Elektrik qatarını daşa basan azyaşlılar tutuldu

Vaqonlara dəyən zərər istənilən halda həmin qayda pozuntusuna yol verən azyaşlıların valideynlərinə ödətdirilir. Ancaq bəzən bu, o qədər asan olmur
Bakı-Sumqayıt elektrik qatarı yenidən azyaşlıların hücumuna məruz qalıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış Biləcəri qəsəbə sakinləri olan 2 uşaq saxlanılıb. Daha sonra həmin uşaqların izahatları alınıb, özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.
Bu hadisə ilk dəfə törədilmir. Bundan əvvəl də dəfələrlə Bakı-Sumqayıt elektrik qatarı daşlanıb, onun pəncərələri sındırılıb və qatarlara digər maddi xəsarətlər yetirilib.
Burada ilk olaraq bir sıra maraqlı suallar ortaya çıxır. Bu qatarlar nə üçün daşlanır? Ona xəsarət yetirənlərin niyyətləri nədir? Dövlətin milyonlarla manat xərcləyərək ölkəyə gətirdiyi və insanların istifadəsinə verdiyi qatarları daşlayanlar, doğrudanmı, bunu şüursuz şəkildə edirlər?
Hər halda, sonuncu hadisə zamanı iki azyaşlının qatara vurduğu zərər təxminən 800 avrodur (1365 manat). Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov dedi. Rəis bildirdi ki, hadisə Xırdalan qəsəbəsi ərazisində baş verib. İki uşaq qatarı daşlayaraq onun şüşələrini sındırıblar:
"Bununla bağlı insanları dəfələrlə məlumatlandırmışıq. Düzdür, son zamanlar qatarlara zərər yetirilməsi hallarında nisbətən azalma var. Ancaq hazırkı vəziyyətdə də durum narahatedicidir. Azalma səbəbi isə belə addım atan insanların qısa zaman ərzində müəyyən edilərək barələrində müvafiq tədbirlərin görülməsidir. Çünki bu işə dəmir yolunun xətt polisi nəzarət edir və qatarlarda quraşdırılan kameralar da bütün belə neqativ halları qeydiyyata alır. İki gün əvvəl baş verən bu fakt da kameralar vasitəsilə qeydiyyata alınıb”.(anspress)
Elyar Muradov onu da bildirdi ki, vaqonlara dəyən zərər istənilən halda həmin qayda pozuntusuna yol verən azyaşlıların valideynlərinə ödətdirilir. Ancaq bəzən bu, o qədər asan olmur:
"Bəzi hallarda valideyn İnzibati Xətalar Məcəlləsinin (İXM) tələbinə uyğun qanunla müəyyən edilmiş həmin məbləği ödəsə də, dəyən zərəri qarşılamaqdan imtina edir. Belə olan halda isə bizim idarə məhkəməyə müraciət etməli olur və hökmü çıxaran orqanın qərarı ilə qatarlara dəyən zərər həmin valideynlərə ödətdirilir. Bundan əvvəl bir neçə dəfə iribuynuzlu heyvanlar tərəfindən də qatarlara zərər vurulub ki, həmin dəyən zərər də heyvanın sahibi tərəfindən qarşılanıb. Ancaq bu, əksər hallarda məhkəmə qərarı olmadan baş vermir”, - deyə E. Muradov bildirdi.