Elşad Qocanın "Azərbaycan Kəşfiyyatı və əks-kəşfiyyatı" adlı kitabı işıq üzü görüb

Tədqiqatçı-jurnalist, tərcüməçi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Elşad Qocanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Kəşfiyyatı və əks-kəşfiyyatı"adlı kitabı işıq üzü görüb. 
"Sherg.az" xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində çap olunmuş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Rus və ingilis dillərinə tərcümə edən isə Şahin Rzayevdir. Qısa məlumat xarakteri daşıyan kitabda Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) kəşfiyyat və əks-kəşfiyyat orqanlarının təşkili, fəaliyyəti və burada çalışmış fədakar insanların taleyi yeni və çoxsaylı arxiv materialları əsasında araşdırılıb. 
Bildirilib ki, Cümhuriyyətin qurulmasından sonra xüsusi xidmət orqanlarının formalaşmasına, daxili və xarici kəşfiyyatın yaradılmasına ciddi önəm verilib. Kitabda əksinqilabla mübarizə təşkilatının fəaliyyətindən, Məmmədbağır Şeyxzamanov, Nağı bəy Şeyxzamanov, Mahmud bəy Səfikürdski və başqa dövlət xadimləri haqqında maraqlı məlumatlar əksini tapıb. Məlumat üçün bildirək ki, kitabın müəllifi Elşad Qoca uzun illərdir ölkə mətbuatında bədii, elmi-publisist yazılarla çıxış edir. O, eyni zamanda istiqlal tarizimizin, xüsusən də kəşfiyyat və əks-kəşfiyyat orqanlarının fəaliyyəti barədə çoxsaylı araşdırmaların, tərcümələrin və kitabların müəllifidir. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının tarixindən və heç bir peşə hazırlığı olmadan az müddətdə böyük işlər görən şəxsiyyətlərin taleyindən bəhs edən qısa məlumat kitabı müəllifin səkkizinci əsəridir.