Elşad Həmidovdan ittihamlara cavab: "Pərviz Deystani yalan danışır"






Bu günlərdə "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” nin(İQAK) aparat rəhbəri və həmtəsisçisi Deystani Pərviz İsa oğlu redaksiyamıza müraciət edərək hazırda özünü komitənin sədri kimi təqdim edən Elşad Həmidovdan şikayətçi olduğunu bildirib. O, E. Həmidov və onun mətbuat katibi Telman Mirzəyevi saxtakarlıqla ittiham edib.

Şikayətçi həmçinin bildirib ki, sözügedən komitənin rəsmi sədri o olsa da, Elşad Həmidov adlı şəxs özünü sədr kimi təqdim edir:

"E.Həmidov qurumun keçmiş sədri Elçin Behbudovun zamanında onun sürücüsü vəzifəsində çalışıb. E.Behbudov rəhmətə gedəndən sonra isə özünü İQAK-ın sədri elan edən bu şəxs mətbuatda da belə təqdim olunub. E. Həmidov və T. Mirzəyev metronun Memar Əcəmi stansiyası yaxınlığında Cavadxan küçəsi 17 ünvanında yerləşən "Xəzər Dizayn” firmasında İQAK-a məxsus möhürü skan etdirərək komitə üzvlərinə saxta vəsiqələr paylayıblar. Dəfələrlə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşları tərəfindən xəbərdarlıq edilsə də, E.Həmidov özünüreklam xarakterli videoçarxlar hazırlayıb, internet portallarında, televiziyada yayımlanmasına nail olub. Bu saxta sədrin komitənin adından istifadə edərək həyata keçirdiyi tədbirlər, bəyanatlar mütəmadi olaraq mediada nümayiş olunur. Biz artıq bununla bağlı müxtəlif rəsmi orqanlara şikayət ünvanlamışıq”.

Məsələyə sərt reaksiya verən E.Həmidov redaksiyamızla əlaqə saxlayaraq ona qarşı yönələn ittihamların həqiqəti əks etdirmədiyini söyləyib. 

Onun sözlərinə görə, P.Deystaninin söylədikləri böhtandır və bütün şikayətlər əsassızdır:

"2009-cu ildə E.Behbudov onu işdən qovub. P.Deystani yoldan keçənin biridir. O, yalan danışır. Daxili İşlər Nazirliyindən ona işdən qovulması ilə bağlı rəsmi sənəd də göstərildi. Saxta möhürü oğurlayıb qaçmışdı, DİN-də axtarışdadır və işi 19-cu polis bölməsindədi. O, insan saxtakardır.

Onun söylədiyi bütün sözlər yalandı. Heç vaxt sürücü vəzifəsində çalışmamışam. Mənim iki diplomum var. İki diplomu olan adam necə sürücü kimi çalışa bilər axı. 2005-ci ilin mart ayından E.Behbudovun dəvəti ilə komitəyə cəlb olunmuşam. Hər kəs məni tanıyır. Bütün qocalar evi və əlil insanların yaşadığı yerlərdə, cəzaçəkmə müəssələrində monitorinqlər keçirmişik. Biz insan hüquqlarının müdafiəsi ilə məşğuluq”.

E.Həmidov onu da vurğulayıb ki, onun komitə sədrliyinə gəlməsi ilə bağlı seçkilər keçirilib və məhz o sədr kimi seçilib: 

"Komitənin bütün işçiləri sədr kimi məni seçdilər. Bizim çox böyük tədbirlərimiz baş tutdu. Həmin tədbirlərdə tanınmış insanlar iştirak etdilər.


Yeganə Bayramova