“Əli Mirəliyev məni məhkəmədə gözləsin”

Orxan Nadirov: “İnsanı ləkələmək, anasının ölümündə ittiham etmək adi söz deyil”“Onlar anam gözünü yumanda mənə ona görə xəbər vermədilər ki, öz çirkin niyyətlərini ortaya qoysunlar. Məni gözdən salsınlar ki, anamı son mənzilə yola salmağa çatmayım”
Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən mərhum sənətkarın yaxınları arasında miras davası gedir. Sözdə guya heç kim miras iddiasında olmadığını söyləsə də, əslində hamı mirasdan ona düşəcək pay üçün canfəşanlıq edir. Xalq artistinin ölən günündən isə müğənni Əli Mirəliyevin adı bu söz-söhbətlərdə daha sox hallanır.
Əli Mirəliyev miras iddiasında olmadığını dilə gətirsə də, qızı Samirənin mirasa haqqı olduğunu söyləyir. Hətta Əli Mirəliyev iddia edir ki, qızı Samirə son 5 ildə İlhamə Quliyevanın qulluğunda durub, ona qızlıq edib. Məhkəmədə də miras davasında qızının məhkəməyə gedəcəyini vurğulayıb.
Əli Mirəliyev bu günlərdə müsahibələrinin birində İlhamə Quliyevanın oğlu sayılan Orxan Nadirovu ciddi və ağır şəkildə ittiham edib. Əli Mirəliyevin ittihamına görə İlhamə Quliyevanı Orxan Nadirov öldürüb. Əli Mirəliyev açıq şəkildə İlhamə Quliyevanın oğlunu Xalq artistinin ölümündə təqsirli hesab edir. Hətta Əli Mirəliyev iddia edir ki, Orxan Nadirov sağlığında İlhamə Quliyevanı şantaj edirmiş.
Təbii ki, Əli Mirəliyevin bu ittihamları kifayət qədər ağır və məsuliyyətlidir. Müğənninin bu iddiaları Orxan Nadirovun suçlu olduğu anlamını yaradır. Belə olan təqdirdə qarşı tərəfin iddiaları da hər kəs üçün maraqlıdır. Görəsən, İlhamə Quliyevanın oğlu kimi təqdim olunan Orxan Nadirovun bu ittihamlara reaksiyası necədir? Əli Mirəliyevin kifayət qədər kəskin, hüquqi baxımdan məsuliyyətli iddialarına cavabı maraqlıdı. "Şərq”ə açıqlama verən Orxan Nadirov "Artıq Əli Mirəliyevin mətbuatda, orda-burda barəmdə danışdığı əsassız, mənasız ittihamları məni yordu. İnsan bir az özünə hörmət qoymağı bacarmalıdı. Anam dünyasını dəyişən gündən Əli Mirəliyev mənimlə müharibəyə başlayıb. Əslində səbəbini izah etməyə ehtiyac da yoxdu. Əli Mirəliyevin davası anamın mirasına qızının sahib olmaq iddiasıdı. Bunu görüb, başa düşmək heç də çətin deyil. Bilirsiz, onlar anam gözünü yumanda mənə ona görə xəbər vermədilər ki, öz çirkin niyyətlərini ortaya qoysunlar. Məni gözdən salsınlar ki, anamı son mənzilə yola salmağa çatmayım. Nə deyim ki? Mən anamı son mənzilə yola salanda da qeyd etmişdim. Gedən məndən gedib. Mən anamı itirmişəm. Bundan ağır nə ola bilər ki? Mən bu davaların olacağını da gözləyirdim. Mənim üçün maraqlıdır ki, Əli Mirəliyev İlhamə xanım sağ olanda belə danışa bilərdimi? Məni yandıran odur ki, anamın doğması olanlar susur, Əli Mirəliyev danışır. Axı sənin özünün şəxsən anamla qan qohumluğun yoxdu. Sən hansı haqla danışırsan? Mən bu günə qədər özümə, anamın ruhuna hörmət edib səbrlə susmuşam. Amma artıq Əli Mirəliyev məni məcbur etdi ki, onun bu məntiqsiz açıqlamalarına layiqli cavab verim. O insan məni anamın ölümündə günahkar təqdim edərək açıq şəkildə ittiham edir. Onun iddiası o qədər ciddidir ki, bu, mənəvi baxımdan da, hüquqi baxımdan da mənim övlad olaraq şərəfimə yaxılan ləkədir. Əli Mirəliyev bu iddialarını hüquqi şəkildə sübut etməlidir. Əks təqdirdə, mən məhkəmə qaydasında ona yalan və böhtanlarına görə məsuliyyətə cəlb olunmasını tələb edəcəm. Hətta bundan sonra təkzibinə belə ehtiyac yoxdu. Təkzibini də başına çırpsın. İnsan danışanda nə dediyinin fərqinə varmalıdır. İnsanı ləkələmək, anasının ölümündə ittiham etmək adi söz deyil. Deyib, bu iddianı sübut etmək lazımdı. Mətbuat nümayəndələrindən də bir neçə müddət də səbrli olmalarını xahiş edirəm. Yaxın günlərdə jurnalistlər, KİV üçün mətbuat konfransı keçirməyi planlaşdırmışam. Mətbuat konfransında bütün suallara cavab verəcəm. Əli Mirəliyev də məni məhkəmədə gözləsin!”.
Tahirə