“İngilis dilini və ya digər xarici dili bilməyən və ya zəif bilən şəxs xarici ölkəyə nə cür göndərilə bilər?”
Bir qrup alim Elmin İnkişafı Fondunun elan etdiyi qrant layihələrində tələb olunan sənədlərin çoxluğunun onlar üçün müəyyən çətinliklər yaratdığını bildirirlər. "Ümumiyyətlə, gələcəkdə tələb olunan sənədlərin siyahısında hər hansı dəyişikliklər edilməsi nəzərdə tutulurmu” sualı ilə sorğumuzu EİF-in aparıcı-məsləhətçisi və mətbuat katibi Kəmalə Quliyeva cavablandırdı.
K.Quliyeva Fondun elan edərək keçirdiyi qrant müsabiqələrində iştirak üçün beynəlxalq standartlara uyğun olaraq müəyyən sənədlər toplusu tələb edildiyini açıqlayıb: "Bunların sırasında müsabiqədə iştirak üçün ərizə (1 vərəq), layihənin elmi əsaslandırılması (məqsəd, annotasiya, icmal, iş planı, gözlənilən nəticələr və s.), qrant iddiaçıları haqqında statistik məlumat (ad, soyad, təvəllüd, elmi dərəcə və elmi ad, ünvan, telefon, işlədiyi qurum və s.) və layihənin xərclər smetası kimi sənədlər var. Əvvəllər tələb olunan 8 formanın sayı 4-ə endirilib. Bunlar zəruri sənədlərdir və onların əsasında layihənin qiymətləndirilməsi aparılır. Fond sənədlərdə layihə rəhbəri və iştirakçıların imzalarını tələb edir və qətiyyən onların çalışdığı qurumun rəhbərinin imzası və ya möhürü tələb olunmur. İstisna böyük maliyyə həcmli pilot layihələr üçündür (ən yuxarı təşkilatın elmi əsaslandırılmış təqdimatı olmalıdır)”.
K.Quliyevanın bildirdiyinə görə, əsas meyar elmi tutum olduğundan, elmi dərəcə və ya ada görə fərq qoyulmur: "Sənədlərdəki dəqiqlik həm Fond, həm də müstəqil elmi ekspertlər üçün vacib şərtlərdəndir. Layihə rəhbərinin son 5 ildəki elmi nəşrləri haqqında məlumat istənildikdə, 20-25 il əvvəlki məlumatlar təqdim olunursa, ekspertlər nə etməlidirlər? Hətta bəzi hallarda sənədlərdə süni düzəlişlərə də rast gəlinir”.
Fondun mətbuat sözçüsü tələb olunan sənədlərin səbəblərini də sadalayıb: "Mobillik qrantı” çərçivəsində xarici ölkələrdəki tanınmış qurumlarda təcrübəartırma və ya konfranslarda şifahi çıxışlar üçün göndərilən iddiaçılardan təcrübə artırmanın nəzərdə tutulduğu qurumun və bu işə məsul şəxsin razılıq məktubunun tələb edilməsi və ya konfransda çıxışın qəbul edilməsi, qeydiyyat haqqında müvafiq sənədin istənilməsi tamamilə məntiqlidir. Əks halda, "qız evində toydur, oğlan evinin xəbəri yoxdur” məsəlindəki vəziyyət yaranar.
Qrant müsabiqə, seçim deməkdir. Qrant müsabiqəsində iştirak üçün meyarlara cavab vermək lazımdır. Layihəsi obyektiv səbəbdən (aktual olmayan elmi məsələ, zəif əsaslandırma, təkrar işlər, texniki qüsurlar və s.) qalib olmayan şəxslər tamamilə təbii olaraq narazılar cərgəsinə qoşulurlar və bu uğursuzluğun səbəbini kənarda, "su bulandırmaq” yolu ilə yozmağa çalışırlar, bəzən də sənədlərin çoxluğu ilə əlaqələndirirlər. Sual olunur: ingilis dilini və ya digər xarici dili bilməyən və ya zəif bilən şəxs xarici ölkəyə nə cür göndərilə bilər? Bu həm özünü, həm də ətrafdakıları aldatmaq deyilmi?
Fond dövlət büdcəsindən maliyyələşən təşkilat kimi hər bir qəpik vəsaitin belə səmərəli, obyektiv və ünvanlı xərclənməsinə cavabdehdir və buna məsuliyyət daşıyır. Bu məsuliyyət isə qarşılıqlı olmalıdır və qrant iddiaçıları da Fondu və ekspertləri zəruri məlumat və sənədlərlə təmin etməlidirlər. Olmayan məlumat və sənəd əsasında necə rəy vermək olar? Müsabiqədə qalib gələ bilmək üçün isə dəyərli layihə təqdim etmək lazımdır. Bunun üçün Fond xüsusi olaraq məsləhət seminarları təşkil edir, suallara e-mail və telefon zəngləri vasitəsilə aydınlıq gətirir. Layihələrə isə adları açıqlanmayan müstəqil elmi ekspertlər rəy verir, Himayədarlar Şurası isə rəyləri araşdıraraq, qərar qəbul edir”.
EİF-nin mətbuatla əlaqələrini koordinasiya edən K.Quliyeva sonda Fondun daha bir yeniliyə imza atdığını da bildirdi: "Fond bu il müsabiqə və qrant layihələrinin idarə olunması işini tamamilə elektron sistemə keçirəcək, elektron imza, elektron sənəd dövriyyəsi tətbiq edəcək. Bu, həm Fond və ekspertlərin, həm də qrant iddiaçılarının işini daha da asanlaşdıracaq”.
Vüqar Şahinoğlu