“ELS”-in vaxtı yoxdur

Müstəqil Araşdırmalar Mərkəzi Ağdaşda exit-poll keçirməyəcək



İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçiriləcək. Seçki kampaniyasının yekunlaşmasına az zaman qalıb. Seçkilərdə 7 namizəd öz gücünü sınayacaq.

İlkin müşahidələr əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov arasında getdiyini göstərir. Seçkilər bir çox beynəlxalq və yerli müşahidəçilər tərəfindən izləniləcək. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Avropa Şurasından 5 müşahidəçi seçkini izləmək üçün quruma müraciət ünvanlayıb. Eyni zamanda prosesi izləmək istəyən AŞ PA nümayəndələri də MSK-ya müraciət ediblər. Lakin hələlik görünən odur ki, seçki günü exit-poll keçirmək istəyənlər yoxdur. "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova "Şərq”ə verdiyi açıqlamada Ağdaş 90 saylı Seçki Dairəsində exit-poll keçirməyəcəklərini söyləyib. İ.Yaqubova bunun səbəbini də açıqlayıb: "Son aylar başqa işlərimiz olduğu üçün seçkidə exit-poll təşkil etmək üçün hazırlıq görə bilmədik. Artıq bunun üçün yetərli zaman qalmayıb. Nəzərə almaq lazımdır ki, exit-poll üçün xeyli əvvəldən ciddi hazırlıq görmək lazımdır. Bizim üçün seçki dairəsinin az və ya çox olmasının fərqi yoxdur. Əslində çox istəyərdik ki, Ağdaşda seçki günü sorğu keçirək. Məncə, maraqlı olardı. Ancaq əfsuslar olsun ki, vaxt məhdudiyyətindən bunu həyata keçirə bilmədik”.

İsmayıl