Ekspert vahid formaya qarşı çıxdı

"Hər məktəbin öz geyim formasının olması yaxşıdır"



Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Bu məsələ "Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Hazırda orta məktəblərdə şagirdlərin müvafiq formalardan istifadə etdiyini görürük. Bəs yeni formaların tətbiqi hansı şəkildə olacaq, ümumiyyətlə, buna ehtiyac varmı?

Vahid geyim formalarının tətbiq edilməsinin əleyhinə olduğunu deyən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü "Şərq”ə bildirib ki, 90-ci illərdən bəri məktəblərimizdə formalaşmış bir ənənə var. Bu ənənəyə görə, hər məktəb özünün formasını müəyyənləşdirməlidir: 

"Hazırda bunu çox gözəl şəkildə müşahidə edirik. Hər məktəbin özünün geyim forması var. Hətta yolda şagirdlərə rast gələndə geyimlərinə görə ayrı-ayrı məktəblərdən olduqları bilinir. Təbii ki, məktəbli forması vacibdir. Çünki bu, məktəblinin iş formasıdır. Necə ki, həkimlərin xüsusi geyimi olur, eyni zamanda şagirdlərin də xüsusi forması olmalıdır. 

Amma məsələnin vahid qanun formasına keçirilməsi yolverilməzdir. Bu məqam valideynlə-məktəbin öhdəsinə buraxılmalıdır, onlar qərar verməlidir. Belə qərarın pedaqoji kollektiv və valideyn tərəfindən verilməsinin özü məsuliyyətə motivasiya edən bir haldır. Düşünürəm ki, məktəbli forması şagirdlərin, müəllimlərin və valideynlərin iştirakı ilə müzakirə edilməli və daha sonra kollektiv formanın rəngini özü seçməlidir”.

Ekspertin fikrincə, vahid geyim formasının tətbiqi iqtisadi baxımdan israfçılığa yol aça bilər: 

"Hazırkı durumda maddi çətinlik içində olan valideynlərin öhdəsinə inzibati qaydada yeni bir formanın verilməsi düzgün deyil. Bu, nə qədər vəsait tələb edəcək. Sovet dönəmində də vahid məktəbli forması var idi. Şagirdlərin yarıdan çoxu isə bu formanı ala bilmirdi. Eyni hal indi də baş verəcək. Fikrimcə, vahid formalara keçid yolverilməzdir və bu, məktəblərin özlərinin həll edəcəyi bir məsələ olmalıdır”.

Yeganə Bayramova