Düşmən sülhə razı deyil

Cenevrə görüşündən dərhal sonra cəbhədə vəziyyət gərginləşib
“Hadisələrin gedişatı göstərdi ki, Ermənistan tərəfi hansısa şifahi razılaşmaya belə əməl etmək fikrində deyil”




Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Cenevrədə prezidentlərin görüşündən sonra təmas xəttində gərginliyin azaldılmasına çalışacağını iddia edən Serj Sarkisyan hər zaman olduğu kimi sözündən dönüb. Görüşdən çox qısa zaman keçməsinə baxmayaraq, düşmən tərəf cəbhədə atəşkəsi kobud şəkildə pozub və iri çaplı silahlarla mövqelərimizə atəş açıb. Düşmənin həmləsi Milli Ordumuz tərəfindən dərhal dəf edilib.

Müdafiə Nazirliyi bəyan edib ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Nazirlik bildirib ki, son günlər Ermənistan hakimiyyətinin nümayəndələri, o cümlədən xarici işlər naziri Edvard Nalbandyan, guya, Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər: "Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”. 

Proseslərlə bağlı "Şərq”ə danışan politoloq Elxan Şahinoğlu deyib ki, əgər danışıqlarda irəliləyiş olmursa və düşmən tərəf durmadan təxribata əl atırsa, düşmənə qarşı təzyiq siyasətini daha ciddi davam etdirməliyik: 

"Cenevrə görüşü zamanı optimist olmadığımı bəyan etmişdim. Görüşdən sonra gərginliyin davam etməsi, hətta daha da artması proqnozumun doğru olduğunu göstərir. Əlbəttə, buna təəssüf edirəm. Danışıqların uğurlu alınması üçün böyük dövlətlər konkret surətdə ermənilərə təzyiq etməlidir. Həmsədrlər yalnız o zaman prosesdə irəliləyiş olduğunu iddia edə bilərlər. Ən yaxşı halda düşmən ölkə Qarabağ ətrafı rayonları boşaltmağa hazır olduğunu söyləməlidi. Bütün bunlar olmadığı üçün görüşlərdən müsbət nəticə çıxmayacağı hamımıza bəlli idi. Doğrudur, görüşdən sonra həmsədrlər bəyanat verdi ki, guya, cəbhədə atəşkəsə riayət olunacaq və tərəflər dialoqu davam etdirəcəklər. 

Ancaq hadisələrin gedişatı göstərdi ki, Ermənistan tərəfi hansısa şifahi razılaşmaya belə əməl etmək fikrində deyil”.

İsmayıl