ATƏT-in slovakiyalı sədri Qarabağ münaqişəsinin həllində ümidli deyil
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir. Bu barədə Layçakın Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqlar zamanı məlumat verilib. Diplomat həm rəsmi Bakıdan, həm də İrəvandan səfər üçün dəvət aldığını deyib. Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana martın 5-də gələcək. Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Məsələni "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, slovakiyalı nazir bütün imkanlardan istifadə edərək Qarabağ məsələsinin həllinə müsbət impulslar verməyə çalışacaqlarını bildirib. Ancaq ATƏT-in hazırkı sədri çox ehtiyatlı ifadə işlədib: "Bu, anlaşılandır. Çünki ATƏT 25 ildən çoxdur Qarabağ məsələsinin həlli ilə məşğul olur, ancaq heç bir irəliləyiş yoxdur. Slovakiyadan əvvəl təşkilata müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik ediblər. Bu dövlətlərin xarici işlər nazirləri də problemin həllinə çalışacaqlarını bildirsələr də, nəticə olmayıb. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş "təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil”.
Politoloq konfransda Lavrovun tərəflər arasında yeni görüşlərin hazırlanmasına dair fikirlərinə də diqqət çəkib: "Görünür, həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar. Yəqin ilkin olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşü hazırlanacaq. Bunun anonsu Münhen konfransında verilsə də, nəticə olmadı. Səbəbi danışıqlarda predmetli müzakirənin getməməsi ilə bağlıdır. Görüşlərdə söylənilən təkrar fikirlərin xeyri yoxdur. Bundan başqa, Paşinyan rəsmi Bakıya Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağı məsləhət görür. Rəsmi Bakı bunu qəbul etməyəcək. Məhz bu məqam nazirlərin Münhen görüşünə mane oldu”.
Politoloq Məhəmməd Əsədullazadə də "Şərq”ə bildirib ki, ATƏT sədrinin münaqişənin həllində demək olar ki, heç bir təsiredici funksiyası yoxdur: "Layçak bilir ki, proses Rusiyanın nəzarətindədir və hazırkı danışıqlara Rusiya vasitəçilik edir. Diqqətçəkən odur ki, Lavrov münaqişənin həlli ilə bağlı yeni planın olduğunu qeyd etsə də, tərəflərin "özlərinin razılığa gəlməsini” söyləyir. Məncə, bu, absurd yanaşmadır. Əgər Moskva belə yanaşmanı düzgün sayırsa, onda vasitəçilikdən geri çəkilməlidir.
Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir. Həmsədrlər danışıqların yeni formatda başlamasına və liderlərin növbəti görüşünün keçirilməsinə çalışırlar. Əgər görüş olacaqsa, Rusiya ərazisində baş tutacaq. Lakin lokal müharibə istisna edilmir. Çünki Paşinyan daxili qüvvələrin təzyiqi ilə üzləşib. Danışıqlarda real nəticə olmazsa, mini müharibə qaçılmaz olacaq”.
İsmayıl