"Elektron məhkəmə sisteminin inkişaf etidirilməsi əsas məqsədlərdən biridir”

"Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsinə ehtiyac var”.
Bu sözləri "Sherg.az” açıqlamasında "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O bildirib ki, ölkə başçısı hələ 2017-ci ildən penitensiar xidmətdə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər haqqında göstəriş verib:
 "Bu günə qədər məhkəmə-hüquq sistemi ilə bağlı bir çox qərarlar qəbul edilib. Bu sahədə müəyyən islahatların aparılması bütövlükdə məhkəmə hakimiyyyətinin müstəqilliyinə olan inam və etimadın daha da güclənməsinə gətirib çıxaracaq. Çünki ən vacib məsələlərdən biri budur. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində geniş işlər aparılır. Elektron məhkəmə sisteminin daha da inkişaf etidirilməsi qarşıda duran əsas məqsədlərdən biridir”.
Ə.Nuriyevin sözlərinə görə Azərbaycanda mühüm məsələlərdən biri məhkəmələrdə ədalətli qərarların qəbul edilməsinin genişlənməyə doğru getməsidir: 
"Amma ölkəmizdə məhkəmə hakimiyyəti ilə bağlı psixoloji ovqat var. Bu ovqatın aradan qaldırılması lazımdır. Ən vacib məsələ odur ki, məhkəmə-hüquq sisteminə inam və etibar formalaşsın. Vətəndaşlarımızın hər biri ədalətli qərarların verildiyini başa düşməlidir.
Məhkəmə sistemindəki digər islahat isə insan hüquq-və azadlıqlarının daha da dərinləşməsi ilə bağlıdır. Eyni zamanda məhkəmə sistemindəki ən mühüm islahatlardan biri də pulsuz hüquqi yardımla bağlı qanunun qəbul edilməsi ola bilər. Əslində bu, hüquqi yardım keyfiyyətinin güclənməsinə gətirib çıxaracaq. Məhkəməyə qədər bir sıra institutların təkmilləşməsinə də ehtiyac var. Elə məsələlər var ki, onların daha sürətli həlli lazımdır. Bunun üçün də məhkəməyə qədər institutların inkişaf etdirilməsi yaxşı olardı. Hesab edirəm ki, bu sahədə də müəyyən islahatlar olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev mədəniyyət işçiləri ilə görüşü zamanı bir sıra məsələlərə toxunub. Həmin məqamlardan biri də məhkəmə sistemi ilə bağlıdır. Ölkə başçısı məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac olduğunu və müvafiq göstərişlər verildiyini bildirib.
Yeganə Bayramova