Elçin Hüseynbəyli: “Ədəbi orqanlarda çalışanlar peşəkar yazarlar olmalıdır”
Ədəbi medianın problemləri çoxdur
Əziz Rzazadə: “Eynəksiz görünən bir həqiqət - ideya qısırlığıdır”
Elçin Hüseynbəyli: “Ədəbi orqanlarda çalışanlar peşəkar yazarlar olmalıdır”
Elçin Hüseynbəyli: “Ədəbi orqanlarda çalışanlar peşəkar yazarlar olmalıdır”
Azərbaycan mətbuatının inkişafına dair atılan çoxsaylı addımlar ədəbi qəzet, jurnal və saytların da tərəqqisinə təkan verib. Məhz bu uğurlu tədbirlərin nəticəsidir ki, son illər ölkəmizdə ədəbi orqanların sayı çoxalmaqdadır və həmin sahədə kəmiyyət baxımından çox ciddi irəliləyişlər müşahidə olunur.
Buna rəğmən sözügedən media quruluşlarında heç bir keyfiyyət dəyişikliyi nəzərə çarpmır. Geniş oxucu auditoriyası yığa bilmir və oxucuları həddindən artıq azdır. Problemin kökü isə müxtəlif səbəblərlə izah olunur. Kimi bunu ölkəmizdə bədii əsərlərə və ya ədəbiyyata marağın azalması, kimi isə ədəbi mətbuatın reytinq, İP arxasınca qaçması, ciddi ədəbi məqalələrə deyil, şou xarakterli yazılara üstünlük verməsi, ədəbi proseslərə təsir göstərə bilməməsi və ictimaiyyətdə aparıcı rol oynamaması ilə əlaqələndirir. Bu baxımdan ədəbi mətbuatın hazırkı durumunu aydınlaşdırmaq məqsədilə çağdaş Azərbaycan ədəbi mühitinin nümayəndələrinin münasibətini öyrəndik.
Yazar-tərcüməçi Əziz Rzazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, ədəbi orqanların sayı - istər yazılı, istərsə də elektron - yetərincə deyil. Bu, ümumi acı, şikayətdi: "Səbəb bəsitdi. İlk baxışdan ədəbi media gəlir gətirən sahə deyil. Sponsor yardımı olmadan ərsəyə gətirilməsi çətin işdi. Amma məni daha çox məyus edən ədəbi qrupları, cərəyanları təmsil edən media quruluşlarının yoxluğudu. Bütün dünyada yazarlar adətən öz qrupları ətrafında media dəstəyi yaradır. Azərbaycanda bu görünmür”.
Müsahibimizin qənaətincə, istedad, xüsusən yazmaq istedadı ixtisasdan asılı deyil: "Bir məsələ də var ki, yazarların çoxu iş rejimi, nizamı olan qurumlarda çalışmağa çətinlik çəkir. Çulunu sudan çıxara bilən ancaq jurnalistikadan ədəbiyyata keçid eləyənlərdir. Lakin hər gün yazmağın özü nə dərəcədə düzgündü?”.
Ədəbi mətbuatın İP davasına qoşulmasından danışan yazar söyləyib ki, bu həqiqətən gülünc doğurur: "Çünki oxucuya sayğacdakı rəqəm deyil, mediada nə yazılması maraqlıdır. Görünür, bəzi qələm sahibləri ədəbi mediaya da işıqpulu, yaxud supulu toplayan gözüylə baxır”.
Ə.Rzazadənin sözlərinə görə, eynəksiz görünən bir başqa həqiqət - ideya qısırlığıdır: "Yazarlar oxucunu diksindirə bilmir. Oxucularda da səriştəsizlik var. Bəzən zövqlü materialı zövqsüzdən, faydalını faydasızdan ayıra bilmir. Bu bizim əcnəbi imza xəstəliyindən də irəli gəlir. Nəyə deyirsiz and içim, bizim qarşısında baş əydiyimiz xarici imza müəlliflərinin əksəri sadəcə əbləhdir! Bunu son dönəmdə bir neçə bədii kitabın redaktoru kimi deyirəm. Ay yerli müəlliflər, siz inəyin kövşək vurmasından da yazsaz, bu, şəxsən mənimçün Bukovski kimi əyyaş və səfilin "gündəliyi”ni oxumaqdan yüz qat maraqlı olacaq. Yazın, təki yazın. Yerdə qalanı oxuculuqdu. Yazın və say haqda əsla fikirləşməyin. Sizdən heç kim sayğaca görə haqq istəməyəcək”.
