Ermənistan sərsəm xəyallarla özünü gülünc vəziyyətə qoyur
“Mövcud beynəlxalq münasibətlər sistemində bu məsələ qəbul edilən davranış sayılmır”
Ermənistan tərəfi növbəti dəfə qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsini gündəmə gətirib. Budəfəki təşəbbüs müxalif "İrs” Partiyasından olan deputat Zarui Postandcyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. Ermənistanın bu addımı rəsmi Bakının haqlı olaraq kəskin etirazına səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması İrəvanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır. Ona görə də Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.
Ermənistan XİN-dən məsələyə ikibaşlı münasibət
Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan isə açıqlama verərək bildirib ki, "Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun "müstəqilliyinin” tanınması demək deyil. Ancaq Köçəryan vurğulayıb ki, tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq: "Əgər Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə "DQR”in tanınması məsələsi gündəmə daxil ediləcək”.
"Bu addım Ermənistanı zəiflədəcək”
Politoloq Elnur Sultanov bildirib ki, Ermənistanın qondarma respublikanı tanıması ona heç nə qazandırmayacaq, əksinə, bu ölkəni zəiflədəcək: "Bəzən iddia edirlər ki, tanınma məsələsi Ermənistanın əlində bir növ silahdır. Mövcud beynəlxalq münasibətlər sistemində bu məsələ qəbul edilən davranış sayılmır. Məsələn, ABŞ Kosovanı tanıdı və ardınca digər dövlətlər də ona qoşuldu. Burada siyasi güc bir növ məsələni həll etdi. Amma Ermənistan kimi bir dövlətin tanıması normativ sistemlərə uymur. Ona görə Ermənistanın tanıması, anneksasiya çağırışları olan bir hadisə kimi düşmən ölkənin əleyhinə işləyir”.
"DQR”in tanınması müharibəni qaçılmaz edir”
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan tərəfindən verilən bu bəyanat Azərbaycana təzyiq xarakteri daşıyır: "Təzyiqlərin heç bir effekti yoxdur. Çünki Azərbaycan tərəfi bildirdi ki, Ermənistan qondarma rejimi tanıyarsa, bu, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının dayandırılmasına səbəb olacaq. Belə bir vəziyyət iki ölkə arasında müharibənin başlamasına səbəb olacaq. Məsələ gündəmə gələndən sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın geriyə addım atdığını nümayiş etdirdi. Görünür, beynəlxalq təzyiq Ermənistanı sərsəm xəyallarından geri döndərib. Hesab edirəm ki, proses başqa bir formada, ikili əlaqələrin müqaviləsi zəminində qurulması ilə davam edəcək. Bu isə qondarma rejimin gələcəkdə tanınması kimi də yozula bilər. Amma tanınmayan bir rejimlə müqavilə imzalamaq mümkün deyil. Ermənilər vəziyyəti çox mürəkkəbləşdirdilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistanın bunu etməməsi nonsens vəziyyəti yaradar. Ermənistan bütün dünyanın qınaq obyektinə çevrilə bilər”.
"Ermənistanın "DQR”i tanımaq xəbərdarlığı sarsaqlıqdır”
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, erməni rəhbərliyi elementar həqiqəti anlamır: "Əgər Azərbaycan ərazilərini azad etmək qərarına gəlsə, İrəvanın Dağlıq Qarabağı "tanıması” boş səsdən başqa bir şey olmayacaq. Ermənistan beynəlxalq arenadakı ləkələnmiş nüfuzuna daha da xələl gətirəcək və dünya ictimaiyyətində gülüşdən başqa bir şey yaratmayacaq. Belə ki, həmin ərazilərin Azərbaycana mənsubiyyəti beynəlxalq strukturların müxtəlif qətnamələri və qabaqcıl dünya ölkələrinin bəyanatları ilə təsdiq edilib”.
F.Sadıqovun sözlərinə görə, Ermənistana aydın başa salmaq lazımdır ki, hərbi əməliyyatlar başlayarsa, İrəvanın Dağlıq Qarabağı tanıması və ya tanımaması faktının heç bir əhəmiyyəti olmayacaq: "Ermənistan Xarici İşlər Nazirliyinin qarşıya qoyduğu siyasi "məqsədlər” hətta bu ölkənin ekspertləri arasında mənfi reaksiya doğurur. Vəziyyəti ayıq başla qiymətləndirmək və Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək lazımdır”.
İsmayıl