Əkizlərin durumu yaxşıdır, ana isə ölüm ayağındadır

Əcnəbi həkim Bakıda bir ailənin faciəsinə səbəb olubSəhiyyə Nazirliyi hadisəni ciddi araşdırmalı, məsuliyyət daşıyanlar cəzalandırılmalıdır

Doğuş zamanı yaşanan daha bir bədbəxt hadisə bu dəfə ölkəmizdə çalışan əcnəbi həkimlər problemini qabartdı. Hadisə bir neçə gün öncə Bakıdakı xəstəxanalardan birində baş verib. İrina Polikarpova adlı pasiyent doğum sancıları ilə xəstəxanaya daxil olub. Türkiyəli həkim Öndər Tulumbacı pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı aparıb.

Əməliyyatdan sonra İrinanın ailəsinə xəbər verilib ki, ana da, əkiz körpələr də yaxşıdır. Lakin az keçməmiş xəstəxanaya təcili yardım çağırılıb və məlum olub ki, bu, İrina üçündür. Ailəsi öyrənib ki, İrinada atonik qanaxma - daxili qanaxma başlayıb, qanaxmanı dayandırmaq üçün həkim pasiyentin uşaqlığını tamamilə götürüb. ANS Press-in məlumatında qeyd olunur ki, həkimlə əlaqə saxlamaq istədikdə onun bu xəstəxanada işləmədiyi, sadəcə əməliyyat həyata keçirmək üçün gəldiyi bildirilib. ANS Press-in araşdırması zamanı adıçəkilən həkimin paytaxtdakı özəl klinikalardan birində çalışdığı məlum olub. Lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.

Təəssüf ki, ana və körpə ölümləri son bir neçə ilin ən tez-tez rast gəlinən faciəvi hadisələridir. Belə hallarda adətən pasiyent günahkar sayılır. Hamiləliyin nəzarətsiz keçməsi, hamilə qadının vaxtlı-vaxtında müayinə olunmaması, gərəkən analizləri verməməsi və s. o qədər səbəb göstərilir ki, bir sözlə, ölən günahkar çıxır. Bir-iki halda hansısa həkimə qarşı töhmət, uzaqbaşı işdən kənarlaşdırma halı baş verir ki, bu həkimlər də qısa bir zaman sonra yenidən hansısa tibb müəssisəsinə işə düzəlirlər. İndiyədək biz ana və ya körpə ölümünə görə hansısa həkimin ciddi cəzalandığını, ailəyə kompensasiya ödəndiyinin şahidi olmamışıq. Bax bunda vətəndaşlarımızın günahı danılmazdır. Çünki heç kim həkimdən şikayətçi olmur, həkimin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmir. Bəzi həkimlər də insanların bu çatışmayan cəhətindən məharətlə yararlanırlar. Körpə dünyaya gələndə gözləri "şirinlik” üçün ailə üzvlərini axtaranlar, bədbəxt hadisə baş verdikdə yaxalarını kənara çəkir və az qala bütün məsuliyyəti hamilə qadına yükləyirlər.

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova baş vermiş hadisə ilə bağlı "Şərq”ə açıqlamasında kimliyindən asılı olmayaraq hər bir həkimin pasiyentin həyatına cavabdehlik daşıdığını dedi:

- Xarici ölkələrdən gəlmiş həkimlərin fəaliyyəti məsələsinə Səhiyyə Nazirliyi çox ciddi yanaşır. SN-də xüsusi komissiya yaradılıb. Komissiyada təmsil olunan mütəxəssislər həkimin sertifikatını, diplomunu tələb edir, diplomun tanınıb-tanınmadığını araşdırır, həkimin bundan əvvəl harada işlədiyi, necə bir kadr olması barədə istər təhsil aldığı ali məktəbə, istərsə də işlədiyi klinikaya tələbnamə göndərilir. Tələbnaməyə cavab gəldikdən sonra mütəxəssislər tərəfindən araşdırılır və həmin həkimin fəaliyyət göstərməsinə rəsmi icazə verilir və onlar qeydiyyata alınrılar. Ola bilsin, bir neçə il əvvəl bu sahədə müəyyən boşluqlar vardı. Xaricdən həkimlər dəvət olunurdular, müəyyən şərtlər altında burada çalışırdılar, lakin indi bu sahədə çox ciddi nəzarət var. Hətta Azərbaycan vətəndaşı olan həkimlərə qarşı bu qaydalar keçərlidir, o ki ola əcnəbilərə münasibətdə. Komissiyanın icazəsindən kənar bəlkə hansısa tanınmış əcnəbi həkim bir-iki günlüyə, müvəqqəti qəbul keçirmək üçün hansısa klinika tərəfindən dəvət edilsin, bəzən belə halların şahidi oluruq. Amma bu həkimlər çox zaman tanınmış, öz sahəsində təsdiqlənmiş mütəxəssislər olur. Bununla belə, mən xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizə uzunmüddətli fəaliyyət göstərmək üçün gəlmiş əcnəbi həkimlər mütləq Səhiyyə Nazirliyinin razılığı əsasında çalışırlar və onlar SN-də qeydiyyata alınırlar.

Ş.Namazova qeyd etdi ki, sözügedən hadisədə pasiyentin həkiminin əcnəbi olması onu məsuliyyətdən azad etmir: "Kim olursa-olsun, həkim pasiyentin həyatına görə məsuliyyət daşıyır. Heç kim məsuliyyətdən kənar qala bilməz. İrina Polikarpovanın ailəsi də çox rahatlıqla Səhiyyə Nazirliyinə müraciət edib, faktın araşdırılmasını və həkimin məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Əlbəttə, heç bir həkim arzulamaz ki, başına belə bir iş gəlsin. Amma hadisə müxtəlif səbəblərdən baş verir. Bəzən pasiyentlər günahkar olur, vaxtında həkimə müraciət etmirlər, gecikmiş halda xəstəxanaya gəlirlər və həkim də məcburiyyət qarşısında pasiyenti əməliyyat masasına qaldırmalı olur. Yəni, doğuş zamanı ana və körpə ölümlərinə bir çox amillər təsir göstərə bilir. Əlbəttə, bəzən həkim səhlənkarlığını, yetərsiz tibbi savadı istisna etmək olmaz. Hamilə qadın 9 ay müddətində ciddi nəzarət altında olmalıdır. Ümumiyyətlə, qadınlar, gənc xanımlar ginekoloji yoxlamalara ciddi yanaşmalıdırlar. Bütün xəstəliklərdə, bütün hallarda erkən diaqnoz, pasiyentin vəziyyətinin əvvəlcədən müəyyənləşməsi həkim üçün də, pasiyent üçün də zəruri əhəmiyyət daşıyır. Baş vermiş bu hadisənin də səbəbləri yəqin ki, Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq və rəy veriləcək”.

Qeyd edək ki, rəsmi statistikaya əsasən 2015-ci ildə Azərbaycanda doğuş zamanı 23 ana həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da bu rəqəm 48-dir. 2016-cı ildə də artıq bir neçə ana ölümü qeydə alınıb. Bir neçə jün əvvəl Quba rayonu, Rustov kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Kərimova doğuş zamanı - məhz qanaxmadan dünyasını dəyişib.

Məlahət Rzayeva