“Tam əminliklə deyirəm ki, ötən illərə nisbətən Rusiyada yaşayan azərbaycanlılar elə bir ciddi hüquq pozuntularına məruz qalmırlar”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqlarının çox kobud şəkildə pozulduğunu deyib. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqlarının qorunması istiqamətində Rusiya Federasiyası ombudsmanı ilə sıx əməkdaşlıq edilir və bu sahədə bir sıra uğurlar əldə olunub.
Miqrasiya üzrə ekspert Azər Allahverənov ombudsmanın məsələyə bir qədər emosional yanaşdığını deyib. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması dedikdə, yəqin ki, söhbət əmək hüquqlarından gedir. Yaxud da azərbaycanlıların hüquq-mühafizə orqanları tərəfindən təqib olunması amili də ola bilər. Hər halda Elmira xanım konkret olaraq hansı hüquq pozuntusundan söhbət getdiyini qeyd etsə, daha yaxşı olardı: "Tam əminliklə deyə bilərəm ki, ötən illərə nisbətən Rusiyada yaşayan azərbaycanlılar elə bir ciddi hüquq pozuntularına məruz qalmırlar.
Düzdür, əvvəllər həmyerlilərimizin hüquqlarının pozulması halları daha çox idi. Düzdür, bilərəkdən və ya bilməyərəkdən Rusiya qanunlarını pozanlar da olurdu, amma əksəriyyətinə qarşı müvafiq dairələr qərəzli münasibət göstərirdi. Həmyerlilərimizin bir qismi 5-10 manat qabağa düşmək üçün qeydiyyata düşmürdülər, saxta firmalarla əlaqə saxlayırdılar. Bu faktlar Rusiyanın müvafiq qurumları tərəfindən aşkarlandığı zaman da onlara qarşı sərt addımlar atır, ölkədən deportasiya edirdilər”.
A.Allahverənovun sözlərinə görə, haqsız yerə Rusiyada təzyiqlərə və təqiblərə məruz qalan, haqları pozulan soydaşlarımız vəkillərə, diaspor təşkilatlarına, səfirlik və müxtəlif şəhərlərdə fəaliyyət göstərən konsullara müraciət etməlidirlər.
"Xüsusən səfirliyin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirirəm”.
Ekspert deyib ki, hansısa cinayətdə adı hallanan azərbaycanlılara qarşı qərəzli münasibət göstərildiyi halda ombudsmanın müdaxiləsinə ehtiyac var. Onun müraciəti ilə hüquqi-prosesual müstəvidə keçirilən prosesə daha obyektiv baxılar.
Şəymən