“Elektriçka”ların geri qaytarılması müsbət hadisədir
Əslində tramvayların sökülməsi ilə bağlı verilən qərar ən böyük yanlışlıq idi
Paytaxtda tramvay xətləri bərpa ediləcək. Bunun tıxaclardan yorulan və elektrik qatarlarında daha da rahat şəkildə mənzil başına çatmaq istəyən vətəndaşlar üçün şad xəbər olduğunu deyən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun sözlərinə görə, tezliklə Abşeron yarımadasının dəmir yollarında yeni və müasir elektrik qatarları hərəkət edəcək.
Həmin qatarlar indiki sələflərini həm rahatlığına, həm sürətinə, həm də ki qrafikinə görə çox geridə qoyacaq. Qurum rəsmisinin sözlərinə görə, müasir qatarların alınması üçün hazırda danışıqlar aparılır. Qatarlar, ilk növbədə, Bakı və Sumqayıt arasında işləyəcək. Əzməmmədov bildirib ki, yeni qatarların marşrut xətti Bakı dəmiryolu vağzalına qədər ("28 May” metrosu yaxınlığı) uzadılacaq. Bundan başqa qrafikdə də dəyişiklik ediləcək. Həmçinin yeni elektrik qatarları gündə iki dəfə deyil, ən azı 6 dəfə Bakı və Sumqayıt arasında hərəkət edəcək.
Bakıətrafı "elektriçka”ların bərpasının tıxac probleminə nə dərəcə töhfə verib-verməyəcəyinə gəldikdə isə ekspertlər hesab edir ki, istənilən halda "elektriçka”ların geri qaytarılması müsbət hadisədir.
Tramvay və elektrik qatarlarının həm pula, həm vaxta qənaətə, həm də sıxlığın aradan qaldırılmasına səbəb olacağını deyən ekspert Azər Allahverənov Bakıda bu nəqliyyat vasitələrinin yenidən istifadəyə verilməsi üçün bir çox imkanların olduğunu düşünür: "Bir neçə ay bundan əvvəl mən bu məsələni qaldırmışdım ki, Bakı-Sumqayıt və ətraf kəndlərə gedən yollarda "elektriçka”ların istismara verilməsi yollarda xeyli rahatlıq yaradar. İstifadə olunacağı halda müasir standartlara cavab verən sürət qatarları istismara veriləcək ki, bunun da bir çox müsbət tərəfləri var. Ovaxtkı xətlər heç bir standartlara cavab verməyən, texniki baxımdan çox zəif və istismar müddətini başa vurmuş halda idilər. Beləliklə, bu nəqliyyat növləri tamamilə ləğv olundu. Bu isə müxtəlif səbəblərlə izah edildi. O zaman Bakıda nəqliyyat vasitələri ilə bağlı sıxlığın olmadığı göstərilirdi. Bu gün isə sıxlıq göz qabağındadır. Əslində tramvayların sökülməsi ilə bağlı verilən qərar ən böyük yanlışlıq idi. Çünki dünya praktikası da göstərir ki, tramvaylar ən effektli nəqliyyat vasitəsidir. Onlar bir çox cəhətdən üstünlüklərə malikdirlər. Tramvaylar həm şəhərin gözəlliyi üçün çox vacibdir, həm də tramvayların nəqliyyatdakı tıxacların aradan qaldırılmasında əvəzsiz rolu var. Çünki tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də ictimai nəqliyyatın yükü azalır, yollarda sıxlıq az olur.
