"Enerji içkilərinin tərkibində narkotik mənşəli maddələr var" - Cinayət





"Ölkəmizdə insanlarda asılılıq yaradan qidalar və içkilər çox satılır”.

Bu barədə "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu bildirib.

 O diqqətə çatdırıb ki, enerji içkilərinin tərkibində narkotik mənşəli maddələr var:

"Bu içkilərin hazırlanması, satışa buraxılması, insanlara təsir edərək əsarət almağın bir formasıdır. Əslində insanlığa qarşı cinayətdir. Qida təhlükəsizliyi üçün belə tərkibli qidaların olması ciddi risk yaradır.

Dövlət ərzaq təhlükəsizliyi proqramının vacibliyini anlamalıdır. İnsanlar bu cür qidalardan, içkilərdən uzaq olmadığı müddətdə Azərbaycan xalqının genefondu təhlükə qarşısındadır. Çünki belə qidalar psixi və fizioloji problemlərin, müxtəlif xəstəliklərin təməlidir.

Qida və ərzaq təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır. Bura qidalarla yanaşı digər vasitələr, mədəniyyət nümunələri, kitablar, geyimlər və s. də daxil edilməlidir. Bəzi geyimlər var, onların istehsalında məqsəd insanların şüuruna, psixologiyasına təsir etməkdir. Məsələn, bizdə qara rəng matəmin əlaməti kimi göstərilir. Kimsə qara geyinəndə qeyri-ixtiyari soruşurlar: "nə olub, yas düşüb?” Ona görə, buna uyğun paltarlar istehsal edirlər ki, geyinənlərin psixologiyasına mənfi təsir etsin. Bütün bunları nəzərə alıb, ziyanlı məhsulların satışını məhdudlaşdırmaq olar”.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti haqqında danışıb. Deputat bildirib ki, xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən istifadə etməsi məsələni daha da aktuallaşdırır.

Aysel Aslan