Yazıçı-publisist Elçin Hüseynbəyli düşünür ki, hazırda ədəbiyyatımızın durumu necədirsə, ədəbi media quruluşlarının da vəziyyəti o yerdədir: "Bu başqa məsələ ki, ədəbiyyatda dostbazlıq, yerlibazlıq var. Bununla da razıyam ki, kimlərinsə şişirdilmiş piar kampaniyaları aparılır. İstedadlı qələm adamlarımız ədəbiyyatda görünmürlər. Ya özləri utanırlar, ya xarizmaları çatışmır, ya da informasiya baxımından öz işlərini yönləndirə bilmirlər. Bununla belə zənn edirəm ki, ədəbi orqanların fəaliyyəti normaldır. Ədəbi sayt, jurnal və qəzetlərdə müxtəlif çalarlı ədəbi nümunələr dərc olunur”.
Publisist vurğulayıb ki, hazırda "Facebook” ədəbiyyatı meydana gəlib: "Biri status yazır. Həmin statusu kimlərsə tərifləyir. Onu götürüb, yazıya çevirirlər. Belə bəlalarımız var. Qarşısını almaq çətindir. Konkret bir format təklif etmək mümkünsüzdür. Ədəbiyyat format sevmir”.
Ədəbi saytların sayının çoxluğunun lehinə olduğunu söyləyən yazıçı bildirib ki, həmin saytlara peşəkarlar rəhbərlik etməlidir: "Rəhbərlik edən peşəkar olmayacaqsa, bu çox ağır nəticələrə gətirib çıxaracaq. Rəhbərin özü ədəbiyyatda bərkiməyibsə, bişməyibsə, onun layihəsi uğur qazanmayacaq. Fikir verin, bəzi adamlar bəshəbəsə girib, ədəbi sayt açır. Təhlükəli olan budur. Ədəbiyyat bəshəbəs sevmir. Sayt yaranırsa, ədəbiyyata xidmət göstərməlidir. Addımlarını buna yönəltməlidir. Ədəbi sayt rəhbərləri peşəkarlardan ibarət olarsa, bizə ziyanı yoxdur”.
Ədəbi orqan oxucularının sayının azlığına gəlincə, tanınmış yazar iddia edir ki, bu, bütövlükdə ölkədə ədəbiyyata olan marağın azlığından asılıdır: "Ancaq bir məsələni də qeyd edim ki, son zamanlar ölkəmizdə kitab şəbəkəsində bir irəliləyiş müşahidə olunur. Yazıçı və naşirlər arasındakı münasibətlərdə müsbət dəyişikliklər gözə dəyir”.
Həmsöhbətimiz söyləyib ki, elektron ədəbiyyat kağız ədəbiyyatı üstələyir: "Dövlətdən maliyyələşən ədəbi orqanlarda mühafizəkarlıq var. Bu da olmalıdır. Azərbaycan dilinin və mədəniyyətinin qorunmasına diqqət yetirirlər. Onlar erotik və şou xarakterli yazılara yer ayırmırlar”.
Müsahibimizin fikrincə, Azərbaycan insanı ədəbiyyatla qidalanmır: "Mənəvi qida almırlar. Çox adam hesab edir ki, ona mənəvi deyil, maddi qida lazımdır. Məsələnin bir tərəfi də var ki, iqtisadiyyat saytlarımız da çox oxunmur. Çoxları düşünür ki, onlar hər şeyi bilirlər və nəysə yeni bir şey öyrənməyə ehtiyac yoxdur”.
E.Hüseynbəyli bəyan edib ki, ədəbiyyatın təbliğatını apararaq və diqqəti bu sahəyə yönəltmək üçün teleməkanlarda onların reklamına yer ayrılmalıdır: "Hansısa ədəbiyyat orqanı həftədə 10 dəqiqə pulsuz reklam olunsa, yaxşı olar. Amma başqa bir məsələ odur ki, həmin reklamı peşəkarlar hazırlamalıdır”.
Yazıçı diqqətə çatdırıb ki, ədəbi orqanlarda çalışanlar peşəkar yazarlar olmalıdır: "O həm redaktəni bilməlidir, həm dili, həm də ədəbi zövqə malik olmalıdır. Bu tələbləri bir adamda tapmaq çətindir. Amma ideal variant budur. Ümumən ədəbi orqanlarda çalışanlar vicdanlı adamlar olmalıdırlar ki, ədəbi mətnlərə vicdanla yanaşa bilsinlər. Mənə elə gəlir ki, vicdan peşəkarlığın ən başlıca meyarıdır”.
