Elmira Süleymanova növbəti dəfə ombudsman seçilə bilməz

Yeni müvəkkili 3 namizəd arasından Milli Məclis seçməlidir





2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (ombudsman) seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. Lakin yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.


Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq. Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.
Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın hazırda insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Yeni ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə ombudsman seçilib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə hesab edir ki, Elmira xanımı əvəz edəcək yeni bir sima tapılmadığı təqdirdə qanunvericiliyə ediləcək müvafiq dəyişiklik fonunda onun yenidən səlahiyyət müddətini artırmaq olar.

Ombudsman İnstitutunun formalaşması və inkişafında Elmira xanımın çox böyük rolu olduğunu qeyd edən hüquq müdafiəçisi Elmira xanımın namizədliyinin yenidən irəli sürülərək öz vəzifəsində qalmasını normal hesab edir. Onun fikrincə, Elmira xanım ombudsman olduğu müddətdə öz səlahiyyətlərinin öhdəsindən layiqincə gəlib: "Qanunvericilik imkan verdiyi halda onun növbəti dəfə seçilməsi məqsədəuyğundur. Bir hüquq müdafiəçisi olaraq mən indiyə qədər ombudsman olan Elmira Süleymanovanın fəaliyyətindən razıyam. Nə zaman ondan hüququ pozulan insanlarla bağlı xahiş edirdik, nə zaman bu barədə məlumatlar verirdik, dərhal maraqlanırdı, köməklik göstərirdi”.
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) seçilməsi ilə bağlı məsələnin bu sessiyada təxirə salınmasına gəldikdə isə S.Bənənyarlı bunun sırf Milli Məclisin fəaliyyətinə aid bir məsələ olduğunu deyib. Qaranlıq qalan sualları deputatlar cavablandırmalıdır. Çox güman ki, yaz sessiyasına qədər Milli Məclis ombudsman postuna yeni namizədlər axtarmalıdır”.

İddialı namizədlər arasında adının hallanması ilə bağlı sualımızı cavablandıran Səadət xanım bu barədə məlumatsız olduğunu deyib: 

"İctimaiyyət tərəfindən müxtəlif adlar hallansa da, namizədlərin müəyyənləşdirilməsi birbaşa parlamentin səlahiyyətindədir. Milli Məclisin təqdim etdiyi üç namizədin arasından bu posta daha uyğun və layiq olan şəxsi ölkə başçısı ombudsman kimi təsdiqləyəcək. Bu mənada namizədlərlə bağlı sualların millət vəkillərinə ünvanlanması daha doğru olar”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə hesab edir ki, iki dəfə ombudsman seçilən Elmira Süleymanova növbəti dəfə seçilə bilməz: "Azərbaycan Respublikası haqqında Konstitusiya qanununa görə, müvəkkil 7 il müddətinə seçilir. Azərbaycanda eyni şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz. Səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil işinin icrasını davam etdirir. Yeni müvəkkilin seçildiyi gündən onun işi bitmiş hesab olunur. Hazırda fəaliyyətdə olan ombudsmanın fəaliyyət müddəti başa çatıb. Sadəcə, yeni müvəkkil seçilmədiyi üçün Elmira Süleymanova öz fəaliyyətini davam etdirir”.
Müvəkkilin təyinat məsələsini Prezidentin həyata keçirdiyini vurğulayan Fond rəhbəri qeyd edib ki, ombudsman Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir: "Azərbaycan Respublikasının Milli Məclisinin müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, Prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər. Azərbaycanda isə belə hal yaşanmayıb. İlk dəfə Prezidentin təqdim etdiyi namizədlər siyahısından Elmira Süleymanova seçilib”.

Hər adamın müvəkkil seçilmədiyini deyən Ə.Nuriyevin sözlərinə görə, yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı ombudsman vəzifəsinə seçilə bilər: "İkili vətəndaşlığı olan başqa dövlət qarşısında öhdəliyi olan qanunvericilik icra və məhkəmə hakimiyyət sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin, müvəkkil heç bir siyasi partiyanın da üzvü ola bilməz. Əgər sadaladığım vəzifələr varsa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir”.

Şəymən