"Əhali gəlirlərinin yarıdan çoxunu ərzağa xərcləyir"





"Bu ilin ticarət dövriyyəsini əks etdirən rəqəmlər ərzaq məhsullarının satış həcmində ciddi artım olmadığını göstərir”.

Bunu "Sherg.az”a 2017-ci ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət dövriyyəsini əks etdirən rəqəmlərlə bağlı danışarkən, iqtisadçı, ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, qiymətlərin kəskin artması, rəsmi inflyasiyanın 14 faiz, ərzaq inflyasiyanın 18 faiz olması həcminin azalmasına rəğmən dəyər olaraq ərzaq məhsullarının satışının artdığını göstərir:

"Bu inflyasiyanın, qiymət artımının nəticəsidir. Maraqlı fakt odur ki, Azərbaycan əhalisi gəlirlərinin yarıdan çoxunu ərzağa xərcləyir. Bu, heç də yaxşı hal deyil. Çünki inkişaf etmiş, Avropa, Amerika və digər ölkələrdə aylıq qazancın 12-15 faizinin ərzağa xərclənməsi normativ kimi qəbul olunur.

Ölkəmizdə bəzi ailə kateqoriyalarına görə, 50 faiz qazancın ərzağa xərclənməsi yaxşı hal deyil. Amma ərzaq inflyasiyasının yüksək olması satış həcmlərinin artmasına səbəb olub. Bu, göstərir ki, Azərbaycan əhalisinin gəlirlərinin böyük hissəsi ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına xərclənir. Yığıma, depozitlərə yönələn vəsaitin həcmi azalır. Heç də təsadüfi deyil ki, son bir ildə banklarda olan depozit həcmi getdikcə azalır. Artıq insanlar qazancını yığıma, əlavə dəyər yaratmaq üçün investisiyalara deyil, əsas gündəlik tələbatlarını ödəmək üçün xərcləyir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ticarət dövriyyəsinin 12,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələyib.

Aysel Aslan