Lalə Mehralı: “Məncə, dəyişikliklər yalnız övladını təkbaşına böyüdənlərə deyil, ümumilikdə valideynlərə - anaya da, ataya da şamil edilməlidir”
Əmək haqları tam veriləcək
Körpəsini təkbaşına böyüdən ana həftədə 36 saat işləyəcək
Lalə Mehralı: “Məncə, dəyişikliklər yalnız övladını təkbaşına böyüdənlərə deyil, ümumilikdə valideynlərə - anaya da, ataya da şamil edilməlidir”
Lalə Mehralı: “Məncə, dəyişikliklər yalnız övladını təkbaşına böyüdənlərə deyil, ümumilikdə valideynlərə - anaya da, ataya da şamil edilməlidir”
Körpəsini təkbaşına böyüdən analara iş saatı ilə bağlı güzəştlər tətbiq ediləcək. Bununla əlaqədar Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur. Milli Məclisin ötən iclasında həmin təkliflər səsləndirilib. Məlum olub ki, dəyişikliklərə əsasən 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı rejimi şamil ediləcək. Hazırda qısaldılmış iş rejimi 16 yaşı tamam olmamışlara, 16-18 yaş arası işçilərə, həmçinin hamilə qadınlara və yaş yarımlıq körpəsi olan qadınlara şamil edilir. Qısaldılmış iş vaxtı rejimi həftədə 36 saatdan artıq deyil.
Əmək Məcəlləsinə dəyişiklik qəbul olunacağı təqdirdə həftədə 36 saatlıq iş rejimi güzəştindən 3 yaşınadək körpəsini təkbaşına böyüdən valideynlər də istifadə edə biləcəklər. Ən əsası isə bu zaman əmək haqqı bütöv saxlanacaq, yəni əmək haqları kəsilməyəcək. Qeyd edilib ki, bu dəyişikliklər uşağa qulluqla bağlı problemlərin qismən də olsa həll edilməsi məqsədi daşıyır.
Millət vəkili Fazil Mustafa isə bu güzəştlərin 6 yaşlı övladı olan valideynlərə şamil olunmasını təklif edib. F.Mustafa təklifini bununla əsaslandırıb ki, hazırda ölkədə uşaq bağçası problemi mövcuddur. Bir sıra hallarda valideynlər uşaqlarını bağçaya qoya bilmir. Bəzən bağça çatışmazlığından, bəzən də ödəniş etmək imkanında olmadıqlarından. Lakin millət vəkilinin təklifi müsbət qarşılanmayıb. Vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, hələlik dövlətin imkanı buna çatır. Güzəştlərin məktəbəqədər yaşlı uşağı olan valideynlərə şamil edilməsi dövlət büdcəsinə zərər vura bilər.
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı Əmək Məcəlləsinə təklif olunan yenilikləri müsbət adlandırdı, lakin bəzi amillərə diqqət edilməsi zərurətini də vurğuladı:
- Güzəştlər normaldır, dəyişikliklər edilməsi də çox yaxşı addımdır. Ancaq bir sıra nüanslar var. Məncə, dəyişikliklər yalnız övladını təkbaşına böyüdənlərə deyil, ümumilikdə valideynlərə - anaya da, ataya da şamil edilməlidir. Çünki çox zaman ailədə ana da, ata da işləyir. Uşağı isə etibar etməyə kimsələri olmur. Əgər elə bir vəziyyət yaranırsa ki, uşağı bağçaya da qoymaq mümkün olmur, bu zaman uşaq faktiki ortalıqda qalır. Belədə valideynlərdən hansısa işdən
ayrılmaq, yaxud iş saatını qısaltmaq məcburiyyətində qalır və bu da ailə büdcəsinə zərbə vurur. Mən özüm belə bir halla qarşılaşmışam. Həyat yoldaşım da, mən də işləyirdim, övladımız isə səhər saat 9-dan, axşam 7-yə qədər bağçada qalırdı. Sonra qərara gəldim ki, övladımın sağlamlığı hər şeydən önəmlidir və işdən ayrılıb övladıma özüm qulluq etməyə başladım. Amma bu, təbii ki, ailəmizin maddi durumuna təsir etdi. Bilirsiz, axı bütün ailələr eyni durumda deyil. Eləsi var, ata da, ana da işləməyə məcburdur. Kirayədə qalırlar, birinin əmək haqqını kirayəyə ödəyirlər, digərinki ilə dolanışıqlarını təmin edirlər. Uşaq bağçaları ilə bağlı mövcud vəziyyəti nəzərə alanda, uşaqlar faktiki baxımsız qalır. Hamıya məlumdur ki, hazırda paytaxtda uşaq bağçası çatışmazlığı var, müraciət edənlərə "yerimiz yoxdur” deyilir. Bəs valideyn neyləsin? Uşağı kimə tapşırsın? Hər kəs bu məsələdə nənə-baba kimi valideynlərinin köməyindən yararlana bilmir axı. Şərait və imkanlar fərqlidir. Ona görə də yaxşı olardı ki, iş rejimi ilə bağlı güzəştlər ümumilikdə valideynlərə şamil edilsin və bu məsələdə ayrı-seçkilik olmasın.
