Dünya Rusiyaya qarşı sərtləşir




Avropa İttifaqına üzv olan dövlətlər ABŞ-ın siyasi diktəsi əsasında yekdil
qərar veriblər. 

Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sərtləşdirilmiş sanksiyanın özəlliyi odur ki, Donald Tramp istəsə belə sanksiyanı ləğv edə bilməz.

Bəzi Qərb dövlətləri belə bu dəfə mövqelərini açıq olaraq ortaya qoymağa məcbur oldular

Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini 6 ay uzadıb. Brüsseldə keçirilən iclasda Avropa İttifaqına üzv olan 28 ölkə tərəfindən verilən qərara görə, Rusiyaya qarşı varidatı dondurma və ölkəyə səyahətlə bağlı qadağanın müddəti yenidən uzadılıb.

Xatırladaq ki, Avropa İttifaqı sanksiyaların tətbiqinə 2014-cü ilin martında başlayıb. Aİ iqtisadi sanksiyaları 2018-ci ilin yanvarınadək davam etdirəcək. ABŞ rəsmiləri Rusiyaya qarşı sanksiyalar barədə danışarkən bəzi Avropa ölkələrinin Moskvaya qarşı "yumşaq” mövqe sərgiləməsi, enerji təhlükəsizliyindən dolayı Kremllə gərginliyi artırmaq istəməməsi diqqətdən qaçmırdı. Ona görə də bəzi ekspertlər hesab edirlər ki, 28 qitə ölkəsinin sənədə birgə imza atması onların heç də hamısının Rusiyaya qarşı olduğunu göstərmir. Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp da Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxmışdı. 

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev xatırladıb ki, ABŞ Konqresi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanın müddətini uzatdıqdan sonra ardınca Avropa İttifaqı da anoloji qərar verdi. 

Ekspertin sözlərinə görə, qərarın yekdilliklə qəbul olunması çox ciddi siyasi proseslərin baş verəcəyinin göstəricisidir: 

"Bir çox məsələlərdə Rusiya ilə münasibətləri sona qədər korlamağa çalışmayan bəzi Qərb dövlətləri belə bu dəfə mövqelərini açıq olaraq ortaya qoymağa məcbur oldular. Buna səbəb isə Rusiyanın Ukraynaya qarşı siyasətində dəyişiklik etmək istəməməsidir. Ona görə də bir çox məsələlərdə Rusiyaya qarşı kəskin mövqe tutmayan Slavyan dövlətləri artıq tərəddüd etmədən qərara imza atırlar. Daha bir məqam da ondan ibarətdir ki, Avropa İttifaqına üzv olan dövlətlər ABŞ-ın siyasi diktəsi əsasında yekdil qərar veriblər. Konqresin Rusiyaya qarşı tətbiq etdiyi sərtləşdirilmiş sanksiyanın özəlliyi odur ki, Donald Tramp istəsə belə sanksiyanı ləğv edə bilməz. Sanksiyaların ləğvi üçün Konqresin hər iki palatasının razılığı mütləqdir”.

Analitikin fikrincə, Trampın narazılığının kökündə şəxsi təşəbbüsü ilə, yəni Amerika siyasətində ənənəvi sayılmayan üsullarla Rusiyanı ram etmək düşüncəsi dayanır: "Əslində Konqresin qərarı ən doğru yoldur. Çünki indiyə qədər gedən prosesləri diqqətlə izləsək, Putinin siyasi riyakarlığını açıq görmək mümkündür. Açıq-aşkar işğalçı siyasət yürüdən və planlarını durmadan həyata keçirməyə çalışan Moskva hökuməti ilə başqa dildə danışmaq mənasızdır. Bütün bunların nəticəsidir ki, keçmiş sovet məkanında və Yaxın Şərqdə müharibələr, terror hadisələri, iqtisadi çöküş davamlı olaraq biri-birini əvəz edir. Hesab edirəm ki, Rusiyada demokratik cəmiyyət qurulmayana qədər ona əl-qol açmağa imkan verilməməlidir”.

 Siyasi şərhçi hesab edir ki, sonuncu sanksiyalar onsuz da ölü nöqtədə olan Rusiya iqtisadiyyatına və eləcə də ölkənin siyasi durumuna ciddi təsir edəcək: 

"Bu ilin qış aylarında növbəti sanksiyaların olacağı danılmazdır. 2018-ci ilin yaz-yay aylarına qədər Rusiya öz xarici siyasətində ciddi dəyişikliklər etməyə vadar ediləcək”.

İsmayıl