Xatirə, Lamiyə və Yeganə Nahid Emiloğlunun vaxtsız ölümünə kədərlənib
Əməliyyatdan sonra siqaret çəkirdi...
"Deyirdi harda qırılar-qırılar"
Xatirə, Lamiyə və Yeganə Nahid Emiloğlunun vaxtsız ölümünə kədərlənib
Xatirə, Lamiyə və Yeganə Nahid Emiloğlunun vaxtsız ölümünə kədərlənib
Həyat şirin olduğu qədər də qısadır. Ölümün nə zaman qapını döyəcəyini bilmirsən. Bəzən zamansız, bəzən də gözlənilməz olur ölümün gəlişi.
Azərbaycanın ən məşhur konsert təşkilatçılarından olan Nahid Emiloğlu da gözlənilmədən həyatla vidalaşdı. Ölüm onu da hazırlıqsız yaxaladı. Nahid Emiloğlu ürək çatışmazlığı səbəbiylə bir neçə gün öncə yerləşdirildiyi xəstəxanada canını tapşırıb.
Qeyd edək ki, bir sıra dünya məşhurlarını Azərbaycana gətirmiş 42 yaşlı N.Emiloğlu Kürdəmir rayonunda dəfn edilib.
Tanınmış konsert təşkilatçısı Azərbaycanın və bir çox türk sənətçilərinin Azərbaycanda konsertlərini təşkil etməklə tanınmışdı. Öz sahəsində rəqiblərindən uğurlu layihələri ilə seçilirdi. Elə insanlığı barədə də tanınmışlar xoş fikirlər dilə gətirdilər.
Müğənni Xatirə İslam dünyasını dəyişən Nahid Emiloğlu barədə ürəkağrısı ilə, göz yaşı tökərək danışdı. Məlumat üçün onu da qeyd edək ki, Nahid Emiloğlu prodüser kimi ilk dəfə Xatirə İslamla çalışmağa başlayıb. Onların uzun illərə dayanan dostluqları olub: «Dünən eşidəndə inana bilmədim. Düzünü desəm, eşidəndə elə bildim yalandı, mənimlə zarafat edirlər. Bir ortaq dostumuz var mənə yazdı, elə düşündüm ki, zarafat edir. Sonra and verdirdim, dedim Xatirə canı düz deyirsən, and içdi. İnanın əlim-ayağım qırıldı. Elə bil başıma qaynar su tökdülər. Nahidlə uzun illərə köklənən dostluğumuz var idi. Düzdü, son vaxtlar onun da, mənim də başımız qarışıq olurdu deyə görüşə bilmirdik. Mən bilməmişəm ki, o belə ciddi xəstədir. Bilsəydim, gedib baş çəkərdim. Dedilər xəstədir, elə ciddi olduğunu ağlıma gətirmədim.
