"Ərazilərimizdə hərbi təlim keçirənlər Ermənistanın havadarlarıdır" - Qarabağ qazisi




"Ermənistanın irimiqyaslı təlimlər keçirməsi üçün böyük ordusu yoxdur”.

Bunu "Sherg.az”a düşmən ölkənin işğal olunmuş ərazilərimizdə təlimlər keçirməsi haqqında danışarkən Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev deyib. 

O diqqətə çatdırıb ki, əslində işğal olunmuş ərazilərimizdə hərbi təlim keçirən Ermənistanın havadarlarıdır:

"Bu ölkələr Ermənistanın ayaqda durduğunu göstərməyə çalışır. Hazırda düşmən ölkədə siyasi vəziyyət gərgindir, əhali küçələrə axışıb, etiraz aksiyaları keçirir. Bu məqamda işğal olunmuş torpaqlarımızda təlim keçirməklə bir növ Azərbaycana mesaj verməyə çalışırlar.

Ermənistanda ordu da siyasətə qarışıb, anarxiya baş alıb gedir. Hətta ordu hakimiyyət iddiası olan, ölkəni qarışdıran qüvvələrin arxasında dayanır. İşğal olunmuş ərazilərdə təlim keçirməyin bir məqsədi də diqqəti etirazlardan yayındırmaqdır. 

Halbuki Ermənistan heç vaxt Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməz. Aprel döyüşlərində biz öz gücümüzü göstərdik. İnanmıram ki, bu zərbədən sonra ermənilər hücum əməliyyatı keçirməyə risk etsin".

N.Mehdiyev onu da əlavə edib ki, bu təlimlər keçirilən ərəfədə Azərbaycan ordusu  istənilən təxribatın qarşısını almaq üçün hazır vəziyyətdə dayanır:

"Xüsusilə, cəbhə xəttində əsgərlərimiz, gizir və zabitlərimiz döyüşə hər zaman hazırdır. Onlara dəstək olacaq, peşəkar xüsusi təyinatlılarımız da istənilən təxribatın qarşısını ala bilər.

Ermənistanda nə güclü ordu, nə müasir hərbi texnika, nə də peşəkar hərbçilər var. Belə olduğu halda, hərbi təlimlər necə irimiqyaslı ola bilər? Aydın görünür ki, düşmənin arxasında duran qüvvələr bu təlimləri təşkil edib. Ona görə, təlimlər formal xarakter daşıyır”.

Aysel Aslan