
Ər və arvadın intiharı böyük dərsdir
"İnsanlar ailə qurarkən xəyallar da qururlar. Amma real ailə həyatı xəyallarla uzlaşmır""Bu zaman da insanlarda peşmanlıq hissi yaranır. Reallığı dərk etmək qabiliyyəti zəif olan insanlar bədbinliyə qapılır, özlərini bədbəxt hesab edirlər"
Quba rayonunda ər və arvadın intiharıyla bağlı müəmma aradan qalxmayıb. Diqqət çəkən məqam budur ki, ər və arvadın intiharın arası cəmi 5 gün çəkib. Hadisə Quba rayonunun Susayqışlaq kəndində baş verib. Əvvəlcə kənd sakini, 1969-cu il təvəllüdlü Səməd Bədirxanov yaşadığı evin həyətindəki talvardan özünü asıb. Həyat yoldaşının ölümündən 5 gün keçmiş 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı da tövlədə özünü asaraq öldürüb. Qeyd edilir ki, həyat yoldaşının ölümündən sonra qadın psixoloji sarsıntı keçirirmiş. Ailədə ciddi problemlər olduğu da deyilir. Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Qadını həyat yoldaşının ardınca intihara nə sövq edə bilər? Psixoloqlar bir neçə amil və səbəb üzərində dayanırlar. Səbəblər arasında sosial problemlər, maddi sıxıntı, ailədə anlaşılmazlıq, biri-birini anlamamaq kimi ilk baxışda kiçik, lakin həllini tapmadıqca ailə daxilində dərin çatlara gətirib çıxaran amillər göstərilir.
Psixoloq Fərqanə Mehmanqızı isə «Şərq»ə açıqlamasında diqqəti «90-cı illər sindromu»na yönəltdi:

- 1960-cı və 70-ci illərdə illərdə doğulmuş uşaqların yeniyetməlik və gənclik illəri ölkənin ictimai-siyasi təlatümlərlə çırpındığı dövrə təsadüf edir. Hamımız bilirik ki, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlləri Azərbaycanın sonrakı taleyini həll edəcək siyasi proseslər dövrü idi, ölkədə ciddi siyasi böhran yaşanırdı, ictimai təlatümlər insanları təsir altına alırdı. Ermənilərin Qarabağ torpaqlarına iddiası, torpaqlarımızın işğalı, qaçqınlar, köçkünlər dalğası, 70 illik sovet imperiyası zamanı oturuşmuş ehkamların dağılması prosesi gedirdi. 60 və 70-ci illərin uşaqları məhz belə xaotik bir dövrdə yeniyetmə və gənclik dövrünü yaşayırdı. Bax o zaman səpilən toxumlar 20 ildən sonra özünü göstərməyə başladı. Bəzən, 1980-90-cı illərin gəncliyini «itirilmiş gənclik» adlandırırlar, hardasa bu ifadə özünü doğruldur. İnsan öz mühitinin məhsuludur. 1990-cı illərdə şəxsiyyəti formalaşmağa başlamış gənclik üçün həmin dövr çox ağır olub. Azadlıq anlayışları düzgün formalaşmayıb, özünə inam yaranmayıb. Cəmiyyətdəki ümumi çalxalanmalar gənclərin özlərini təsdiqinə mənfi təsir edib. Həyatda yerini tapa bilməyənlər, xarakteri formalaşmayanlar çox olub. Biz o illərin mənfi təsirini indiki ailələrin həyatında görürük. İntihara gətirib çıxaran faktorlar çoxdur, amma bütün intiharlar bir ana xətt üzrə gedir - şəxsiyyətin formalaşmaması. Şəxsiyyət formalaşmayıbsa, insan ailədəki çətinliklərə də dözə bilmir, kiçik bir sarsıntını böyük bir faciə kimi qəbul edir və çarpışmaq, mübarizə aparmaq əvəzinə həyatla vidalaşmağı üstün tutur. Ailə institutlarının dağılması da belə faciələrin sayının artmasına gətirib çıxarır.
F.Mehmanqızı bildirdi ki, insanlardakı aqressivliyin bir səbəbi də mənəvi aclıqdır:
- İnsanlar ailə qurarkən xəyallar da qururlar. Amma real ailə həyatı xəyallarla uzlaşmır. Bu zaman da insanlarda peşmanlıq hissi yaranır. Reallığı dərk etmək qabiliyyəti zəif olan insanlar bədbinliyə qapılır, özlərini bədbəxt hesab edirlər. Xoşbəxtlik formulunu axtarmağa başlayır, lakin sərrast düşüncə tərzinə malik olmadıqlarından onu tapa bilmir və həyatlarını «cəhənnəm» hesab edirlər. Bu da insanları həyatla vidalaşmağa itələyir. Mən bunu mənəvi aclıq adlandırıram. Mənən zəngin insanlar adətən bədbinliyə qapılmır, reallığı olduğu kimi qəbul edir, həyatlarının, yaşayışlarının daha yaxşı, gözəl olması üçün çalışırlar.
Psixoloq hazırkı uşaqların gələcəkdə psixoloji problem yaşaya biləcəyinə də diqqət çəkdi:
- Hazırda valideynlər uşaqlara həddindən artıq həssas yanaşır, daim nəzarət altında saxlayırlar. Mobil telefonlar daim uşaqları təqib edir, hətta kameralarla övladlarının hərəkətlərini izləyən valideynlər var. Bu uşaqlar artıq nəzarətə alışıb. Bir neçə ildən sonra onlar gənclik çağlarında nəzarətsiz qala bilməyəcəklər. Sərbəst qərar qəbul etmək bacarığında olmayacaqlar. Bugünkü uşaqların da azadlıq, sərbəstlik anlayışları düzgün formalaşmayacaq. Sərbəst addım ata bilməyəcəklər. Və bu da mümkün bir təhlükədir. Bu gedişlə biz uşaqlarımızı da itirə bilərik. Psixoloji cəhətdən güclü hazırlanmalıdırlar ki, sabah hər hansı çətinliyə dözə bilsinlər, çətinlik önündə qaçmasınlar, əksinə, mübarizə apara bilsinlər.
Məlahət Rzayeva