Əhməd Davudoğlu “İŞİD”dən əndişələnib

“Türkiyə İŞİD-ə qarşı mübarizədə daha aydın və konkret mövqe ortaya qoyduğuna görə, terrorçuların qəzəbinə tuş gəlib”



Türkiyənin baş naziri Əhməd Davudoğlu "İraq Şam İslam Dövləti”nin ölkə üçün üçün ciddi təhlükəyə çevrildiyini deyib. Baş nazirin sözlərinə görə, nəinki Türkiyə, o cümlədən region və dünyanın digər ölkələrində də real təhlükə yaranıb: "Biz ərəb dünyasında, Orta Şərqdə demokratiya və sağlam çevriliş üçün çox çalışdıq və bu səbəbdən ərəb gənclərinin demokratiya tələblərini dəstəklədik.

Amma Yaxın Şərqdəki bu problem daha da uzağa yayılaraq Yaponiya və İordaniya üçün də təhlükəyə çevrildi. Türkiyə isə bütün bunların tam mərkəzində qaldı”. Xatırladaq ki, İŞİD qüvvələrinin Türkiyə ilə sərhəd olan Kobani şəhərini tərk etməsindən və İordaniya dövlətinin terrorçulara havadan ağır zərbə vurmasından sonra radikal qruplaşmanın nisbətən sıradan çıxdığı iddia edilirdi. Amma Türkiyə baş nazirinin açıqlamasından da görünür ki, bütün sivilizasiyanı təhdid edən İŞİD hələ real gücünü itirməyib. Davudoğlunun narahatlığına münasibət bildirən milli təhlükəsizlik nazirinin keçmiş müavini, politoloq Sülhəddin Əkbər deyib ki, hansı dövlət İŞİD-ə qarşı yaradılmış hərbi koalisiyanın üzvüdürsə, həmin ölkə terrorçu qüvvələr tərəfindən əsas hədəfə çevrilir: "Açıq hədəfə çevrilən dövlətlərdən biri də Türkiyədir. Türkiyə İŞİD-in savaşdığı və ərazilərini zəbt etmək istədiyi iki ölkəylə, İraq və Suriya ilə qonşudur. Türkiyənin bu ölkələrlə 910 km-lik coğrafi sərhəddi var. Əlbəttə, bu uzunluqda sərhədi qorumaq olduqca çətindir. Digər tərəfdən "islam dövləti”nin sıralarına qoşulmaq istəyənlər əsasən tranzit ölkə kimi Türkiyədən istifadə edirlər. Bu ölkənin vətəndaşları da terrorçu qruplaşmaya qoşulur. Eyni zamanda Türkiyədə İŞİD-in hücrələri də var”. Politoloq bildirib ki, son dövrlər Türkiyə İŞİD-ə qarşı mübarizədə daha aydın və konkret mövqe ortaya qoyduğuna görə, terrorçuların qəzəbinə tuş gəlib: "Türkiyə Suriyadakı müxaliflərə, xüsusən də "Azad Suriya Ordusu”na xeyli dəstək verir. Bu ordunun hazırlığı ABŞ tərəfindən Türkiyə ərazisində həyata keçirilir. Məlumdur ki, Suriya müxalifəti İŞİD-ə qarşı vuruşur. Bütün bunlar Türkiyəni hədəf taxtasında birincilər sırasına çıxarıb. Ona görə də Davudoğlu İŞİD-i ciddi şəkildə hərbi-siyasi təhdid kimi görür”. S.Əkbərin sözlərinə görə, gizli savaşlarda hər zaman öz çıxarlarını qoruyan müəyyən mərkəzlər olur: "Şübhəsiz ki, terrorçu qruplarla əlaqəsi olan, onları dəstəkləyən və faydalanan dairələr, qüvvələr, hətta dövlətlər də var. Amma konkret hansı dövlətlərin olduğunu söyləmək çətindir”.

İsmayıl