırıb. Bu məsələyə Türkeşin bir vaxtlar AKP-dən olan millət vəkili, qardaşı Kutalmış Türkeş də münasibət bildirib. O deyib ki, bu soyadı daşıyan biri üçün MHP-də intizam araşdırması aparılması təəccüblü haldır. Türkeş qardaşının MHP-də "Başbuğun sümüklərini sızlatdı” sözləri ilə tənqid edilməsinə də münasibət açıqlayıb: "Mənə də buna bənzər sözlər deyiblər. Bu mövzuda şərh vermək istəmirəm. Nə planlaşdırıb, nə düşünüb bilmirəm”. MHP-yə qoşulmağı düşünüb-düşünmədiyi sualına Türkeş "olar, niyə olmasın. Nəticədə MHP bizim partiyamızdır, atamın partiyasıdır” cavabını verib. Xatırladaq ki, müvəqqəti hökumətdə təmsil olunmaq təklifini qəbul edən Toğrul Türkeş MHP-dən çıxmayacağını bəyan edib: "Mən partiyada qalıram. MHP-nin sıralarını tərk etmək fikrim yoxdur. Heç kim də məni çıxara bilməz, çünki qanunlara uyğun şəkildə hərəkət etmişəm”.
İsmayıl