“Elmlər Akademiyası”nın əsas giriş-çıxışı bu gün açılmalıdır

Nəsimi Paşayev: “Təmirdə əsas məqsəd 3 eskalatorun dəyişdirilməsi olub”



"Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası” stansiyasının əsas giriş-çıxışı bu gün - sentyabrın 15-də sərnişinlərin istifadəsinə verilməlidir.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "Şərq”ə verdiyi məlumata görə, stansiyanın aprel ayının 15-dən etibarən təmirə bağlanmış birinci vestibülündə işlər artıq yekunlaşıb:

- Hazırda orada təmizlik işləri aparılır. İşlər tam yekunlaşıb. Sentyabrın 15-də stansiyanın əsas giriş-çıxışı (Hüseyn Cavid prospekti və parkına baxan tərəf) açılmalıdır. Hansısa bir problem yaranmasa əsas giriş artıq səhər saat 06:00-dan açılmış olacaq.

N.Paşayev qeyd etdi ki, stansiyanın əsas giriş-çıxışının təmirində məqsəd istifadə müddəti bitmiş "ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi olub. Eyni zamanda vestibüldə də təmir işləri aparılmalı idi. Birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi. Ancaq qış qrafikinə keçid və sərnişin sıxlığı nəzərə alınaraq stansiyanın əsas girişinin sentyabrın 15-də istifadəyə verilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

Xatırladaq ki, əsas girişdə təmir işləri aparılan müddətdə sərnişinlər stansiyanın II vestibülünün (BDU tərəf) giriş-çıxışından istifadə ediblər.

Məlahət