Bu nəqliyyat növü bir tərəfdən sıxlığın, digər tərəfdən də vaxt itkisinin qarşısını alacaq. Çünki tramvaylar konkret vaxt qrafiklərinə əsasən hərəkət etdiklərindən, sərnişin ən azından hansısa dəqiq vaxtda istədiyi yerdə olacağını biləcək. Həmçinin təhlükəsizlik nöqteyi-nəzərindən də yeni sürət qatarları effektivdir. Çünki avtomobil yolunda qəza riski daha çoxdur və biz hər gün daha artıq dərəcədə bu cür faciələrin şahidi oluruq. Qatarlar isə kifayət qədər təhlükəsizdir. Həmçinin ekoloji cəhətdən də sürət qatarlarının istismara verilməsinin böyük əhəmiyyəti var. Avtomobil kimi ətrafa zəhərli maddələr buraxmır. Ona görə də tramvay yollarının salınması təklifi həm ictimaiyyət tərəfindən, həm də müəyyən qurumlar tərəfindən çox müsbət qarşılanır. Çünki yollarda nəqliyyat vasitələri nə qədər az olarsa, bunun ətraf mühitə bir o qədər də böyük təsiri var. Eyni zamanda, sərnişinlər daha komfortlu şəkildə mənzil başına çatmış olarlar. Bu gün Bakı-Sumqayıt xətti üzrə hərəkət edən marşrut avtobuslarında həddindən artıq sıxlıq var. Qatarlar istifadəyə veriləcəyi təqdirdə isə mövcud olan sıxlıq bir neçə dəfəyə qədər azalmış
olacaq. Sürət qatarlarından istifadə iqtisadi cəhətdən də kifayət qədər qənaətcildir. Sərnişinlər daha az ödənişlə istədikləri yerə gedib gələ biləcəklər. Məsafədən asılı olmayaraq, benzinin kifayət qədər baha olmasını nəzərə alsaq, tramvaylar elektriklə işlədiyi üçün daha qənaətlidir”.
Bakı-Sumqayıt xətti boyunca sürət qatarlarından istifadə üçün şəhər infrastrukturunun nə dərəcədə qənaətbəxş olduğuna gəldikdə isə A.Allahverənov bildirib ki, Sumqayıt və digər Bakıətrafı kəndlərdə qatarların istismarı üçün dəmiryol qovşaqları var. Ekspert hesab edir ki, hər şey proqramın hazırlanmasından asılıdır: "Bakıda bunun üçün çox yaxşı imkanlar var. Amma proqram çərçivəsində mövcud dəmiryolları üzərində təkmilləşdirmə işləri aparmaq da, həmin yollara paralel olaraq əlavə yollar çəkmək də olar. Düzdür, yol infrastrukturunda yeni tramvay strukturunun salınması vəsait tələb edən məsələdir, amma nəzərə alaq ki, bu həm ətraf mühitin mühafizəsi, qənaətçilik və sıxlığın aradan qaldırılması kimi 3 əsas məsələdə faydalı olacaq. Yəni xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini və gözəlliyini qorumaq üçün tramvay xətlərinin bərpa edilməsi məqsədəuyğundur”.
AVCİA sədri Məhərrəm Zülfüqarlı da elektrik qatarlarının bərpasını yüksək dəyərləndirir. Ancaq onun sözlərinə görə, "elektriçka”lar birbaşa Bakı-Sumqayıt xətti ilə hərəkət etməlidir: "Əvvəllər elektrik qatarı Abşeron kəndlərindən keçib, Sumqayıta gedirdi. Bu da kifayət qədər vaxt itkisinə səbəb olurdu. Avtovağzal tərəfdən üzü Sumqayıta tərəf yerüstü sürət qatarının çəkilməsi çox yaxşı olardı. Hətta həmin xətti Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər də uzatmaq olar. Uzaqbaşı, Xırdalan qəsəbəsində də dayansın. Əvvəlki elektrik qatarlarının bütün Abşeron kəndlərini fırlanaraq Sumqayıta getməsi Sovet dövrünün ləngliyinin nəticəsi idi”.
M.Zülfüqarlının sözlərinə görə, paytaxtda müasir tramvayların bərpası da tıxacların azalması ilə nəticələnər: "Avtobusların sayı "n” qədərdir. Bu səbəbdən də baş verən qəzaların sayı-hesabı yoxdur. Tramvay, "elektriçka” sürücüləri daha məsuliyyətli olurlar. Hər biri xüsusi təlim keçmiş insanlar olur. Avtobus sürücülərinin isə əksəriyyətinin sürücülük vəsiqəsi belə olmur”.
Şəymən