Dövlət qulluğunda müsahibə mərhələsinin ləğv olunması təklifi DƏSTƏKLƏNDİ

"Dövlət qulluğunda və digər strukturlarda müsahibə mərhələsinin yığışdırılması daha yaxşı olar”.
Bunu "Sherg.az”a millət vəkili Fazil Mustafanın dövlət qulluğunda müsahibə mərhələsinin ləğv olunması təklifinə münasibət bildirərkən vəkil İradə Cavadova deyib. 
O vurğulayıb ki, deputatın təklifini dəstəkləyir:
"İlk mərhələ - test imtahanında imtahan verən şəxsin savad göstəricisi bu üsulla yoxlanılır. İkinci –müsahibə mərhələsində isə savad göstəriciləri yoxlanılmır. Burada insan faktoru olduğuna görə, qərəzli münasibət yarana bilər. Tutaq ki, bir müəssisədə ikinci mərhələyə 3 nəfər keçib. Müsahibə götürən şəxs bilərək, 2 nəfəri uzaqlaşdırıb, 1 nəfəri seçər. Bu və ya digər şəkildə haqsız uzaqlaşdırılan namizədlər ola bilər.
Hesab edirəm ki, digər strukturlarda da şifahi imtahanın yığışdırılması daha gözəl olar. Çünki insanlarda müsahibələrin nəticələrinə şübhə yaranır”.
Sözügedən təklifə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) münasibətini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. DİM sözcüsü bildirdi ki, mərkəz dövlət qulluğuna qəbul imtahanlarını qanunvericilikdə müəyyən olunan şəkildə həyata keçirir:
"Əgər qanunvericilikdə dövlət qulluğuna qəbul qaydaları dəyişdirilərsə, DİM yeni formada imtahan keçirə bilər”.
Aysel Aslan