Ədəbi nəşrlərimizin varlığı ilə yoxluğu hiss olunmur

Bizim müasir yazıçı və şairlərimiz isə informasiya jurnalistikasının cızdığı sərhədlər içində girələnirlərƏdəbiyyat Azərbaycanda hələ də gəlirli biznes sahəsi olmadığı üçün, onlayn ədəbi orqanların fəaliyyəti də arzuolunan səviyyədə və stabil deyil
Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzetlər və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan verib. Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb.
 Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.
Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.
Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. 
Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.
Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumu barədə "Şərq”ə açıqlama verən Aqşin Yeniseyin sözlərinə görə, bizim ədəbi media daha çox qəlibləşmiş etik dəyərləri əsas götürür. Yəni ədəbi orqanlarımız adlarından tutmuş, çap etdiyi məhsullara qədər hər sözündən, cümləsindən əxlaqi, ictimai, siyasi qorxaqlıq yağan bir məktəbli guşəsini xatırladır. "Əlaçı" olmayanlara orada yer yoxdur. Ona görə də səhifələrindəki yazılar heç bir ictimai həyəcan yaratmır. Müzakirəyə çıxarılan bütün yazılar isə məmur ədəbiyyatıdır. Məsələn, Türkiyədə cəmiyyətin bütün təbəqələrinə xitab edən ədəbi jurnallar, saytlar var: 
"Tutaq ki, "Varlıq" jurnalı daha çox intellektual kəsimə üz tutursa, "Hece" jurnalı milli ədəbiyyata geniş yer ayırır və birində gördüyünüz müəllifə o birində rast gələ bilməzsiniz. Bu bir estetik qarşıdurmadır və rəqabət mühiti yaradır. İkinci və daha vacib məsələ; bir ölkədə söz azadlığının sərhədləri bədii sözün azadlığının bitdiyi yerə qədərdir. Bizim müasir yazıçı və şairlərimiz isə informasiya jurnalistikasının cızdığı sərhədlər içində girələnirlər. İnformasiya jurnalistikası ayağını hardan götürürsə, ədəbiyyatımız ayağını ora qoyur. Yəni təriyinə almalı olduğu şeyin təriyinə minir. Belə bir çərçivədə ciddi ədəbiyyat yarana bilməz. Ona görə də ədəbi orqanlarımızın varlığı ilə yoxluğu hiss olunmur. Şəxsən mənim yazılarımın ən çox senzuraya məruz qaldığı orqanlar ədəbiyyat orqanlarıdır. Bəri başdan baş redaktorun hansı cümləni və sözü çıxaracağını bildiyim üçün yazılarımı onlara göndərəndə özüm senzuraya məruz qoyuram. Mənim həyatımı itirə biləcəyim bir cümləyə görə baş redaktorlar işlərini itirmək istəmirlər. Yazarlarımızın uzunömürlülüyünün sirri baş redaktorlarımızın mediativ instinktlərindədir. Ədəbiyyatın risk təhlükəsi yoxdursa, o, ölü doğulub deməkdir. Cəlilin, Sabirin, Cabbarlının hər cümləsi təhlükə idi. Ədəbiyyatımız, ədəbi orqanlarımız onların "belindən gəlməliydi", amma süni mayalanma yolu ilə yarandılar. Ona görə də həm müasir ədəbiyyatımızın, həm də ədəbi orqanlarımızın xarakter problemi var”.
Son illər çap nəşrlərini izləmək imkanı olmadığını vurğulayan yazar Zahir Əzəmət deyib ki, bu da işimin xarakterindən asılıdır: 
"Bütün günü internet layihələri ilə məşğul olduğum üçün, istər-istəməz informasiyanı da internet üzərindən izləməyə üstünlük verirəm. Ona görə də internet resursu olmayan ədəbi nəşrlər haqqında danışmağa çətinlik çəkirəm. Bu faktın özü - əksər ədəbi nəşrlərin saytının olmaması elə onların durumu haqqında hər şeyi deyir.
Ədəbiyyatın inkişafında onlayn medianın rolu böyükdür. Elə 2000-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycan ədəbiyyatında gedən proseslər böyük mənada onlayn media ilə bağlı olub. İstər polemikalar, istər yeni imzaların üzə çıxması və formalaşması, istərsə də müxtəlif ədəbiyyat müsabiqələri - bütün bunların mütləq əksəriyyəti ədəbiyyatla bağlı internet resurslarında gedib. Amma təbii ki, ədəbiyyat Azərbaycanda hələ də gəlirli biznes sahəsi olmadığı üçün, onlayn ədəbi orqanların fəaliyyəti də arzuolunan səviyyədə və stabil deyil. Bununla belə, ayrı-ayrı entuziastların hesabına bu sahə inkişaf edir. Onlayn media ənənəvəi mediadan daha çevikdir. Tiraj məhdudiyyəti yoxdur, çap üçün aylarla növbə gözləməyə ehtiyac olmur, interaktivdir, bütün tərəflər dərhal polemikaya qoşula, fikirlərini, yazılarını paylaşa bilirlər. Bütün bunlar, əlbəttə, inkişafa xidmət edir”.
"Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinin redaktoru, yazıçı Natiq Məmmədli təəssüflə qeyd edib ki, müstəqil olduğumuz dönəmdə öz miqyasına, davamlılığına və daha geniş kütləni əhatə etməsi baxımından heç bir ədəbi nəşrimiz yaranmadı: 
"AYB-nin orqanları "Ulduz” və "Azərbaycan” jurnallarının tirajları nəzərəçarpacaq dərəcədə azalsa da, dövrülüklərini qoruya biliblər. Bu il "Ulduz”da bir neçə hekayəm çap olundu, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyim pyesimi isə "Azərbaycan” yayımladı. Mənim Azad Qaradərəlinin "Yazı” dərgisində də əsərlərim nəşr olunub, lakin adını çəkdiyim jurnal da daxil olmaqla digər nəşrlər maddi imkansızlığa görə davamlı çıxa bilmirlər. Qəzetlərin ədəbiyyata yer ayırması çox yaxşıdı və bu proses davam edir. Amma kağız mətbuatın satışının qənaətbəxş səviyyədə olmaması tirajı azaldır və yayılmasında çətinliklər yaradır. Cəmiyyətin ümumi laqeydliyi fonunda ədəbi orqanlarımız müstəqilliyin ilk illərində olduğu kimi yenə də israrla yalnız öz mövcudluğunu qorumaqla məşğuldur”.
Ədəbiyyatın inkişafında onlayn medianın roluna gəldikdə isə N.Məmmədli deyib ki, yeni internet mediası ədəbiyyatın xüsusən gənclər arasında yayılmasına töhfə verə bilər: "Nəzərə alsaq ki, artıq insanlar böyük mətnləri oxumağı bir növ yaddan çıxarıblar, onda onlayn media da təxminən elə ənənəvi mətbuatın günündədi. Peşəkarlıq imkanları aşağı olan, yalnız həvəskar səviyyədə kiminsə bloqu kimi aradabir sosial şəbəkələrdə gözə dəyən saytlar barədə danışmaq istəmirəm. "Kulis"in bağlanmasından sonra yerində qalan boşluq hiss edilir. Təəssüf ki, bu boşluğu doldurmaq hələ ki, mümkün olmayıb”.
Yazıçı Mirmehdi Ağaoğlu da ədəbi media orqanlarının vəziyyətinin çox pis olduğunu deyib: 
"Az da olsa saytlar var, fəaliyyət göstərirlər, amma bu fəaliyyət nəzərəçarpan səviyyədə deyil. Bunun da yeganə səbəbi maliyyə çatışmazlığıdır. Yazarlara qonorar verilməlidir, özü də qəpik-quruş yox, normal səviyyədə. Belə olsa, o halda ədəbiyyat saytlarının vəziyyəti də düzələcək, səviyyələri də artacaq, hər müəllifə qonorar verməyəcək, hər adamı çap etməyəcəklər. Yazanın da, onu çap edənin də məsuliyyəti artacaq. "Kulis"in bir uğuru da o idi ki, müəlliflərə xəbər saytlarının vermədiyi qonorarı verirdi. Ona görə də seçilirdi”.
Gənc yazar Eminquey Akif isə Azərbaycanda ilk ədəbiyyat saytını Zahir Əzəmətin yaratdığını qeyd edib: 
"Kult.az”ı deyirəm. O vaxtlar ədəbi mühitin ən qaynar vaxtlarından idi. Sonra bir aralar "Azadlıq” radiosunun "Pen klub”u var idi, orada yazıçılarımıza, şairlərimizə yer verilirdi. Elə hazırda işlədiyim "Ədalət” qəzeti də yazıçılara qəzetdə xüsusi yer verir. Son dövrlərin yaddaqalan, seçilən ədəbiyyat saytı isə "Kulis.az” idi ki, onun da taleyi məlum məsələdir. Hazırda kimin nəyə gücü çatır, özü üçün ədəbiyyat saytı açıb fəaliyyət göstərir. İstər dost-tanışını dərc eləsin, istərsə də başqalarını. Amma əvvəlki qədər effekt vermir.
Gələk medianın roluna. Açığı, deməzdim ki, hansısa ədəbiyyat saytı hansısa yazara konkret olaraq nələrisə verir və yazar da bundan stimul alır. Bəlli ki, həmin saytlar dərc etdiklərinə görə qonorar da vermirlər. O zaman bunca sosial şəbəkə vurhavurunda saytların bizə nə xeyri var? Xeyri odur ki, ədəbiyyat saytlarını oxuyan bəlli bir təbəqə, ədəbi mühit adamları var. Saytlarda dərc olunmağın sənin o təbəqəyə görünməyini təmin eləyir. Elə olur ki, sənin hansısa bir şeirin öz feysbuk hesabında böyük səs-küyə səbəb olur, amma ədəbiyyat adamlarının həmin şeirdən xəbəri belə olmur. Bu mənada ədəbiyyat saytlarının olmağı mütləqdir.
Şəxsən mənim üçün artıq Azərbaycanda hansısa ədəbi jurnalda, saytda çap olunmaq bir o qədər də maraqlı deyil. Feysbukda öz platformam var, öz oxucum var. Ədəbi mühitdə də az-çox tanınıram. Yaradıcı adam üçün hansısa saytda çap olunmaq bir mərhələdir. Onda ilişib qalmamalısan. Amma axı ədəbi saytlar təkcə bizim tanınmağımıza xidmət etmir. Həm də maraqlı mətnlərə əlimizin çatmağına kömək edir. Bu mənada "Kulis.az”ın yeri görünür. "Sim-sim.az” hələ ki, izlədiyim ədəbiyyat saytlarından yeganəsidir. Çox istəyərdim ki, saytların sayı çoxalsın”.
Şəymən