Əcnəbiləri muzdlu olaraq işlətmək məsuliyyət daşıyır

“İşlədilən əcnəbi bir nəfərdirsə, vəzifəli şəxs 3 mindən 4 minə qədər, hüquqi şəxs 15 mindən 20 minə qədər cərimə olunur”



Fevralın 12-si və 14-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə, 26 nəfər əcnəbi saxlanılıb.

Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineşkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib. 

Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Məsələ ilə bağlı "Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz olaraq ölkədə çalışdırılması üçün müvafiq cərimələr var: 

"Əcnəbi vətəndaşları muzdlu olaraq işlədən hüquqi və vəzifəli şəxslər üçün ayrı-ayrılıqda məsuliyyət nəzərdə tutulur. Məsələn, işlədilən əcnəbi bir nəfərdirsə, vəzifəli şəxs 3 mindən 4 minə qədər, hüquqi şəxs 15 mindən 20 minə qədər cərimə olunur. Əgər əcnəbi işçilərin sayı 3 nəfərdən artıqdırsa, 5 mindən 7 minə qədər, həmçinin 30 mindən 35 minə qədər cərimə nəzərdə tutulur. Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi muzdlu olaraq çalışdırmağın kifayət qədər cəriməsi var. Həmçinin əcnəbi şəxslərin özünə də inzibati məsuliyyət, 300 manatdan 400 manatadək cərimə, eyni zamanda 1 ildən 5 ilə qədər ölkəyə girmə məhudiyyəti qoyulur.

İki dövlət xidməti birlikdə 26 nəfəri tapıblar. Hər zaman müvafiq dövlət orqanları belə hallarla rastlaşırsa, bu zaman hər iki tərəfi cərimə gözləyir. Bir də var ki, belə əcnəbi şəxslərin ölkənin milli təhlükəsizliyinə ziyan vurmaq məqsədləri ola bilər və ya hansısa cinayət xarakterli işlər üzə çıxa bilər. Bu halda təbii ki, onlar cinayət məsuliyyətinə də cəlb oluna bilər. 

Məsələn, Nigeriya vətəndaşları vaxtilə cinayətkarlıqla məşğul olmuşdular. Məhz dövlət təhlükəsizliyinə cavabdeh olan qurumlar bu proseslərdə iştirak edir. Əcnəbi şəxslərin ölkədən çıxarılması isə işə götürənin vəsaiti hesabına baş verir. Onların bilet, yol xərclərini işə götürən, yaxud dəvət edən tərəf ödəməlidir”.

Yeagnə Bayramova