Mehriban Zeynalova: “Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar”
Əcnəbi kürəkənlərin sayı artır
Dəyanət Rzayev: “Biz öz qadınlarımızın qədrini bilmirik”
Mehriban Zeynalova: “Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar”
Mehriban Zeynalova: “Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar”
Azərbaycanda xoşbəxtliyini xaricdə axtaran qızların sayı günü-gündən artır. Azərbaycanlıların əcnəbi oğlanla ailə qurması cəmiyyətdə birmənalı qarşılanmadığı üçün bu addımı atan xanımlar əksər vaxt tənqid obyektinə çevrilirlər. Ən çox narahatlıq doğuran isə qızların əcnəbi evliliyinə üstünlük verməsinin səbəbləridir. Bu səbəblərin müxtəlif olduğunu vurğulayan ekspertlər isə hesab edir ki, bu məsələnin geniş vüsət almasında serialların, internetin "əvəzsiz” rolu var.
Xaricdə qadınların daha azad yaşadığını görüb, onlara qibtə edən qadınları bu sərbəstlik cəlb edir. Və bu azadlığı əldə etmək üçün onlar da əcnəbi bəylə ailə həyatı qurmaq istəyirlər. Amma təəssüflər olsun ki, xaricdəki həyat haqda çox cüzi təsəvvürlərinə arxalanıb "sevgi sərhəd tanımır” deyən qızlar bəzən yanlış istiqamətə yönəlirlər.
Sərbəstlikdən əlavə bizim qızlarda bütün əcnəbilərin varlı olması ilə bağlı yanlış qənaət formalaşıb. Bəzən əcnəbilərlə nikahın əsasında bu məqamlar da dayanır.
Bu gün əcnəbi vətəndaşlarla evlənib, yaşamaq üçün xaricə gedən qızların başına gələn faciələr hər kəs üçün sirr deyil. Təbii ki, onların arasında ideal həyat yoldaşını tapıb, xoşbəxt olanları da var. Amma təəssüf ki, aldadılaraq insan alverinin, bəzən də məişət zorakılığının qurbanına çevrilən qadınlarımız çoxluq təşkil edir. Bəzən əcnəbilər xanımların xoş niyyətlərindən sui-istifadə edirlər. Qızlarımızın şan-şöhrət, seriallardakı dəbdəbəli həyatı yaşamaq ümidi ilə xarici vətəndaşlarla ailə qurması isə sonda çox vaxt bədbəxtçiliklə bitir. Bu cür xoşagəlməz faktların kifayət qədər olmasına rəğmən xanımlarımız yenə də əcnəbilərdən ilk təklif gələn kimi həmin şəxs haqqında heç bir araşdırma aparmadan, tanımadan, xasiyyətinə bələd olmadan razılıq verib evlənirlər.
Psixoloq Dəyanət Rzayev problemin psixoloji aspektlərdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, öncə ona diqqət yetirməliyik ki, Azərbaycan kişiləri Avropa qadınları ilə evlənməyi sevmirlər: "Çünki əcnəbi qadınlarla bizim kişilərin arasında mentalitet fərqi var. Azərbaycanlı qadınlar xaricilərə ərə gedirlər. Çünki Avropa kişilərinin centlmen davranışları var. Azərbaycan kişiləri qadınla davrana bilmirlər. Qadına xəyanət etmək və s. kimi fikirlər azərbaycanlı kişilərin problemidir. Bilirlər ki, əcnəbi kişi qadına başqa qiymət verir. Lakin sonradan bunun belə olmadığını görən qadınlarımız problemlərlə üzləşirlər”.
Azərbaycanlı qadınların əcnəbi kişilərlə evliliyə üstünlük verməsində bizim kişilərin də müəyyən mənada rolu olduğunu vurğulayan ekspert bildirib: "Biz öz qadınlarımızın qədrini bilmirik. Əcnəbi hətta gedib bardan ən pis fahişəni götürüb arvad edir. Bizdə isə qadına münasibət fərqlidir. Qadınlar da stereotiplərdən azad olmaq üçün əcnəbi kişilərə meyilli olurlar. Onların bu qərarı isə bəzən həyatlarını puç edir. Əcnəbi ilə ailə quranlar arasında öz xoşbəxtliyini tapanlarla yanaşı, insan alverinin qurbanına çevrilənlər də az deyil”.
"Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əcnəbi vətəndaşlara ərə gedən qadınların əksəriyyəti boşananlardır. "Çünki bizdə bir çox hallarda bir dəfə evlənib, ayrılmış qadınlar yenidən ailə həyatı qura bilmirlər. Onlar da başa düşür ki, Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxır. Və onlar da yenidən evlənmək üçün əcnəbi vətəndaşlarla əlaqə qururlar. Mənə elə gəlir ki, biz bu adətləri və stereotipləri aradan qaldırmalıyıq. Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar. Və beləcə, qadınlarımız və qızlarımızın həyatı təhlükə altında qalmaz”. M.Zeynalova hesab edir ki, əvvəlki illərə baxanda artıq qızların xarici vətəndaşlarla ailə qurmaq məqsədləri dəyişib. "Ola bilər ki, biri xarici ölkədə təhsil alır, o münasibətlər əsasında tanış olur, bir çox qadınlar belə hesab edirlər ki, əcnəbilərlə ailə qurmaq onun gələcəyinin təminatıdır, onun ailəsi daha möhkəm olacaq. Bəziləri düşünür ki, əcnəbilər iqtisadi cəhətdən daha stabildir, nəinki bizimkilər. Bununla yanaşı, bəzilərinin intellekt, təhsil səviyyəsi onda elə bir fikir yaradıb ki, Azərbaycan oğlanları intellekt baxımından onunla uyğunlaşmır. Bir çoxları düşünür ki, xarici ölkələrdə insan haqları daha yaxşı müdafiə olunur.
Əgər ailə qursa, o da müdafiə olunacaq, bəziləri isə ailədə zorakılığa məruz qaldıqda əcnəbi ilə ailə qurmağı seçir. Əlbəttə, burada həqiqi sevgi də, sosial maddi maraqlar da ola bilər. Amma unutmayaq ki, azərbaycanlı xanımların bütün bu arzu-istəklərinə baxmayaraq, bəzi hallarda bu maraqlar onun gələcəyinin məhvinə səbəb olur. Belə ki, bəzən məqsədli şəkildə əcnəbi vətəndaşlar xanımlarımızla evlənir və onları insan alverinin qurbanına çevirir, əxlaqsızlığa sövq edirlər. Yaxud da onların dünyagörüşü, həyata baxışı fərqli olduğu üçün bir müddətdən sonra onlar arasında konfliktlər başlayır. Və beləcə, qadının həyatı məhv olur. O ya məişət zorakılığının qurbanı olaraq dünyasını dəyişir, ya da əri tərəfindən atılaraq, yad məmləkətdə kimsəsiz qalır”.
Ekspert hesab edir ki, sonradan problemin ortaya çıxmaması üçün bəzi məqamlara fikir vermək lazımdır: "Çox vaxt əcnəbiyə ərə gedən qızlar evləndiyi adam barəsində məlumatsız olurlar. Həmin adamın kimliyinə, həyat tərzinə, planlarına bələd olmadan, əcnəbi olduğuna görə, yaxud pulu var deyə ərə gedirlər. Bəzən onların ailəli olub-olmadığını da dəqiqləşdirmirlər. Konfranslarda, tədbirlərdə həmişə imkan düşdükcə, bizə müraciət edən və etməyən şəxslərə mesaj ünvanlayırıq ki, əcnəbiylə ailə qurmazdan əvvəl onların ölkəsinin Azərbaycandakı səfirliyinə müraciət etsinlər, həmin şəxs haqqında ətraflı məlumat alsınlar. Amma təəssüf ki, bir çox hallarda qızlar və onların valideynləri bu məsələyə biganə yanaşırlar. Məlumatı dəqiqləşdirmədən evlilik kimi önəmli bir qərar verirlər”.
Şəymən