"Təcrübə göstərir ki, yeni yaradılan qurumlar nisbətən şəffaf və müasir tələblərə uyğun fəaliyyət göstərir”.
Bunu "Sherg.az”a Vergilər Nazirliyində yaradılan yeni strukturun - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin fəaliyyəti haqqında danışarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O, qurumun fəaliyyətinin səmərəsiz ola biləcəyini də istisna etməyib:

"Birmənalı fikir söyləmək çox çətindir. Yeni strukturun Vergilər Nazirliyindən asılı olması, bu qurumun fəaliyyətinin nazirlikdəki islahatlara bağlı olacağını göstərir. Nazirliyin fəaliyyəti şəffaflaşacaq, korrupsiya aradan qalxacaqsa, İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin fəaliyyəti də qənaətbəxş olacaq. Əks halda yeni struktur da əvvəlki bölmələr kimi effektsiz fəaliyyəti ilə seçiləcək.
İdxal-ixrac əməliyyatlarına nəzarətin artırılması, böyük ehtimalla vergi yığımlarına istiqamətlənib. Bu əməliyyatların strukturunda böyük maxinasiyalar aşkar olunub. Ola bilər, Vergilər Nazirliyi belə qanunsuzluqların qarşısını almaq üçün nəzarət departamentini təsis edib”.
R. Həsənov Vergilər Nazirliyində edilən struktur dəyişikliyini gələcək islahatlar üçün mesaj adlandırıb:
"Ehtimal olunur ki, gələcəkdə mərhələli şəkildə Gömrük Komitəsinin fəaliyyətlərinə Vergilər Nazirliyi səviyyəsində inteqrasiya həyata keçiriləcək. Hətta ola bilər, Gömrük Komitəsi nə vaxtsa, Vergilər Nazirliyinin strukturuna daxil edilsin”.
Qeyd edək ki, departamentin yaradılmasında məqsəd olaraq, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi göstərilir.
Aysel Aslan