Ekspert SƏRT DANIŞDI: “QTA-nın fəaliyyətində böyük səhvlər var”

Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Ağdaş rayonu Ləki kəndi ərazisində Kərimli Şirin Nizami oğluna məxsus 99-HX-408 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 534 kq istehlaka yararsız ət aşkar olunub. Agentlikdən "Sherg.az"a verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 3 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik görüntülərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumi çəkisi 534 kq olan ətin insan sağlamlığı üçün təhlükəli, ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb. Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB)sədri sədri Eyyub Hüseynov "Sherg.az”a söyləyib ki, bu cür halların artması arzuolunan deyil:
"20 ildir, AİB rayonlardan qanunsuz ətlərin paytaxta, kolbasa sexlərinə və digər istehsalat yerlərinə daşınmasına qarşı mübarizə aparır. Amma ölkədə qanunsuz ət ticarəti ilə məşğul olanların qarşısını almaq mümkün olmur. 
Qanunsuz, insan sağlamlığı üçün təhlükəli ət istehsalı ilə məşğul olanların telefon nömrələri, onlar haqqında məlumatlar məndə olub. Lakin yenə də onların fəaliyyətini dayandıra bilmədik. Çünki ölkədə qanunsuz, istifadəyə yarasız ətə tələbat var. Tələb olan yerdə təklif olur. Ona görə də, bu prosesin qarşısını inzibati yollarla almaq mümkün deyil. Məsələnin yeganə həlli ölkədə bu cür məhsullara tələbi azaltmaqdır. 
Çünki həmin məhsulları alan olmasa, belə xoşagəlməyən işlərlə məşğul olan olmaz. Ona görə də, qanunsuz ət tələb edənləri azaltmaq lazımdır. Bunun üçün də ictimai təşkilatlar, bələdiyyələr, polislər qanunsuz ət istehsal edənlərdən mal alanları tapıb, onlarla maarifləndimə işləri aparmalıdır. Eyni zamanda bu cür ətlərə tələb yaradanlar məsuliyyətə cəlb olunmalıdırlar. Fikrimcə, bu məsələ Qida Təhlükəsizliy Agentliyindən (QTA) alınıb, Daxili İşlər Nazirliyinin ixtiyarına verilməlidir. O zaman bu kimi xoşagəlməz halların qarşısı alına bilər”.
E.Hüseynov onu əlavə edib ki, qanunsuz ət satışının miqyasının genişlənməsində dönərxanaların rolu böyükdur:
"Hazırda Bakıda 15 mindən çox dönərxana var. Həmin dönərxalanala istifadə etdiyi əti mənfi 40 dərəcə şok dondurmadan keçirən müəssisədən almalıdır. Lakin bizim fəaliyyətimizə əngəl törədildiyi üçün hazırda dönərxanalar əti hardan gəldi alırlar. Fikrimcə, QTA-nin fəaliyyətində böyük səhvlər var. Həmin qurum ictimaiyyətlə, KİV-lərlə və digər təşkilatlarla sıx əlaqadə işləməli, əhalini maarifləndirməlidir. Bu halın qarşısını almaq üçün QTA ictimaiyyətlə sıx əlaqədə olmalıdır”.
Kənan Eynuroğlu