Yazıçı Rövşən Yerfi deyib ki, yazarların əksəriyyəti tərəfindən gündəlik olaraq izlənən, oxunan iki sayt da var. Bunlar "Kultaz” mədəniyyət portalı və "Azadlıq” radiosunun "Oxu zalı”dır: "Kultaz” saytı beş ildən artıqdır ki, davamlı fəaliyyət göstərir. Burada yazarlar və bütövlükdə ədəbiyyatla yanaşı teatr, kino, musiqi, rəssamlıq ilə bağlı hər gün maraqlı xəbərlər, materiallar dərc edilir. Ötən illər ərzində saytda minlərlə ədəbi mətnlər, tərcümələr, araşdırmalar, müəllif yazıları yayımlanıb. Hazırda "Kultaz” Azərbaycan internetində nəinki ədəbiyyatı, ümumən mədəniyyəti təbliğ edən ən böyük internet resursudur. Portalda tez-tez müxtəlif mövzulara aid yaradıcılıq müsabiqələri təşkil edilir. Hər il gənc istedadların kəşfi və tanıdılması məqsədilə "Nəsimi” Milli Ədəbiyyat müsabiqəsi keçirilir. Bu il isə saytın beşilliyi ilə əlaqədar fəal yazarların nəsr nümunələri toplanmış "Ədalət almanaxı” çap olunmuşdur”.
Yazar deyib ki, "Oxu zalı” "Kultaz”dan yaşca kiçik olsa da, ictimai aktivlikdə onu üstələyir: "Danılmaz həqiqətdir ki, "Oxu zalı” fəallığı nəticəsində müasir ədəbi mühitimizdə yazarların böyük bir hissəsini ətrafına yığaraq aparıcı mövqe qazanıb. Burada müntəzəm surətdə hər gün çoxlu sayda materiallar: ədəbi tədbirlər və yeni kitablar haqqında xəbərlər, ədəbiyyatın ən aktual problemləri ilə bağlı müsahibələr, yeni yazılmış əsərlər barəsində tənqidi məqalələr dərc olunur. Saytın yeni kitablar, yeni tərcümələr, nəsr bölmələrində kitab təqdimatları və müzakirələri ilə, müxtəlif janrlı yazılarla tanış olmaq mümkündür. Portalda qeyri-adi virtual kitabxana - Azərbaycan ədəbiyyatı kitabxanası yaradılıb. Kitabxanada şifahi xalq ədəbiyyatından başlamış yazılı ədəbiyyatımızın qədim vaxtlarından bugünədək bütün dövrlərin, müasirlərimiz də daxil olmaqla yüzlərlə şair və yazıçıların əsərlərindən nümunələr toplanılıb. Şifahi ədəbiyyat hissəsində 27 dastanın tam mətninin verilməsinə, 61 xalq nağılının audio formatda təqdim olunmasına isə heyrətlənməmək, dəyərləndirməmək mümkün deyil. Bütün sadaladıqlarımdan əlavə hər il keçirilən "Ədəbi Azadlıq” hekayə və şeir müsabiqəsi ədəbiyyatımızda sağlam rəqabət mühitinin yaradılmasında olduqca diqqətəlayiqdir. Belə ki, yüzlərlə yazarın bu ədəbi yarışda iştirakı müsabiqənin ciddiliyindən və qazandığı nüfuzundan xəbər verir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, "Oxu zalı”nın bir xoşa gələn cəhəti də, yazarlar və onların əsərləri haqda tərif yazılarını qəbul etməməsidir: "Sayt şəxsiyyətləri yox, problemləri müzakirə etdiyini oxucularının diqqətinə çatdırır. Şübhəsiz, "eyibsiz gözəl olmaz” və ya "iş olan yerdə nöqsan da olar” məsəlinə rəğmən "Oxu zalı”nın da oxucuları qane etməyən müəyyən cəhətləri, çatışmazlıqları var. Saytda ədəbi materialların məzmununa bədiilik baxımdan çox siyasi nöqteyi-nəzərdən yanaşılması, özlərini müxalif elan edən yazarların fərqli təbliğ edilməsi, "dəstə” təsiri bağışlayan bir qrup müəllifin imzalarını mütəmadi görmək heç də birmənalı qarşılanmır”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb