Tofiq Abbasov: "Düzdür, Bolqarıstanda erməni icması var.Bu, o demək deyil ki, erməni icması Bolqarıstanda fəaliyyət göstərirsə, Azərbaycanla Bolqarıstanın əlaqələri olmamalıdır"
"Bolqarısan və Azərbaycan münasibətlərində əsas yeri energetika, kommunikasiya, nəqliyyat, informasiya texnologiyaları kimi sahələr tutur”.
Bunu "Sherg.az”a bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan lideri Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşün nəticələrindən danışarkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, hər iki ölkə bəzi beynəlxalq təşkilatlar daxilində də tərəfdaşdır:
"Xüsusilə, Qara Dəniz İttifaqının və digər beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlıqlar gündəmdədir. Hər iki ölkədə fəaliyyət göstərən səfirliklər də dinamik mövqedədirlər. Münasibətlərdə o dərəcədə qarşılıqlı inam və maraq var ki, tək şaquli deyil, digər paralel vəziyyətlərdə də ildən ilə inkişaf edən əlaqələr var.
Görüşün əsas məğzi Bolqarıstan və Azərbaycan arasında siyasi səviyyədə dialoqlardır. Bundan əlavə, mövcud vəziyyətə nəzər saldıqda ölkələr arasındakı mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğu görünür”.
Ermənistan mətbuatının Azərbaycanın keçirdiyi əhəmiyyətli görüşlərlə bağlı subyektiv informasiyalar yaydığını diqqətə çatdıran T.Abbasov deyib ki, düşmən Bolqarıstanda güclü mövqeyi olduğunu göstərməyə çalışır:
"Düzdür, Bolqarıstanda erməni icması var. Onlar çox işlək məqamlarda, hətta mənfur tərzdə özlərini büruzə verirlər. Bu, o demək deyil ki, erməni icması Bolqarıstanda fəaliyyət göstərirsə, Azərbaycanla Bolqarıstanın əlaqələri olmamalıdır.
Son illərdə təhsil sahəsində də müxtəlif əməkdaşlıqlar var. Azərbaycanlı tələbələrin çoxu Bolqarıstan ali məktəblərində təhsil alırlar. Həmçinin ölkəmizdə təhsil alan bolqar tələbələr də var. Onlar Azərbaycanın mədəniyyətinin, tarixini öyrənirlər, tədqiq edirlər. Bu şəkildə qarşılıqlı mütəxəssisləri hazırlayırıq ki, onlar gələcəkdə Azərbaycanın maraqlarını təmsil etsinlər. Məsələ qarşılıqlı xarakter daşıyır”.
Qeyd edək ki, görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Aysel Aslan