Ermənistanın Qarabağla bağlı danışıq aparmağa vaxtı və gücü qalmayıb
Düşənbədə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra danışıqlar prosesində yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz həmin görüşdə öz istəyi ilə Prezidentə yaxınlaşan Paşinyan əvvəlki sərsəm iddialarından tamamilə fərqli yanaşma sərgilədi. Ayaqüstü təmasdan sonra münaqişə tərəfləri arasında bir sıra məsələlərlə bağlı razılaşmalar əldə olundu.
Bir müddət sonra isə xarici işlər nazirlərinin mütəmadi görüşünün planlaşdırıldığı deyildi. Ancaq məlumdur ki, Ermənistanda növbəti dəfə siyasi gərginlik yaşanır. Ölkənin baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərə nail olmağa çalışır və bu istiqamətdə əlindən gələni edir. Bir sıra ekspertlərə görə, düşmən ölkədə yaşanan siyasi proseslər nəzərdə tutulan danışıqlara mənfi təsir göstərə bilər. Onların fikrincə, rəsmi Bakı düşmən ölkədəki proseslər bitənə qədər gözləmə mövqeyində qalmalıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Ermənistandakı siyasi gərginlik Qarabağın işğalda qalmasını uzadır. Analitikin sözlərinə görə, indiki şəraitdə rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı danışıq aparmağa vaxtı və gücü yoxdur:
"Baş nazir Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr cari ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Lakin Paşinyanı aprel-may aylarında etiraz aksiyalarında müdafiə etmiş "Tsrukyan” bloku seçkilərin yazda keçirilməsi tərəfdarıdır. Nikol Paşinyan "Daşnaksütyun” Partiyasında olan qubernatorları və nazirləri istefaya göndərir. Başqa sözlə, Paşinyan başçılıq etdiyi siyasi qüvvənin təkhakimiyətliliyinə nail olmağa çalışır. Düşmən ölkədəki gərgin vəziyyət Qarabağın işğal altında saxlanılmasını uzadır. Bu şərait Azərbaycanı qane etmir. Heç şübhəsiz beynəlxalq vasitəçilər münaqişənin həlli ilə bağlı ciddi əməli iş görməsə də, işğalın radikal şəkildə həllinin yolverilməz olduğunu vurğulayırlar. Odur ki, Azərbaycan Ermənistanda vəziyyətin normallaşmasını gözləyəcək. İndiki şəraitdə başqa variant mümkün görünmür”.
İsmayıl