Elə bildim, adi narahatlıqlardan biridir. Hamımız anamız, atamız xəstə olanda qaçıb həkimə üz tuturuq, müalicə olur, keçir gedir. Nə biləydim belə ağırdı vəziyyəti? Özümü bağışlaya bilmirəm. Niyə onun xəstəliyindən xəbərim olmayıb? Niyə onu gedib son dəfə görə bilmədim? Niyə ona baş çəkmədim. Dünəndən özümə yer tapa bilmirəm. Özüm-özümü bağışlamıram ki, gərək gedəydim. Allah Nahidə rəhmət eləsin, çox gözəl insan idi. Həqiqətən yaxşı oğul idi. Mən hələ müğənni olmamışdan əvvəl Nahidi tanımışam. Yəni müğənni olarkən tanıdığım insan olmayıb. Prodüser kimi də ilk mənimlə işləməyə başladı. Sonra işləri çox oldu. Bir gün gəlib mənə dedi ki, Rəqsanə adlı təzə müğənni var, onun yaxın dostu xahiş edib, kömək edim. Nə məsləhət edirsən? Dedim, əgər qazancın varsa, Allah xeyrini versin, get işlə. Sonralar Yeganə ilə də işləməyə başladı. Yəni biz ailəcə dost olmuşuq. Pis səslənməsin, evimdə tonla çörək kəsib. Anam qabağına çörək qoyub. Ailəmin içində olan qardaş idi, ona görə pis oluram. Ölümündən iki gün öncə də mənə zəng vurmuşdu. Dedi ki, səndən incimişəm, ayıb olsun, niyə məni konsertinə dəvət etməmisən. Zarafat da etdim ki, nə bilim, sənin səbrin var konsertdə oturasan. Sonra da dedi ki, neyləyək? Bəlkə səninlə bir konsert təşkil edək. Dedim əla fikirdi. Dedi 8 Mart Qadınlar bayramına salaq konserti. Dedim yox, bu çox gec oldu. Gəl yeni ildə edək. O da razılaşdı, dedi iki günə görüşək, ətraflı danışaq. Heyif ki, qismət olmadı. Allah qəni-qəni rəhmət eləsin. Gözəl dost idi, yaxşı qardaş idi, ürəyi çox təmiz idi. Allah ailəsinə, balalarına səbr versin».
Tanınmış teleaparıcı Lamiyə Ələkbərova mərhum prodüserlə bağlı ürəksızladan xatirələrini paylaşdı:
"Heç inana bilmədim. Nahidi mən 20 ildir tanıyırdım. Onun ilk iş yeri Azərbaycan Televiziyası olub. O bizim redaksiyaya rejissor assistenti kimi gəlmişdi. Nahid çox çalışqan oğlan idi. Və mənim yanımda, mənim bir çox verilişlərimdə mənim assisentim kimi çalışıb, rejissor olmaq istəyirdi. Amma hər zaman deyirdi ki, gün olacaq, çox tanınmış prodüser olacağam. Bəli, gün oldu və çox tanındı, amma nə yazıq ki, yaşamadı. Arzuları ürəyində qaldı, əziz dostum balalarını böyüdə bilmədi, aramızdan tez getdi. Göz yaşlarımı saxlaya bilmirəm. Mənim çalışqan, əziyyətlərə dözən və dostluğa sadiq dostum, Allah rəhmət eləsin".
Müğənni Yeganə də Nahid Emiloğlunun vaxtsız ölümündən sarsıldığını dilə gətirdi: «Dünəndən bu xəbərin şokundayam. Nitqim tutulub. Həqiqətən elə ölümlər var ki, onlar insanı sarsıdır. Həyatımızda elə insanlar var ki, onların itkisi ağırdan da ağır gəlir. Çox vaxtsız ayrıldı bizdən. Ölüm onun cavanlığına yaraşmırdı. Biz uzun illərin dostu idik. Mən sənətə gələndə mənə dəstək olan insanlardan olub. Bir çox müğənnilərlə işləyib, dostluğu olub. Amma mənim qədər heç kimlə yaxın dost olmayıb bəlkə. Sirlərini mənimlə rahat bölüşə bilirdi. Bəlkə evində demədiyi dərdini mənə danışırdı, deyirdi sən kişi kimi dostsan. Xəstəxanada yatanda yanına getdim, baş çəkdim. Əməliyyat olunmuşdu deyə siqaret çəkməyə qadağa qoyulmuşdu. Amma çəkirdi. Dedim Nahid, çəkmə, sənə ziyandı. Dedi, nə olar olar, harda qırılar-qırılar. Amma ölümdən qorxurdu. Kimsə rəhmətə gedirdi, yığıb deyirdi ki, filankəs dünyasını dəyişib pis olurdu, tez söhbəti dəyişirdi ki, ölümdən danışmasınlar. Amma öləcəyini düşünmürdü. Yəni xəstəxanada olanda da danışırdım, həyata bağlı insan idi. Gözəl qəlbə sahib idi. Allah yerini cənnətlik etsin».
Tahirə Məmmədqızı