Ərdoğan milli siyasət yürüdür

MHP-nin prezident seçkilərində onu dəstəkləyəcəyi təsadüfi deyil
AKP-nin yürütdüyü siyasət millətçilərin xətti ilə eynilik təşkil edir



"Millətçi Hərəkat Partiyası 2019-cu ildə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək”. Bu sözləri MHP sədri Dövlət Baxçalı deyib. Baxçalı bildirib ki, MHP "Yenikapı” ruhuna sadiqdir. Əgər Ərdoğan namizəd olmaq istəməzsə, ittifaq halında seçkiyə getmək razılığı olmazsa, o halda MHP özü seçkiyə qatılacaq”.

Partiya lideri sabiq prezident Abdullah Gül barədə yayılan söz-söhbətə də münasibət bildirib: "Abdullah Gül AKP-də xüsusi və mühüm yeri olan bir şəxsiyyətdir. Amma indiki şəraitdə səhv etməməsində fayda var. "Namizədəm” deyə ortaya çıxması izah edilə biləcək bir vəziyyət deyil. Sağın-solun oyununa gəlməməsi lazımdır”. Türkiyənin baş nazirinin müavini, AKP-nin tanınmış simalarından olan Bəkir Bozdağ MHP liderinin açıqlamalarının məmnuniyyətverici olduğunu deyib. Bozdağın sözlərinə görə, Baxçalı türk siyasətində sayılıb-seçilən bir lider, dürüst siyasətçidir: "İkili oynamayan isimdir. Necə varsa, o cürdür. Fikirlərini "net” bir şəkildə ifadə edən liderdir. MHP 2019-cu il seçimlərində prezidentliyə namizəd irəli sürməyəcəyini açıqca ifadə etdi. Bu, MHP-nin şəxsi qərarıdır və buna hörmət edirik”. Xatırladaq ki, Baxçalının mövqeyi CHP və digər müxalif güclər tərəfindən tənqidlə qarşılanıb. 

Onlar MHP liderini "iqtidara güzəştə getməkdə” ittiham ediblər.

Türkiyədəki prosesləri "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Dövlət Baxçalının açıqlamasına və qərarına mənfi reaksiya vermək, bunun üzərində təbliğat qurmaq Türkiyə dövlətinin maraqlarına xidmət etmir. Ekspertin sözlərinə görə, cəmiyyətdə yanlış fikir formalaşdırmaqla MHP-ni tamamilə zərərsizləşdirmək və seçkiyə qədərki prosesdən kənarda saxlamaq istəyirlər: 

"MHP-nin indiki şəraitdə iqtidar partiyası olan AKP-yə dəstək verməsi həm parlament, həm də prezident seçkilərində həyati əhəmiyyət daşıyır. Bir sıra strateji qanunların Məclisdən keçməsi üçün sadəcə iqtidar partiyasının səsləri yetərli deyil. MHP-nin dəstəyi həmin qanunların asanlıqla qəbul olunmasına şərait yaradır.

Baxçalının Ərdoğana verdiyi dəstək seçkidə həlledici rol oynayacaq. Hazırda Ərdoğan başda olmaqla AKP-nin yürütdüyü siyasət millətçilərin xətti ilə eynilik təşkil edir. Ərdoğan milli siyasət yürüdür. Dünənə qədər Türkiyə öz daxilinə sıxışdırılmış bir ölkə idi. Lakin bu gün sərhədlərinə sığmayan regional və qlobal oyunçuya çevrilib. Yaxın Şərqdə Türkiyəsiz söz söyləmək mümkün deyil. Bunu görməmək Türkiyəyə düşmən olmaq deməkdir. Milliyətçi Hərəkat Partiyası da hər zaman bu cür siyasət yeritmək istəyib. 

O baxımdan MHP-nin AKP-yə dəstək verməsini tənqid edənlər tarixi və siyasi reallığı bilməyənlərdir. Digər tərəfdən Ərdoğanın seçilmək şansının yüksək olduğu bir dövrdə MHP-nin bu seçiminin özü strateji baxımdan çox doğrudur. Burada söhbət şəxslərdən yox, ölkənin milli maraqlarından gedir”.

İsmayıl Qocayev