Dövlət qurumlarına məktublar göndərilib

Gələn həftədən yoxlamalara başlanacaq



Hesablama Palatasının 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.

HP bu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair yoxlamalar aparacaq. Həmçinin dövlət büdcəsinin "Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılacaq. Bundan əlavə, büdcədənkənar daxilolmaların icrasına və dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair də yoxlama aparılması planlaşdırılıb.

Hazırda adları çəkilən bir neçə dövlət qurumunda audit yoxlamalarına başlanmasını öyrənmək üçün dövlət qurumları ilə əlaqə saxladıq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təmsil etdiyi qurumda maliyyə yoxlamalara başlanılmadığını bildirib: "Nə zaman başlasa, həmişə olduğu kimi Hesablama Palatası nəticələr barədə öz rəsmi saytında məlumat verəcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat sözçüsü Nailə Polad qızı isə xəbərdən məlumatsız olduğunu söylədi.

Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevanın "Şərq”ə verdiyi məlumata görə, qanunvericiliyə uyğun olaraq artıq audit proqram təsdiq olunub: "Bundan sonra yoxlamalara başlamazdan bir həftə və ya 10 gün əvvəl audit olunacaq dövlət təşkilatına audit yoxlama aparılacağı ilə bağlı rəsmi məktub göndərilir”.

Qurum rəsmisi artıq yuxarıda adları keçən bütün dövlət qurumlarına belə bir məktub göndərildiyini və gələn həftədən yoxlamalara başlanılacağını da açıqlayıb: "Eyni tarixdən başlayaraq təyin olunan müxtəlif vaxtlarda audit qrupları üzrə yoxlamalara başlanılacaq”.

Vüqar Şahinoğlu