Ərdoğan ölkəni tək idarə edəcək

Gələcəkdə Türkiyədəki siyasi sistem bütünlüklə dəyişəcək



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Baş nazir Binəli Yıldırım tərəfindən təqdim olunmuş 65-ci hökumətin tərkibini təsdiqləyib.

Yeni hökumətdə Baş nazir Binəli Yıldırımın müavinləri Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş və Veysi Kaynak olacaq. Türkiyənin yeni hökumətində əvvəlki heyətdən 8 nəfər təmsil olunmayacaq. Davudoğlu kabinetindən digər 4 nazirin vəzifəsi isə dəyişdirilib. Onlar 65-ci hökumətdə fərqli vəzifə tutacaqlar. Kabinə dəyişikliyini "Şərq”ə şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı ciddi müzakirələr gedir. Baş verən proseslər və atılan addımlar da bununla bağlıdır: "Əslində bu məsələ illərdir gündəmdədir. Amma Ərdoğanın prezident seçilməsindən, yəni 2014-cü ildən sonra qəti qərar verildi və faktiki olaraq prezident üsul-idarəsinə keçildi. Ancaq əsas məsələ qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlıdır. Lakin Əhməd Davudoğlunun və onun qurduğu Nazirlər Kabinetindəki bəzi narazı şəxslərin varlığı bu prosesin reallaşmasını əngəlləyirdi. Ona görə də Davudoğlu ilə bərabər hökumətin əvvəlki kabinetindəki bir neçə nazir vəzifədən uzaqlaşdırıldı. Ümumiyyətlə, Ərdoğanın sistemində Baş nazirə ehtiyac yoxdur. Yəni Baş nazir formal olmalı və ölkəni Ərdoğan özü idarə etməlidir. Gələcəkdə isə Türkiyədəki siyasi sistem bütünlüklə dəyişməlidir. Məqsəd budur”.

İsmayıl