"Dövlət qurumları banklarla bağlı islahatları əngəlləyir" - Sabotaj







"Son üç ildə ən çox müzakirə olunan məsələ bankların sağlamlaşdırılmasıdır. Lakin bu istiqamətdə atılan addımlar göstərir ki, qeyri-effektiv yanaşmalar ortaya qoyulur”.

Bunu "Sherg.az”a bank sektoru üzrə hazırlanacaq yol xəritəsinin nəticələrindən danışarkən iqtisadçı, ekspert Rəşad Həsənov deyib. 

O bildirib ki, problemin obyektinə deyil, subyektinə hədəflənmiş layihələrin hazırlanması kökündən həll yolu deyil:

"Yeni strategiyanın nə dərəcədə effektiv olacağını indidən demək çətindir. Lakin gələcəkdə hazırlanacaq bu yol xəritəsində düzgün yanaşması görəndən sonra nəticə barədə proqnoz verə bilərik.

Digər tərəfdən, bəzən yol xəritələrinin və strategiyaların sənəd üzərində qaldığını müşahidə edirik. Onların icrası ilə bağlı problemlər yaranır. Hətta bəzi dövlət qurumlarının özləri belə bu prosesdə maraqlı olmadığından islahatları əngəlləyir, sabotaj rolunu oynayır. 

Ümid edirəm ki, hazırlanan sənədin icrası ilə bağlı mexanizmlər dəqiq öz əksini tapacaq. Bu olarsa, gələcəkdə bank sektorunun sağlamlaşdırılmasına kömək edəcək”.

Qeyd edək ki, maliyyə-bank sisteminin dayanıqlığının təmin edilməsinə, bank sistemi və onu əhatə edən iqtisadi və hüquqi infrastrukturda əsaslı keyfiyyət dəyişikliklərinə, qiymətli kağızlar və sığorta bazarının səmərəliliyinin artırılmasına və perspektiv inkişafına yönələn prioritet istiqamətlər açıqlanıb. 

2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd olunub ki, bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Aysel Aslan