L.Mehralı dəyişikliklərə nə dərəcədə əməl ediləcəyinin də sual altında olduğunu dedi:
- Əlbəttə, bu dəyişikliklərdən dövlət müəssisələrində çalışanlar yararlanacaq, bəs özəl sektor. Sirr deyil ki, özəl sektorda bəzən işçilərlə heç əmək müqaviləsi də imzalanmır. Demirəm, bütün özəl sektor belədir. Amma vergidən yayınmaq məqsədilə işçi sayını gizlədən, əməkdaşlar bir sıra güzəştlərdən yararlanmasın deyə əmək müqaviləsi bağlamayan müəssisə və təşkilatlar da az deyil. Elə müəssisələr var ki, Əmək qanunvericiliyini kobud şəkildə pozaraq hamilə qadını işdən azad edirlər. Kimisi hamilə qadının görüntüsünü bəhanə edir, kimisi iş əmsalının aşağı düşməsini. Hətta doğuşdan sonra qadını işinə qaytarmayanlar da var. Bu dəyişikliklərdən özəl sektorda da keçərli olsun deyə böyük və güclü nəzarət lazımdır. Hətta dəyişikliklərə özəl sektorda əməl edilsə də, bunun əmək haqqına təsir etməyəcəyi inandırıcı görünmür. Qısaldılmış iş rejimi ilə çalışan qadının əmək haqqısı, çox güman ki, kəsiləcək.
L.Mehralı azyaşlı övladı olan valideynlər üçün iş yerlərində uşaq bağçası və körpələr evi yaradılması, həmçinin uşaq otaqları təşkil edilməsinin vacibliyini önə çəkdi:
- Əvvəllər iri müəssisələrin uşaq bağçaları, körpələr evləri olurdu. İşçilər övladlarını bu uşaq bağçaları və körpələr evinə həvalə edirdilər. Deyək ki, bu hər zaman mümkün deyilsə, iş yerlərində uşaq otaqları yaratmaq çətin deyil, məncə. Belədə, valideyn övladından arxayın olar, bilər ki, nəzarət altındadır. Ümumiyyətlə, körpəsi, azyaşlı uşağı olan valideynlərin güzəştli şərtlərdən maksimum yararlanmasına çalışmaq lazımdır. Heç bir normal ana bilərəkdən körpəsini atıb işə getməz. Əgər buna ananı maddi sıxıntı məcbur edirsə, ananın vaxtının böyük qismini körpəsinə həsr etməsi təmin olunmalıdır. Çünki körpələrimiz məhz analar işləyir deyə, ən ülvi, müqəddəs və sağlıqlı qida - ana südündən məhrum olurlar. Körpəsi olan analara elə bir şərait yaradılmalıdır ki, yarım gün işləsin, evə qayıtsın və körpəsini əmizdirsin. Səhv etmirəmsə, bizdə analıq məzuniyyəti 156 gündür. Bu müddətdə anaya deyək ki, əmək haqqı tam ödənir. Amma 156 gündən sonra əmək haqqı ya qismən, ya da heç ödənmir. Ana da məcbur olur, işə çıxır, körpə isə süddən məhrum olur. Südverən analar, azyaşlı uşağı olanlara, fərqi yoxdur, ata, yaxud ana, mütləq maksimum güzəştlər tətbiq edilməlidir. Məncə, bununla dövlətimiz kasıblamaz, əvəzində sağlam nəsil yetişər.
Məlahət Rzayeva